AZ

Səfir: Ağbənd-Kəlalə körpüsü ilə Naxçıvanın Azərbaycanın əsas hissəsinə çıxışı daha qısa olacaq

Hazırda İran və Azərbaycan arasında dörd sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar Astara, Biləsuvar, Culfa və Şahtaxtı-Poldəşt istiqamətindəki sərhəd-keçid məntəqələridir.

Bu sözləri APA-nın yerli bürosuna müsahibəsində Naxçıvanda səfərdə olan İran səfiri Müctəba Dəmirçilu deyib.

Diplomat bildirib ki, qarşıdakı aylarda Ağbənd-Kəlalə regionunda yeni keçid məntəqəsi açılacaq.

Səfir bu günlərdə həm Azərbaycan, həm də İran tərəfindən Ağbənd-Kəlalə avtomobil körpüsünə baxış keçirdiyini diqqətə çatdırıb: “İşlər çox yaxşı gedir, dekabrın sonuna kimi körpünün tikintisi bitəcək. Eyni zamanda, keçid məntəqəsi üzrə bəzi qurumların hazırlıq işləri davam edir. Bu isə o deməkdir ki, Azərbaycan və İran arasında iqtisadi əlaqələri daha da genişləndirmək üçün yeni imkanlar yaranacaq. Bildiyiniz kimi, son 30 il ərzində Naxçıvan Muxtar Respublikası İran ərazisindən istifadə etməklə Azərbaycanın digər bölgələri ilə sərbəst və rahat şəkildə əlaqə saxlayıb”.

O qeyd edib ki, yeni avtomobil körpünün istifadəyə verilməsi ilə Naxçıvanın Azərbaycanın əsas hissəsinə çıxışı daha qısa və az vaxtla mümkün olacaq: “Bundan başqa, həmin istiqamətdə başqa infrastruktur və quruculuq işləri də aparılır. Yol bəzi yerlərdə dağlıq ərazilərdən keçdiyi üçün xüsusilə qış aylarında çətinliklər olurdu. Buna görə də yeni tunellər tikilir və mən həmin tunellərə də baxdım. İşlər çox yaxşı irəliləyir, bəzi hissələrdə yol genişləndirilir. Ümumilikdə, vəziyyət çox yaxşıdır və bu işlər iqtisadi əlaqələrin daha da inkişafına səbəb olacaq, həmçinin Naxçıvanın Azərbaycanın digər hissələri ilə əlaqəsini asanlaşdıracaq”.

Müctəba Dəmirçilu vurğulayıb ki Naxçıvan Muxtar Respublikasına gəlmək, Naxçıvanın imkanları, o cümlədən iqtisadi sahədə olan potensialı ilə tanış olmaq imkanı olub: “Çox xoş haldır ki, ötən 30 il ərzində İran-Azərbaycan münasibətlərinin, o cümlədən Naxçıvan Muxtar Respublikası və İran arasında əlaqələrinin inkişafının, dərinləşməsinin şahidiyik”.

Səfir onu da qeyd edib ki, Naxçıvanın ikitərəfli əlaqələrdə çox mühüm rolu var: “Xatırlayıram ki, 1992-ci ildə Azərbaycan Respublikasının Ümummilli Liderinin Heydər Əliyevin İrana səfəri çərçivəsində çox böyük razılaşmalar əldə olundu. Həmin razılaşmalar əsasında Naxçıvan–İran, eləcə də ümumilikdə İran–Azərbaycan əlaqələri inkişaf edib. İndi Naxçıvan elə bir vəziyyətdədir ki, həm iqtisadi, həm də digər sahələrdə böyük inkişaf əldə olunub. Eyni zamanda, Azərbaycanın Qələbəsi və işğal olunmuş torpaqların azad edilməsi yeni imkanlar yaradıb. Bu sülh, əmin-amanlıq bizə geniş imkanlar yaradır”.

Müctəba Dəmirçilu əlavə edib ki, bütün region bu yeni vəziyyətdən bəhrələnir.

Seçilən
17
2
apa.az

4Mənbələr