Növbəti il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94,6 milyon manat məbləğində nəzərdə tutulur.
Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi 2,3 faiz təşkil edəcək ki, bu da cari ilin səviyyəsinə uyğundur.
Sənədə əsasən, 2026-cı il büdcə kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, həmçinin daxili və xarici borclanma hesabına təmin ediləcək.
Bununla yanaşı, 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında qalan vəsaitlərdən də istifadə olunacaq.