AZ

“Toponimlərin dəyişdirilməsi soyqırımı kimi qəbul olunmalıdır” - Siyasi şərhçi

“Toponimlərin

“Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illiyində etdiyi çıxış bir sıra mövzuların gündəmə gətirilməsi, işlənməsi və qeyd edilməsi baxımından yaddaqalandır. Prezident bir çox vacib məqamlara toxundu, alimləri müxtəlif istiqamətlərdə daha fəal olmağa səslədi. Şübhəsiz ki, dövlət başçısının çıxışında qeyd etdiyi mühüm məsələlərdən biri də Qərbi Azərbaycanda - indiki Ermənistanda toponimlərin dəyişdirilməsi, daha doğrusu, saxtalaşdırılması ilə bağlı idi. Bu məsələyə xüsusi diqqət yetirildi və bununla bağlı AMEA-nın, o cümlədən Tarix İnstitutunun üzərinə böyük məsuliyyət düşdüyü vurğulandı. Hesab edirəm ki, bu, yerində qaldırılan məsələdir və daim gündəmdə saxlanmalıdır. Prezidentin bu məqamlara toxunması və bu istiqamətdə işlərin görülməsinin vacibliyini qeyd etməsi məsələnin əhəmiyyətini göstərir”.

Bunu “Reytinq” qəzetinə siyasi şərhçi Oqtay Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirdiyi vacib məqamlardan danışarkən deyib.

O. Qasımov xatırladıb ki, 200 il əvvəl Rusiya Cənubi Qafqazı işğal etdikdən sonra Şərqi Anadoludan və İrandan Azərbaycan ərazilərinə - xüsusən də İrəvan, Qarabağ və Naxçıvana - erməniləri kütləvi şəkildə köçürüb. Bununla Rusiya ərazinin etnik tərkibini dəyişmək və bölgədə özünə dayaq nöqtəsi yaratmaq məqsədi güdüb. Məhz bu niyyətlərin nəticəsində əvvəlcə Azərbaycan ərazisində “erməni vilayəti”, daha sonra isə erməni dövləti yaradılıb. Prezidentin vurğuladığı kimi, həmin dövrə aid olan və Rusiya tərəfindən tərtib olunmuş xəritələrə və arxiv sənədlərinə baxdıqda, bu ərazilərdə mövcud olan toponimlərin böyük əksəriyyətinin Azərbaycan xalqına aid adlar olduğu açıq şəkildə görünür.


Oqtay Qasımov

Siyasi şərhçi əlavə edib ki, son 100 ildə, xüsusilə də sovet hakimiyyəti dövründə, Ermənistan bu toponimləri kütləvi şəkildə saxtalaşdıraraq onları erməniləşdirməyə çalışıb:

“1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlılar doğma yurdlarından tamamilə qovulduqdan sonra bizə məxsus toponimlər tam şəkildə dəyişdirildi, saxtalaşdırıldı. Prezidentin diqqətə çatdırdığı bu məqam, əslində, tarixi həqiqətlərin bərpa olunması ilə bağlıdır. Alimlərimizin əsas vəzifəsi həmin toponimləri yenidən siyahılaşdırmaq, elmi əsərlərdə bu məsələni işıqlandırmaq və beynəlxalq səviyyədə gündəmə gətirməkdir. Çünki toponimlərin dəyişdirilməsi bir millətə qarşı soyqırımın bir forması kimi qəbul olunmalıdır. Soyqırım yalnız fiziki zorakılıqla həyata keçirilmir, həm də bir millətin mədəniyyətinə, elminə, tarixinə və ənənələrinə qarşı yönəlmiş vandalizm aktları ilə baş verir. Bu baxımdan, Prezidentin toponimlərlə bağlı qaldırdığı məsələ son dərəcə vacib və əhəmiyyətlidir”.

O. Qasımov sonda bildirib ki, Azərbaycanın Tarix İnstitutu, AMEA və ümumilikdə alimlər bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirməlidirlər:

“Şübhəsiz ki, hamımız Qərbi Azərbaycandakı toponimlərimizin saxtalaşdırılması və erməniləşdirilməsi probleminin üzərinə getməliyik,” – deyə O. Qasımov əlavə edib.

Nemət ORUCOV
Reyting.az

Seçilən
26
1
reyting.az

2Mənbələr