
Mövcud demoqrafik meyillərə əsasən, 2024-cü ildə 0,6 faiz olan əhalinin illik artım tempinin BMT-nin "Dünya Əhalisinin Perspektivləri" hesabatına görə, 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir. Eyni zamanda, 15-64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayının 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacağı, daha sonra isə azalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisinin 65,4 faizədək azalacağı proqnozlaşdırılır.
Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağı gözlənilir. Bundan əlavə, əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artırılması ilə nəticələnir. 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil edib və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir.
Azərbaycan əhalisinin sayı və yaş qrupları üzrə bölgüsünə dair proqnozlar:

Qeyd olunan demoqrafik yaşlanma, qeyri-formal məşğulluq, əmək bazarındakı struktur dəyişiklikləri və qlobal çağırışlar fonunda əhalinin pensiya təminatının kəmiyyət və keyfiyyətcə artan müasir tələblərə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi pensiya sisteminin uzunmüddətli sabitliyi və gələcək maliyyə davamlılığının təmin olunmasında vacib alət kimi çıxış edir.