AZ

Konstitusiya və Suverenlik ili: Azərbaycanın hüquqi və dövlətçilik inkişafı



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu ilin “Konstitusiya və Suverenlik İli” olaraq seçilməsi heç də təsadüfi deyildir. Belə ki, məhz 2025-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, dövlət müstəqilliyinin bərpasının 34-cü, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Bu Sərəncam dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsasını təşkil edən konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.
Konstitusiya və suverenlik anlayışları Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi çıxış edir. Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla hüquqi dövlətin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təsbit edir, suverenlik isə xalqın öz müqəddəratını təyinetmə hüququnu, dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olmasını, beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi çıxışını və müstəqil qərarlar qəbul etməsini təmin edir. Əminliklə deyə bilərik ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, bu iki mühüm dəyərin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycan Respublikasının gələcək inkişafına və milli kimliyinin daha da gücləndirilməsinə mühüm töhfə verəcək, ölkəmizin müstəqillik tarixində əldə etdiyi uğurların və gələcək perspektivlərin təhlili üçün unikal imkan yaradacaq.

Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmişdir. Bu, ölkənin ilk müstəqil Konstitusiyası olmaqla, onun demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanundur. Azərbaycan Respublikasının Konstitusiyası – dövlətin əsas qanunu olaraq – hüquqi sistemin təməlini təşkil edir. Belə ki, Konstitusiyada qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqları, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü kimi əsas prinsipləri təsbit edilir.  Bu sənəd ölkədə hüquq sisteminin təməlini qoymuş və Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun inkişafını təmin etmişdir. “Konstitusiya və Suverenlik ili” Azərbaycan dövlətçiliyinin əsaslarını möhkəmləndirmək, hüquqi sistemin daha da təkmilləşdirilməsi və ölkənin müstəqillik yolunda qazandığı uğurları vurğulamaq məqsədini daşıyır.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan öz suverenliyini bərpa etdi. Bu müstəqillik xalqın iradəsinə, milli kimliyinə və tarixi ədalətə əsaslanır.

Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirilmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparmış, insanlıq əleyhinə cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. 2023-cü il sentyabrın 19-da Ermənistan qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlamışdır. Bu antiterror əməliyyatı cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.
Bu gün Azərbaycan regional və qlobal səviyyədə söz sahibi olan bir dövlətdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən zəfər “Dəmir Yumruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin möhkəm əsaslara söykəndiyini bir daha sübut etdi. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqləyir.

19 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamaqla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Bu addımla Azərbaycanın müasir tarixində daha bir şərəfli günün qeyd olunmasına səbəb olmuşdur. Suverenlik dövlətin daxili və xarici işlərdə müstəqilliyini və tam səlahiyyətə malik olmasını təmin edən fundamental prinsipdir. Azərbaycan xalqının tarixi mübarizəsi nəticəsində suverenliyi bərpa edərək müstəqil dövlət qurulmuşdur. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır. Bu il ərzində dövlət suverenliyinin qorunması və inkişaf strategiyasının hazırlanması, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əhəmiyyətini vurğulayan maarifləndirmə tədbirləri təşkil ediləcəkdir. Bu il təkcə tarixi hadisələrin qeyd olunması üçün deyil, eyni zamanda Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün bir fürsətdir.
Konstitusiya hər bir müasir dövlətin hüquqi strukturunda normativ nüvəni təşkil edir. Azərbaycanın dövlət quruculuğu prosesində Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də siyasi legitimliyin, hüquqi sabitliyin və milli suverenliyin əsas sütunu kimi çıxış edir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu sənədin hüquqi, siyasi və sosial aspektlərinin yenidən dəyərləndirilməsi, konstitusional düşüncənin dərinləşdirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan, Konstitusiyanın elmi tədqiqi və tətbiqinin təkmilləşdirilməsi hüquqi dövlətin davamlı inkişafına xidmət edən əsas şərtlərdən biri kimi çıxış edir.

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkənin hüquqi əsaslarının, milli dövlətçiliyin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu il Konstitusiyanın dövlət idarəçiliyindəki rolunun daha dərindən təhlil olunması və ictimai şüurda onun yerinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyyət daşıyır.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun əsas hüquqi bazası, suverenliyimiz isə dövlətimizin gücünün rəmzidir. Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. “Konstitusiya və Suverenlik ili” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm tövfə verəcəkdir.

Rövşən Yolçiyev,
Şirvan Şəhər Statistika İdarəsinin rəisi




Seçilən
49
aia.az

1Mənbələr