AZ

Qlobal şirkətlərdə ixtisar dalğası – Azərbaycanda da gözlənilirmi?

Dünyada süni intellekt texnologiyalarının sürətlə yayılması bir çox iri şirkətləri kütləvi ixtisarlara aparır. İxtisar dalğasına bir çox qlobal nəhənglər də qoşulub. Bu proses yaxın illərdə də davam edəcək və AI əsaslı iqtisadi model insan əməyinə olan tələbi əhəmiyyətli dərəcədə dəyişdirəcək. Təkcə oktyabr ayında ABŞ-də 25 min, Avropada isə 20 mindən çox insan işini itirib.
Ekspertlərin fikrincə, süni intellektlə avtomatlaşdırılmış iş mühitinə keçid işçilərin vəziyyətini çətinləşdirir. Artıq bir çox ofis və idarəetmə sahələrində insan əməyinin yerini alqoritmlər tutur. 
Süni intellektin geniş tətbiqi fonunda Azərbaycanda da belə ixtisarların baş verməsi mümkündürmü? Əgər bu baş verəsə hansı sahələrdə özünü daha çox göstərə bilər? 
 
Moderator.az-a danışan  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, süni intellektin qlobal miqyasda tətbiqi iş bazarında ciddi struktur dəyişikliklərinə səbəb olur:
 
“Avtomatlaşdırma və alqoritmik idarəetmə sistemləri xüsusilə inzibati, mühasibatlıq, müştəri xidməti və kontent istehsalı kimi təkrarlanan əməyə əsaslanan sahələrdə insan resurslarına olan tələbatı azaldır. “Meta”, “Amazon” və “Microsoft” kimi nəhənglərin kütləvi ixtisarlara getməsi bunun ən aydın nümunələrindəndir.
Azərbaycanda bu tendensiyanın eynilə təkrarlanması gözlənilmir, çünki iqtisadi struktur və əmək bazarının dinamikası fərqlidir. Bununla belə, süni intellektin inteqrasiyası nəticəsində bəzi peşə və vəzifələrdə optimallaşdırma baş verə bilər. Xüsusən maliyyə, müştəri xidmətləri, call-mərkəzlər, media və dizayn sahələrində AI-əsaslı sistemlərin tətbiqi bəzi vəzifələrin avtomatlaşdırılmasına gətirib çıxara bilər”.
 
İT mütəxəssisi qeyd edib ki, bu proses həm də yeni iş yerləri yaradır:
 
 “Süni intellekt modellərinin təlimi, məlumat emalı, etik nəzarət, kibertəhlükəsizlik və rəqəmsal məhsul inkişafı kimi sahələrdə yeni peşələr formalaşır. Yəni AI dövründə işin yox olması deyil, işin formasının dəyişməsi prosesi müşahidə olunur.
Əgər Azərbaycan bu texnoloji transformasiyanı düzgün idarə edərsə, ixtisar riski minimum səviyyədə qalar. Bunun üçün iki əsas addım vacibdir: kadrların yenidən ixtisaslaşdırılması və təhsil sisteminin süni intellekt dövrünə uyğunlaşdırılması. Rəqəmsal bacarıqların artırılması, proqramlaşdırma və məlumat elmi sahəsində ixtisas kurslarının təşviqi ölkənin bu dəyişikliklərə adaptasiyasını asanlaşdıracaq.
Beləliklə, süni intellektin təsiri Azərbaycanda daha çox struktur dəyişiklik kimi hiss ediləcək, kütləvi işsizlik kimi yox. Texnologiyaya uyğunlaşa bilən insan resursu ölkənin rəqəmsal iqtisadiyyata keçidini sürətləndirəcək”.
 
 
Mehin Mehmanqızı
 
Seçilən
31
1
moderator.az

2Mənbələr