AZ

Qeyri-neft gəlirləri 2026-cı ildə 10,6% artacaq

Azərbaycanın icmal gəlirləri 2026-cı ildə 45 milyard manat təşkil edəcək. Bu, 2025-ci illə müqayisədə 1 milyard manat və ya 2,3% çox, 2024-cü illə müqayisədə isə 3 milyard manat və ya 6,2% azdır. Bu barədə maliyyə naziri Sahil Babayev məlumat verib. 

Dövlət büdcəsi gəlirləri 38,6 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 253 milyon manat və ya 0,7% artım, 2024-cü illə müqayisədə isə 1,4 milyard manat və ya 3,9% çoxdur. 2022–2026-cı illər ərzində büdcə gəlirləri ümumilikdə 7,9 milyard manat və ya 25,8% artıb.

Nazir qeyd edib ki, qeyri-neft sektoru üzrə gəlirlər 22,2 milyard manat (ümumi gəlirlərin 57,4%-i) təşkil edir. Bu, 2025-ci ilə nisbətən 2,1 milyard manat (10,6%), 2024-cü illə müqayisədə isə 2,6 milyard manat (13,1%) çoxdur. 2022–2026-cı illər ərzində qeyri-neft gəlirləri 6,8 milyard manat (44,4%) artıb.

Qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 21,8%, cari xərclərə nisbəti isə 88% təşkil edir. Orta müddətli hədəf bu nisbəti 2029-cu ilə qədər 100%-ə çatdırmaqdır (ən aşağı göstərici – 2012, 50%). İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 63%, 2029-cu il üçün hədəf isə 69%-dir.

İcmal büdcənin qeyri-neft baza kəsiri qeyri-neft ÜDM-in 19%-i həcmindədir, bu da ötən illə müqayisədə 3,4 faiz bəndi azdır və fiskal qaydanın tətbiqindən bəri ən yaxşı göstərici sayılır. 2029-cu il üçün hədəf 13%, proqnoz isə 12,1%-dir.

Neft-qaz sektoru üzrə gəlirlər 16,4 milyard manat (ümumi gəlirlərin 42,6%-i) təşkil edir. Bu, 2025-ci ilə nisbətən 1,9 milyard manat (10,2%), 2024-cü ilə nisbətən isə 1,1 milyard manat (6,4%) azdır. Beynəlxalq konsorsiumlar və SOCAR üzrə daxilolmalar 3,6 milyard manat olub. Dövlət Neft Fondundan büdcəyə transfert 12,8 milyard manat, yəni 1 milyard dollar (1,65 milyard manat) azdır.

Dövlət Vergi Xidməti tərəfindən toplanacaq gəlirlər 16,9 milyard manat (43,8%) səviyyəsində müəyyən edilib. 

Bu, 2025-ci illə müqayisədə 1,4 milyard manat (9,1%), 2024-cü illə müqayisədə 1,1 milyard manat (7%) çoxdur. Qeyri-neft sektorundan toplanan vergilər 13,3 milyard manat (78,7%), yəni 2025-ci ilə nisbətən 14,1%, 2024-cü ilə müqayisədə isə 20,7% çoxdur.

Dövlət Gömrük Komitəsinin gəlirləri 6,9 milyard manat (17,8%) təşkil edir, bu da 2025-ci ilə nisbətən 4%, 2024-cü ilə nisbətən isə 3,2% çoxdur.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən gəlir 1,021 milyard manat (2,6%), sair gəlirlər 531 milyon manat (1,4%), SOCAR dividendləri isə 450 milyon manat (1,2%) təşkil edib.

N.Təbrizli

Seçilən
22
anews.az

1Mənbələr