AZ

Neftdən asılı ... “Azeri Light” üçün əlçatmaz 75 dollar həddi: Yenə qeyri neft sektoru yada düşməyə başlayıb

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan iqtisadiyyatının neftdən çox asılılığı indi rəsmi səviyyədə də etiraf olunur. Amma qeyri-neft sektoru ilə bağlı deyilənlər çox səmimi səslənmir. Heç kimə sirr deyil ki, bu sektor neft gəlirlərindən olduqca asılıdır. İllər ərzində ölkəyə böyük pullar gəlsə də, həmin istiqamət lazımi inkişaf yolu keçmədi.

Bizimyol.info xəbər verir ki, son aylar bir barel üçün 75 dollar həddi “Azeri Light” üçün əlçatmaz görünür. Uzun müddətdir bizim nefti 70 dollara da satmaq olmur. Noyabrın 3-də “Azeri Light” 72,31 dollar göstəricisi gözə dəyib. Amma son aylarda təsadüfi hallarda nefti 70 dollardan baha sata bilmişik.

2025-ci ilin dövlət büdcəsində neftin qiyməti məhz 70 dollar nəzərdə tutulmuşdu. İlin ilk 8 ayı ərzində orta qiymət 73 dollar olub. Amma payız gələndən işlər qaydasında getmir. Rusiya nefti ilə bağlı tətbiq edilən məhdudiyyətlər, üstəlik, OPEK üzvlərinin hasilatı artırmaqla bağlı qərarı qiymətlərə də təsir göstərib. Son iki ay ərzində 70 dollar həddi cəmi 13 dəfə cüzi şəkildə keçilib. Oktyabrda isə cəmi iki dəfə qiymət daha baha olub.

Yenə qeyri-neft sektoru yada düşməyə başlayıb. Adətən, belə olur: neftin qiyməti aşağı düşən kimi qeyri-neft sektorundan danışırıq. Qiymətlər yüksələndə isə nağıllar yaddan çıxır.

Nikbin danışmağa elə də əsas görünmür. Mütəxəssislər yaxın gələcəkdə ciddi qiymət artımını proqnozlaşdırmırlar. Düzdür, gələn ilin dövlət büdcəsində neft 65 dollardan qeyd olunub. Amma bu qiymətin bizə sərf etmədiyini zamanla görmüşük. Nə etməliydik? Vaxtında qeyri-neft sektorunun inkişafı üçün ciddi, pafossuz addımlar atmalıydıq. Atmamışıqsa, deməli, qiymətlərin daha aşağı düşməməsi üçün dua etmək qalır.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
icma.az

1Mənbələr