AZ

Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert

Şərti

“Azərbaycan-Ermənistan şərti sərhəddində gərginlik var. Bu gərginlik o ana qədər davam edəcək ki, iki ölkə arasında sərhəd-keçid məntəqələri, sərhəd postları, konkret olaraq sərhəd zonaları müəyyənləşsin. Ehtimalıma görə, bunlar müəyyənləşməyənə qədər gərginliklərin olması mümkündür. Ancaq indi müşahidə etdiyimiz gərginlik qaynar fazada deyil, əvvəlki illərlə müqayisədə vəziyyət daha yaxşıdır. Unutmayaq ki, gərginlik nisbi anlayışdır. Hesab edirəm ki, zaman irəlilədikcə gərginlik tədricən azalacaq, necəki hazırda bunu müşahidə edirik”.

Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə Azərbaycan-Ermənistan şərti sərhəddindəki vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demorkasiya prosesindən sonra da Ermənistan tərəfindən təxribatların olması gözardı edilməməlidir.

A. İsazadə bildirib ki, yenə Ermənistan daxilində hansısa qruplar sülhə və Azərbaycanla normal münasibətlərin qurulmasına qarşı çıxış edirlər: “Məsələn, daşnakları götürək. Onların əlinə imkan düşsə, sözsüz ki, vəziyyəti qəlizləşdirməyə çalışa bilərlər. Əlbəttə, reallıqlar tam ayrıdır. Mən nümunə kimi Azərbaycan-İran sərhədini göstərə bilərəm. Məsələn, sərhəddən narkotik keçirməyə çalışan cinayətkarlar bəzən sərhədçilərimizlə atışırlar. Gələcəkdə bu kimi hallar Azərbaycan və Ermənistan arasında müəyyən edilmiş sərhəd hissələrində də müşahidə oluna bilər. Ancaq vacibi odur ki, Ermənistanın Azərbaycanla üz-üzə gəlmək üçün gücü, imkanı və resursları yoxdur”.


A. İsazadə

Ekspert qeyd edib ki, hazırda hər iki ölkə sülhün əldə olunması üçün addımlar atır, dövlət rəsmiləri pozitiv açıqlamalar verirlər: “Yəni sülh yaratmağa çalışırlar. Buraya Ermənistana aid malların Azərbaycan üzərindən aparılması barədə qərar, vətəndaş cəmiyyəti üzvlərinin qarşılıqlı səfərləri və s. daxildir. Ancaq aydındır ki, sülh iki dövlət liderinin imzası ilə reallığa çeviriləcək. Sadəcə, sülh sazişi imzalandıqdan sonra onu qoruyub saxlamaq olduqca vacibdir və bunun üçün illər lazım gələcək”.

İsazadə sonda əlavə edib ki, Azərbaycan sülhə, regionda əməkdaşlığa, qarşılıqlı faydalı əlaqələrə açıq olduğunu digər qonşuları ilə münasibətdə göstərir. Ermənistan da belə münasibətlərdən faydalana bilər və bu cür əməkdaşlıq hər iki tərəfə xeyir gətirər.

Nemət ORUCOV
Reyting.az
Seçilən
21
1
reyting.az

2Mənbələr