Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Bu qədər maarifləndirmə və təbliğat işlərinə baxmayaraq, enerji içkiləri yeniyetmə və gənclər arasında geniş yayılıb. Reklamlarda elə göstərilir ki, guya bu içkilər yorğunluğu aradan qaldırır, diqqəti artırır və güclü enerji verir. Bu içkilərin tərkibindəki maddələr qısa müddətli oyanıqlıq yaradır və uzunmüddət qəbul edildikdə orqanizmdə ciddi fəsadlar törədir”.Bunu Demokrat.az-a açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Asim Vəli deyib. O bildirib ki, enerji içkilərinin əsas tərkib hissələri kofein, şəkər, taurin, qlükuronolakton, B qrupu vitaminləri və bəzi hallarda bitki ekstraktlarıdır.
“Kofein mərkəzi sinir sistemini stimullaşdıran bir maddədir, beyində yuxu siqnallarını bloklayır. Beləliklə də, süni oyaq qalmağımıza səbəb olur. Şəkər isə yüksək miqdarda enerji verir. Amma qanda qlükozanın ani qalxması və sonra sürətlə enməsi nəticəsində süstlük və əsəbilik yaradır.Taurin və digər əlavələr isə ürək fəaliyyətini sürətləndirir, qan təzyiqini müvəqqəti artırır. Bu maddələrin birləşməsi orqanizmdə süni enerji effekti yaradır. Bu hal orqanizmin təbii balansını pozur.
Həmçinin enerji içkiləri ürək döyüntüsünü və qan təzyiqini artırır. Kofeinin yüksək miqdarı damarların daralmasına, ürək ritminin pozulmasına və bəzi hallarda ürək döyüntüsünün sürətlənməsinə gətirib çıxarır. Gənclərdə əksəriyyətlə immunitet güclü olduğundan bu təsir bəzən hiss olunmur. Amma uzunmüddətli istifadə ürək əzələsinin yüklənməsinə, hətta aritmiya və insult riskinin artmasına gətirib çıxara bilər. Xüsusilə idmanla məşğul olan şəxslər üçün bu içkilərin istifadəsi təhlükəlidir. Fiziki gərginliklə birlikdə kofein və taurin orqanizmin su-duz balansını pozur və ürək fəaliyyətini zədələyir”.Ekspert əlavə edib ki, bu içkilər həm də orqanizmdə maddələr mübadiləsini sürətləndirdiyi üçün qaraciyər və böyrəklərə əlavə yük yaradır:“Davamlı istifadə zamanı şəkərin və süni əlavələrin çoxluğu qaraciyərdə yağ yığılmasına, detoks funksiyasının zəifləməsinə səbəb olur. Böyrəklər isə orqanizmdən artıq kofeini və digər kimyəvi maddələri atmağa çalışarkən çoxlu su itirir.Enerji içkiləri mədə turşusunun ifrazını artırdığı üçün qastrit və mədə xorasının riskini yüksəldir. Kofeinlə birlikdə yüksək şəkər tərkibi bağırsaq mikroflorasını dəyişir və qida həzmini pozur. Bu səbəbdən uzun müddət istifadə edənlərdə mədə yanması, ürəkbulanma və iştahasızlıq halları tez-tez rast gəlinir.Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir”, “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, “Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.Yeniyetmələrin orqanizmi bu maddələri tam emal edə bilmədiyi üçün sinir sistemində və ürək fəaliyyətində pozuntular daha tez baş verir. Uzunmüddətli istifadə gənclərdə yuxu rejimini pozur, təhsil nəticələrini zəiflədir və psixoloji asılılıq yaradır”.Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.