AZ

Dəhliz üçün əlini cibinə salmır, qırıcılar alır

Prezidentin Zəngəzur mesajının ardınca diplomatların səfəri həm də rəsmi İrəvanı ciddi düşündürməlidir

Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayında Qazaxıstanda səfərdə olarkən Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret tarix açıqlamışdı ki, əslində bu, daha çox Ermənistana ünvanlanmış ismarış sayıla bilərdi. Prezident Kasım-Jomart Tokayevlə mətbuata açıqlaması zamanı dövlətimizin başçısı bunları bildirmişdi:

“Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.

Hikmət

Hikmət Hacıyev

Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin təşkilatçılığı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri reallaşdı. Prezidentin köməkçisi bildirib ki, budəfəki səfər əsnasında əcnəbi diplomatlar Cəbrayıl və Zəngilan regionlarında aparılan yenidənqurma işləri ilə tanış olublar: “Bununla yanaşı, diplomatik korpusun nümayəndələri Zəngəzur dəhlizinin Azərbaycan seqmentində görülən işlərlə də yerində tanış olublar və brifinqləri dinləyiblər. Bu baxımdan səfər diplomatik korpusun və onların təmsil etdikləri ölkələrin mövqeyi üçün əhəmiyyətlidir”. H.Hacıyev qeyd edib ki, Azərbaycan Horadizdən Zəngilana qədər olan hissəni daxili imkanları hesabına 2021-ci ildən etibarən intensiv şəkildə inşa etməyə davam edir: “Dəmir və avtomobil yolları infrastrukturu, tunellər də daxil olmaqla, işlər sürətlə aparılır. Digər seqmentdə isə Ermənistan ABŞ ilə ikitərəfli əsasda bu prosesi həyata keçirir. Biz bu prosesləri izləyirik. Həmçinin Naxçıvan seqmentində 188 kilometrdən artıq bir zonada dəmir yolu infrastrukturu üzrə beynəlxalq tərəfdaşların cəlb olunması nəzərdən keçirilir”.

Prezidentin Astanada Zəngəzur dəhlizi ilə bağlı bəyanat səsləndirməsindən sonra diplomatların bölgəyə səfərinin təşkil olunması əslində dəhlizin Azərbaycan hissəsində görülən işlərin təqdimatı ilə yanaşı, Ermənistana mesaj sayıla bilər. Vaşinqton razılaşmasından sonra da dövlət başçımız bildirmişdi ki, vaxt itirmədən razılaşmaların həyata keçirilməsinə başlamaq lazımdır. Amma görünən budur ki, baş nazir Nikol Paşinyan daha çox parlament seçkiləri üçün “dəhliz” tikməklə məşğuldur, yolundakı maneələri aradan qaldırır. Eyni zamanda İrəvan konstitusiya dəyişiklikləri ilə bağlı tələblərin icrası məsələsində də “ev tapşırıqları”nı icra etməyə həvəsli görünmür, Paşinyan hakimiyyəti “ayağını yerə dirəyib”, addım atmır. Təbii ki, belə bir durumda sülh imzalamaq real görünmür, Prezident əvvəlcədən xəbərdarlıq etmişdi. Üstəlik, Ermənistan yeni qırıcılar alır. Son məlumata görə, Ermənistan Hindistanla “Sukhoi Su-30MKI” çoxməqsədli qırıcılarının alınması üzrə müqaviləni yekunlaşdırmaq üzrədir. Dəhliz tikmək üçün “əlini cibinə salmayan” ölkənin baş naziri, sülhdən danışan Paşinyanın qırıcılara pul xərcləməsi suallar doğurur. Bu gedişat nə vəd edir? Yeri gəlmişkən, bütün bunlar kapitulyasiya aktının 5-ci ildönümündə baş verir. Paşinyanın gerçək niyyəti nədir?

Barassociation.az

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan rəhbərliyinin vaxtı uzatması daxili vəziyyətlə bağlıdır: “Paşınyan bir tərəfdən verdiyi vədləri, imzalanan sənədləri icra etmək istəyir, digər tərəfdən daxili vəziyyətə görə bir qədər tərəddüdlər edir. Düşünürəm ki, Ermənstan daxilində hadisələrin gedişatından asılı olaraq bir qədər ləngimələrin olması istisna deyil. Zəhgəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilişi ilə bağlı hələ ortada layihə belə yoxdur. Ona görə də Ermənistanda yollar ən yaxşı halda 2028-ci ilin sonuna hazır ola bilər, əgər bu istiqamətdə işlər bu gündən başlasa və fasiləsiz davam edərsə... Cənab İlham Əliyev də yolların hazır olma tarixinin ehtimal olunan vaxtını belə qeyd etmişdi”. S.Məmmədovun fikrincə, Ermənistanın yeni konstitusiyasının qəbul olunması ilə bağlı tərəddüdlər və ziddiyyətli bəyanatlar da daxili vəziyyətlə bağlıdır: “Paşınyan Konstitusiya Məhkəməsinin qərarına istinad etməklə Azərbaycana qarşı konstitusiyada ərazi iddasının olmadığını bildirir. Amma bu, düzgün yanaşma deyil. Konstitusiya Məhkəməsinin qərarı istənilən vaxt mübahisə predmeti ola və ləğv edilə bilər. Ona görə də ən azı konstitusiyanın preambulası yeni mətndə olmalıdır və orada Ermənistanın müstəqillik bəyannnamsinə istinad, hansı ki Azərbaycana qarşı birbaşa ərazi iddası var, aradan qaldırılmalıdır. Görünür, Paşınyan indi bu mövzudan yayınmağa çalışır. Çünki müxalifət "Paşinyan Azərbaycanın təzyiqi ilə yeni konstitusiya qəbul etmək istəyir" kimi bir manipulyativ fikir formaladırıb. Əslində isə bizə Ermənistanın Konstitusiyasında yalnız bizə aid olan hissədə dəyişiklik maraqlıdır. Bu olmadan davamlı sülhdən danışmaq alınmayacaq. İmzalanan sülh sənədinin legitimliyini isə şərait əsaslı dəyişdikdə şübhə altına almaq üçün hüquqi əsaslar tapılacaq". STM-in icraçı direktorunun sözlərinə görə, silahlanma ilə bağlı məsələdə də Ermənistanın yanaşmasında dəqiqlik yoxdur: “Hərbi büdcə və həbçilərin sayının azaldılması barədə qərar verilir, amma yeni hücum silahları da paralel olaraq alınır. Açığını desək, nə qədər ki, Ermənistanın daxilində siyasi stabillik yoxdur, biz ehtiyatımızı əldən verməməliyik”.

Tural

Tural İsmayılov

Siyasi şərhçi Tural İsmayılov isə bildirdi ki, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı Astanadakı çıxışı və ardınca Hikmət Hacıyevin diplomatik korpusu bölgəyə aparması, Azərbaycanın həm siyasi, həm də diplomatik baxımdan nə qədər ardıcıl və prinsipial mövqe sərgilədiyini bir daha göstərdi: “Bu səfər, sadəcə, infrastruktur layihəsinin təqdimatı deyildi - bu, Ermənistan və beynəlxalq ictimaiyyət üçün konkret mesaj idi: Bakı verdiyi sözü yerinə yetirir, amma qarşı tərəf prosesdən yayınır. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər faktiki yekunlaşma mərhələsindədir və bu, dövlətin planlı, sistemli fəaliyyətinin nəticəsidir. Prezidentin 2028-ci ilin sonuna qədər Ermənistan tərəfinin dəhlizin öz seqmentini başa çatdırması ilə bağlı xəbərdarlığı əslində strateji bir ultimatum idi. Çünki Bakı artıq "səbir mərhələsi"ni geridə qoyub - indi məsuliyyət İrəvanın üzərindədir. Ermənistan tərəfi isə vaxtı uzatmaqla, daxili siyasi manipulyasiyalara oynamaqla reallıqdan uzaqlaşır. Paşinyanın hazırkı addımları göstərir ki, o, Zəngəzur dəhlizini regional iqtisadi layihə kimi deyil, daxili seçki kapitalı kimi görür. Ermənistan rəhbərliyi “dəhliz” anlayışını reallıqda yox, metaforik mənada - yəni parlament seçkilərinə aparan siyasi yol kimi istifadə edir. Halbuki regionda kommunikasiya xətlərinin açılması bütün tərəflər üçün iqtisadi və siyasi sabitlik deməkdir. Azərbaycan öz hissəsində bu öhdəliyi artıq yerinə yetirib və nəticələri hər kəs görür". T.İsmayılovun fikrincə, Paşinyanın “ayağını yerə dirəməsi” nə Ermənistan iqtisadiyyatına, nə də onun diplomatik reputasiyasına fayda verir: “Əksinə, bu davranış Ermənistanı beynəlxalq tərəfdaşlar qarşısında etibarsız tərəf kimi təqdim edir. Prezident İlham Əliyev hələ Vaşinqton razılaşmasından sonra da xəbərdarlıq etmişdi ki, vaxt itirmək yolverilməzdir. Amma görünür, İrəvan bu mesajı nə eşitmək, nə də başa düşmək niyyətindədir. Ermənistanın eyni zamanda yeni qırıcılar alması isə vəziyyəti daha da ironikləşdirir. Dəhliz tikməyə və regional əməkdaşlığa maliyyə ayırmayan bir hökumətin silahlanmaya sərmayə qoyması sülh niyyətinin saxtalığını açıq göstərir. Bu, həm də Paşinyanın hələ də revanşist dairələrin təsirindən tam qurtulmadığını göstərən sübutdur. Kapitulyasiya aktından beş il keçsə də, Ermənistan siyasi baxımdan o günün psixoloji yükündən azad ola bilmir. İndi Paşinyan üçün real sınaq başlanır - ya sülh imzalayaraq ölkəsini regionun inkişaf prosesinə daxil edəcək, ya da yeni təcrid dalğasının içində itib gedəcək”. Siyasi ekspert əlavə etdi ki, Azərbaycan tərəfi artıq “postmüharibə” yox, “postqələbə” mərhələsindədir və bu, tamamilə fərqli reallıqdır: “Bizim üçün prioritet bölgədə iqtisadi inteqrasiyanın bərpası və sülh gündəliyinin reallaşdırılmasıdır. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan regional proseslərin təşəbbüskarı və istiqamətverən aktoruna çevrilib. Bu gün diplomatik korpusun bölgəyə səfəri də həmin liderlik modelinin təzahürüdür - şəffaflıq, nəticə və məsuliyyət prinsipləri əsasında. Ermənistan isə hələ də "məğlubiyyət sindromu"ndan siyasi alət kimi istifadə edir. Paşinyanın real niyyəti sülh imzalamaqdan çox, zaman qazanmaq və daxildə siyasi balansı qorumaqdır. Lakin bu siyasətin nə regiona, nə də Ermənistanın özünə faydası yoxdur. Azərbaycanın mövqeyi dəyişməzdir: bütün razılaşmalar konkret tarixlərə, konkret nəticələrə əsaslanmalıdır. Zəngəzur dəhlizi təkcə yol deyil, regionun gələcəyini müəyyən edəcək strateji layihədir. Bakı bu reallığı artıq yerinə yetirib, indi növbə İrəvanda, qərar isə Paşinyandadır. İstəsə, bölgəni sabitliyə aparacaq, istəməsə, tarix onu yenidən səhv tərəfdə yazacaq. Amma bir şey artıq dəyişməzdir - bu regionun siyasi və iqtisadi istiqamətini indi Azərbaycan müəyyən edir".

Ermənistan rəhbərliyinin öz yaddaşını təzələməsinə ehtiyac var. Unutmasınlar, Prezident İlham Əliyev əbəs yerə 2028-in sonu ilə bağlı xəbərdarlıq etməyib. Dövlətimizin başçısı dedisə, əməl olunmalıdır, bunu yaxın-uzaq tariximizdə baş verənlər də təsdiqləyir. Zəngəzur dəhlizi ilə bağlı öhdəlik sürətlə icra olunmalıdır!

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Seçilən
29
musavat.com

1Mənbələr