AZ

"Büdcə yalnız maliyyə sənədi deyil, həm də..." - Azər Əmiraslanov

“2026-cı il dövlət büdcəsi zərfi “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanıb və dövlətimizin iqtisadi müstəqillik prinsiplərinə əsaslanır. İqtisadi müstəqillik dövlət suverenliyinin əsas dayaqlarından biridir və büdcə siyasəti bu istiqamətdə strateji rol oynayır”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov səsləndirib.

Komitə sədri bildirib ki, Azərbaycan bütün strateji inkişaf təşəbbüslərini xarici asılılıq olmadan, daxili iqtisadi potensial hesabına reallaşdırıb. Onun sözlərinə görə, bu siyasətin əsasında Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf modeli dayanır və büdcə sənədi də həmin strateji istiqamətlərin maliyyə təminatını formalaşdırır.

Azər Əmiraslanov qeyd edib ki, 2026-cı ildə dövlət büdcəsinin gəlirlərinin 38,6 milyard manat, xərclərinin isə 41,7 milyard manat olması gözlənilir. Büdcə kəsirinin 3,1 milyard manat və ya ÜDM-in 2,15%-i həcmində proqnozlaşdırıldığını vurğulayıb. O, qeyri-neft-qaz sektorunda gözlənilən 5%-lik artımın, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşmə siyasətinin nəticəsi olduğunu qeyd edib: “2026-cı ildə iqtisadiyyatımızda real qeyri-neft sektorunun çəkisi artacaq və bu, milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsinə xidmət edir”.

Komitə sədri həmçinin diqqətə çatdırıb ki, gələn il büdcə xərclərinin 41%-i sosial sahəyə yönəldiləcək və bu, əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinin davamı kimi qiymətləndirilməlidir. Azər Əmiraslanov vurğulayıb ki, büdcə yalnız maliyyə sənədi deyil, həm də siyasi, sosial və iqtisadi prioritetləri müəyyən edən konsepsiyadır: “Dövlət büdcəsi bütün strateji proqramların, iqtisadi inkişaf layihələrinin və sosial öhdəliklərin həyata keçirilməsinin əsas maliyyə təminat mexanizmidir”.

Seçilən
30
1
sia.az

2Mənbələr