AZ

Manaf Manafov: 'Cənab Prezident elmin hədəflərini iqtisadi və hərbi reallıqlarla uzlaşdıraraq, texnoloji üstünlüyü prioritet elan etdi"



Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən yığıncaq sadəcə bir yubiley tədbiri deyil, dövlətin elmə, intellektual potensiala və milli kimliyin elmi əsaslarla möhkəmlənməsinə verdiyi dəyərin göstəricisi idi. Prezident İlham Əliyevin həmin tədbirdəki çıxışı həm tarixi təcrübəni qiymətləndirdi, həm bugünkü elmi vəziyyətə obyektiv baxış təqdim etdi, həm də gələcəyə yönəlmiş strateji istiqamətləri müəyyənləşdirdi.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, dövlət başçısı çıxışının əvvəlində Azərbaycan elminin 80 illik inkişaf yoluna nəzər salaraq, xüsusilə Ümummilli Lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqəti və xidmətləri vurğuladı: “Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləyib, elmin inkişafına xüsusi qayğı ilə yanaşıb.” Bu vurğu həm tarixi fakt, həm də ideoloji mesajdır: Azərbaycan elminin inkişafı Heydər Əliyev irsinin və dövlətçilik ənənələrinin davamıdır. 1970-ci illərdə yeni elmi institutların yaradılması, gənc mütəxəssislərin SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsi və elmi fondların formalaşdırılması bu gün cənab Prezident İlham Əliyevin siyasətində yeni məzmunla davam etdirilir. Dövlət başçısının dediyi kimi: “Heydər Əliyev siyasəti bu sahədə də yaşayır və yeni formalarla zənginləşir.”
Ölkə Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, müasir dünyada dövlətlərin gücü artıq təbii sərvətlərlə deyil, intellektual potensialla ölçülür. “Ən böyük sərvət intellektual kapitaldır, ancaq o, yalnız ona sərmayə qoyulduğu halda dəyər qazanır.” Bu fikir Azərbaycanın yeni inkişaf fəlsəfəsinin əsasını təşkil edir. Ölkə artıq neft gəlirlərindən asılılıq mərhələsini geridə qoyaraq, innovasiya və texnoloji inkişaf yönündə irəliləyir. Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik və müdafiə sənayesində özəl sektorun fəallaşması bu keçidin açıq göstəricisidir. Prezidentin “Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Elmimizin praktik nəticələri olmalıdır.” fikri isə göstərir ki, elmi fəaliyyətin nəticələri artıq ölkənin iqtisadi modelinin ayrılmaz hissəsinə çevrilib.

Dövlətimizin başçısı çıxışında texnoloji təhlükəsizlik məsələləri də ön plana çəkildi. Dövlət başçısı qeyd etdi ki, kibertəhlükəsizlik artıq sadəcə “virtual təhlükəsizlik” deyil, həm də “fiziki təhlükəsizlik” məsələsidir: “Kibertəhlükəsizlik hər bir dövlətin fiziki təhlükəsizliyinin əsas tərkib hissəsidir.” Bu yanaşma milli təhlükəsizlik sisteminin elmi əsaslarla yenidən qurulmasını, yeni texnoloji istiqamətlərin inkişafını zəruri edir. Süni intellekt, rəqəmsal iqtisadiyyat və müdafiə texnologiyaları üzrə milli tədqiqat potensialının gücləndirilməsi bu sahədə əsas hədəf kimi müəyyənləşib.
Cənab Prezidentin çıxışında Vətən müharibəsinin elmi və texnoloji aspektdən öyrənilməsinin vacibliyi də xüsusi yer aldı. “Biz müharibədə birinci olaraq pilotsuz uçuş aparatlarından istifadə etdik. Bu gün müasir müharibələri onlarsız təsəvvür etmək mümkün deyil.” – deyən Prezident vurğuladı ki, Azərbaycanın hərbi qələbəsi yalnız siyasi iradənin deyil, həm də elmi-texnoloji innovasiyaların nəticəsidir. Bu fakt bir daha göstərir ki, elm artıq təkcə nəzəri deyil, həm də milli gücün, dövlət təhlükəsizliyinin əsas dayağıdır.
Prezident İlham Əliyev iqtisadi sabitlik göstəricilərinə toxunaraq bildirdi ki, bu amil elmin davamlı inkişafı üçün güclü baza yaradır. Xarici borcun ÜDM-in cəmi 6 faizini təşkil etməsi, valyuta ehtiyatlarının 80 milyard dolları keçməsi, investisiya reytinqlərinin artması Azərbaycanın iqtisadi və elmi müstəqilliyinin təminatıdır. “İqtisadi müstəqillik eyni zamanda siyasi müstəqilliyi də gücləndirir.” Bu yanaşma elmin maliyyə və institusional müstəqilliyini qorumağın da əsas şərtidir.
Prezident çıxışında azad edilmiş torpaqlarda aparılan elmi tədqiqatların əhəmiyyətini də xüsusi vurğuladı: “Qarabağ və Şərqi Zəngəzurda geniş geoloji işlər görülür. Azərbaycan alimlərini bu prosesə fəal şəkildə qoşulmağa çağırıram.” Bu çağırış həm elmi, həm mənəvi anlam daşıyır. Qarabağ və Şərqi Zəngəzur təkcə bərpa və yenidənqurma məkanı deyil, həm də Azərbaycan elminin yeni mərhələsinin laboratoriyasıdır. Burada aparılan hər bir tədqiqat milli kimliyin, tarixi yaddaşın və elmi potensialın birləşdiyi strateji vəzifədir.
Cənab Prezident İlham Əliyev çıxışında həmçinin tarixi təhriflərə qarşı elmi əsaslarla mübarizənin zəruriliyini vurğuladı: “Biz tariximizi tədqiq etməli, öyrənməli və təbliğ etməliyik... Azərbaycanlıların indiki Ermənistana qayıdışı Ermənistan xalqını qorxutmamalıdır.” Bu fikirlər artıq təkcə siyasi deyil, həm də ideoloji və elmi strategiyanın əsasını təşkil edir. Tarixi toponimlərin, mədəni irsin və etnoqrafik dəyərlərin elmi şəkildə bərpası milli yaddaşın möhkəmlənməsi deməkdir.
Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş bu çıxış əslində ölkənin yeni elmi inkişaf strategiyasının konseptual əsasını qoydu. Bu strategiyanın başlıca prinsipləri elm və dövlət siyasətinin vəhdəti, texnoloji müstəqillik, süni intellekt və rəqəmsallaşma strategiyası, elmin iqtisadiyyat və sənaye ilə inteqrasiyası, Qarabağ və Şərqi Zəngəzurun elmi bərpa məkanı kimi formalaşdırılması və tarixi həqiqətlərin elmi əsaslarla müdafiəsidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan bu gün tamamilə yeni reallıqda yaşayır və biz bu torpaqlarda qurub-yaradırıq.” Bu yaradıcı dövlət fəlsəfəsinin mərkəzində isə elm, bilik və intellekt dayanır. Bu gün elmin qarşısında duran əsas missiya təkcə bilik istehsal etmək deyil, eyni zamanda Azərbaycanın müstəqilliyini, gələcəyini və milli ruhunu elmi əsaslarla qorumaqdır – deyə Manaf Manafov çıxışını yekunlaşdırıb.



Seçilən
46
aia.az

1Mənbələr