AZ

Sadələşdirilmiş vergi limitinin 400 min olması təklif olunur

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Vergi islahatlarının davamı olaraq ölkədə iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi, şəffaflaşmanın daha da yüksəldilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu layihədə  investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, o cümlədən Naxçıvan MR fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üzrə tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi, nəqliyyat sektoru üzrə avtobus və yük avtomobillərinin istehsalının stimullaşdırılması, balıqyetişdirmə fəaliyətinin təşviq edilməsi məqsədilə kənd təsərrüfatı sektoruna daxil edilməsi və bu sektora verilən tamhəcmli güzəştlərin şamil edilməsi nəzərdə tutulur:

"Həmçinin, nağdsız əməliyyatların stimullaşdırılması və əhatəsinin genişləndirilməsi məqsədilə belə əməliyyatlar üzrə ictimai iaşə sektoruna vergi güzəştlərinin verilməsi və dərəcələrin azaldılması, habelə ƏDV məqsədləri üçün qeydiyyat həddinin 200 min manatdan 400 min manatadək artırılması təklif olunur. Xüsusi olaraq qeyd edim ki, son illərdə həyata keçirilən vergi islahatları sırasında əmək münasibətlərinin şəffaflaşdırılmasına yönəlmiş əmək haqqı islahatı əmək bazarının leqallaşmasında əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib. Belə ki, qeyri-neft-qaz özəl sektorda 8000 manatadək əmək haqlarının gəlir vergisindən azad olunması nəticəsində 1 yanvar 2019-cu ildən 1 oktyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötmüş, sektorun cəmi əmək müqavilələrində payı 38,5 %-dən 54,1 %-ə yüksəlib. Bu şəraitdə 2018-2024-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən ayırmaların payı 35,6 %-dən 17,5 %-ə enib".

Anar Kəlbiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
3
unikal.az

6Mənbələr