AZ

Ağbaba köhləni İstanbul marafonunda

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Onu yaxından tanıyaq: Adil Yusifov 1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının İlanlı kəndində anadan olub. Uşaqlıqda çəmənlikdəki tikanlar arasında top qovmaqdan yorulmayan, sürətli qaçışı ilə bütün yaşıdlarını, hətta mənəm-mənəm deyən kənd cavanlarını arxada qoyan Adil çox keçmədi ki futbol üzrə yarışda rayon kubokunu başının üstünə qaldırdı. Bu onun ermənilərə qarşı Amasiya rayon mərkəzində oynadığı axırıncı matç oldu. Ermənilər türkün qələbəsini həzm edə bilmədiklərindən dava saldı. Stadiona dolmuş ermənilərin demək olar ki hamısı Adili vururdu. O, evə şil-küt olmuş vəziyyətdə gəldi. Çünki qapılara vurulan üç topun üçünün də müəllifi o idi. Bir neçə aydan sonra Adilin səsi Rusiya Federasiyasının Tomsk Bədən Tərbiyəsi İnstitutundan gəldi. Əvvəlcə institutun futbol komandasında oynamağa başlayan Adil çox keçmədi ki, ikinci liqada yarışan Tomsk şəhər komandasının 9 nömrəli hücumçusu oldu. O, meydana çıxanda pərəstişkarları soyadına uyğun olaraq “Yusub, davay!” - deyə səsləyirdilər. Adil dəfələrlə komandasının heyətində xarici ölkələrdə səfərdə oldu. Nəticə əla idi. 5 il ərzində təxminən 100 qol vurmağa yaxınlaşırdı.

İllər keçdi. Adil müəllim 1989-cu ildə doğulduğu Ağbabaya yox, Bakıya döndü. Onların yurd-yuvasından olan ailəsi Sumqayıtda məskunlaşmışdı. Yaraların sağalması çox vaxt apardı. Ancaq ağır günlər arxada qaldı. İndi Adil müəllim Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Bədən tərbiyəsi rəhbəridir. O həm də 15 saylı Yasamal birinci seçki dairəsində Dairə Seçki Komissiyasının üzvüdür. Kifayət qədər işi olsa da, Adil müəllim idmanı bir gün də olsun buraxmayıb. Gənclərə futbolun sirlərini öyrədir, həm də özü məşq edir. Paytaxtda keçirilən bütün marafonlarda iştirak edib. 5 kilometr məsafəyə yarışda yaşıdları arasında ikinci yerə layiq görülüb.

Noyabrın 2-də İstanbulda keçirilən marafona başının üstündə Azərbaycan bayrağını dalğalandıraraq qatılan Adil müəllim finişə orta sırada çatdı. O deyir: “Mən başımın üstünə üçrəngli bayrağı qaldıranda gücümə güc qatılır, nəfəsim açılır, sürətim artır. Məğlub olmayacağıma əmin oluram. Axı başımın üstündə dalğalanan ay-ulduzlu bayraq Qalib bayraqdır. Görün, bu bayraq haralarda dalğalanır? İnşallah, o, bizimlə birlikdə Qərbi Azərbaycana - Ağbabaya gedəcək. Doğma torpaqlarımız öz sahiblərini gözlədiyi kimi, bayrağımızı da gözləyir. Ən böyük arzum marafonda dalğalandırdığım bayrağı babalarımızın uyuduğu Bozqala kəndinin söykəndiyi dağın başına sancmaqdır”.

Arzunuza çatasınız, Adil müəllim! Yeni marafonlara doğru, uğurlar olsun!

Marafonda Adil müəllimi qələbəyə səsləyən

FUAD

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
525.az

2Mənbələr