AZ

“Azərbaycan dövləti bu istiqamətdə məqsədyönlü addımlar atır” HƏRBİ ESKPERT

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son illər Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi sənaye kompleksinin modernləşdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər də göstərir ki, milli hərbi sənayenin inkişafı ölkənin təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyır.

Bu kontekstdə Azərbaycanın müdafiə sənayesində aparılan islahatlar və yeni texnoloji imkanlar xüsusilə diqqət çəkir.

Bəs bu gün Azərbaycanın hərbi sənayesinin inkişaf dinamikasını necə qiymətləndirirsiniz və qarşıdakı dövrdə hansı texnoloji istiqamətlər prioritet olacaq?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan hərbi ekspert Emin Həsənli vurğulayıb ki, Azərbaycan Ordusu bu gün dünyanın yeganə ordusudur ki, həm ərazi bütövlüyünü təmin edib, həm də suverenliyini bərpa edib:

“Bu, böyük bir nəticədir. Bu, ərazi bütövlüyünə və suverenliyinə nəzarət etməkdə çətinlik çəkən ölkələr üçün də nümunədir. Azərbaycan Ordusunun uğurlarını dünya öyrənir.

Hərbi texnoloji cəhətdən də ordumuz çox güclüdür. Mütəxəssislərimiz var, dünyada gedən prosesləri yaxından izləyirlər, təhlillər aparırlar. Yeni silahların kəşf edilməsi, istehsal edilməsi və xüsusilə qardaş ölkələrlə – Türkiyə ilə birgə bu işlərin aparılması istiqamətində ciddi addımlar atılır. Dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlıq gücləndirilir. Amerika Birləşmiş Ştatları və Böyük Britaniya ilə əməkdaşlığın dərinləşəcəyi gözlənilir, eyni zamanda Çinlə də tərəfdaşlıq mövcuddur”.

Ekspertin sözlərinə görə dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycan dövləti tərəfindən də istehsal olunacaq:

“Bu, həm gələcəkdə dünya bazarına çıxışı təmin etmək, həm də daxili tələbatı ödəmək üçündür. Əvvəllər, 200-300 il bundan əvvəl silah istehsalında və hərbi sahədə uzun illər yeniliklər olmurdu, min illərlə insanlar eyni silahlardan istifadə edirdilər. Sonrakı dövrlərdə isə bu dəyişikliklər daha sürətli baş verdi: 20-ci əsrdə texnologiya hər 10 ildən bir dəyişirdisə, 21-ci əsrdə hər il, hətta hər ay yeni ixtiralar meydana çıxır.

Ona görə də Azərbaycan dövləti bu istiqamətdə sistemli, məqsədyönlü addımlar atır ki, nəticədə ölkənin müdafiə qabiliyyəti daha da güclənsin. Azərbaycan Ordusunun bu sahədə ciddi nailiyyətləri var. 44 günlük müharibə də göstərdi ki, Azərbaycan dövləti özünə lazım olan silahları istehsal edir və müasir tələblərə cavab verən silahları əldə edir”.

Gülxanım Əliyeva 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
icma.az

1Mənbələr