AZ

AZƏRBAYCANIN İNKİŞAF STRATEGİYASI - ​​​​​​​Prezident AMEA-dakı çıxışında niyə dövlət strukturlarını alimlərlə daha sıx işləməyə çağırdı...

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubleyi qeyd olundu.

Xatırladaq ki, AMEA 1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnistitutunun (DTİ) əsasında SSR Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi kimi fəaliyyətə başlayıb. Azərbaycan elminin inkişaf etdirilməsi məqsədilə həmin dönəmdə Ruhulla Axundovun rəhbərlik etdiyi şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər – Bəkir Çobanzadə, Musa Əfəndiyev, Vəli Xuluflu, Aleksandr Qrossheym, İvan Qubkin, N.Marr, İ.Meşşaninov, A.Məmmədov, Salman Mümtaz, A.Tağızadə, İosif Yesman və başqaları burada elmi tədqiqat işləri aparırdılar.

1935-ci ilin oktyabrında şöbə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına çevrildi. Filialın nəzdində mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat elmi tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın institut və sektorlarından əlavə respublikada Elmi Tədqiqat Neft İnstitutu, Elmi Tədqiqat Pambıqçılıq İnstitutu, Neft Maşınqayırma İnstitutu, Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu, Hidrotexnika və Meliorasiya İnstitutu yaradıldı, bir sıra elmi stansiyalar və dayaq məntəqələri təşkil edildi.

1938-ci ildə SSRİ EA Azərbaycan filialında 16 elmlər doktoru, professor və 20 elmlər namizədi var idisə, 1941-ci ildə onların sayı müvafiq surətdə 21 və 161-ə çatmışdı.

1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013-2019), Ramiz Mehdiyev (2019-2022) akademiyanın prezidenti olmuşlar. Akademik İsa Həbibbəyli 25 oktyabr 2022-ci il tarixində AMEA-nın yeni prezidenti seçilmişdir. 26 oktyabr 2022-ci il tarixində ölkə başçısı tərəfindən bu vəzifəyə təsdiqlənmişdir. Hazırda AMEA-nın 67 həqiqi üzvü və 101 müxbir üzvü var.

Heydər Əliyevin elm adamlarına qayğısı

Müstəqil Azərbaycan dövlətinə Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə ölkədə elmin inkişafı, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilmişdir. Təsadüfi deyil ki, Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi.

Şübhə yoxdur ki, sonrakı dövrdə - Prezident İlham Əliyevin hakimiyyəti illərində də Heydər Əliyevin elm, təhsil və mədəniyyət sahəsindəki stragediyası uğurla davam etdirilməkdədir. Biz bunu İ.Əliyevin elm adamlarına yüksək qayğı göstərməsindən, onların hər zaman dövlət səviyyəsində diqqət mərkəzsində saxlanılmasından, o cümlədən ölkə başçısının dünən AMEA-nın 80 illik yubileyinə həsr olunan yığıncaqdakı çıxışından da aydın görürük.

Yeri gəlmişkən, dünənki çıxışında Akademiyanın 80 il ərzində böyük yol qət etdiyini dilə gətirən Prezident dedi ki, AMEA Azərbaycanda elmin inkişafında aparıcı rol oynayıb. Nitqində mərhum dövlət başçısı Heydər Əliyevin hər zaman Azərbaycan alimlərini dəstək və qayğısını xatırladan dövlət başçısı əlavə etdi ki, onun dövründə də Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparılır.

İlham Əliyev çıxışında bir məsələni də xüsusi olaraq qeyd etdi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları, Azərbaycan ictimaiyyəti ilə görüşü 1993-cü ildə məhz Milli Elmlər Akademiyasında təşkil olunmuşdur.

Prezidentdən önəmli mesajlar

Prezident İlham Əliyev AMEA-dakı çıxışında bir sıra mühüm məsələni də elm adamlarının diqqətinə çatdırdı. O vurğuladı ki, hər bir dövlətin inkişafı üçün elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır: “Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər”.

Dövlət başçısı çıxışında daha bir önəmli məsələyə - Azərbaycan dilinin qorunmasının zəruriliyinə də toxundu: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik.

Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.

İnkişaf strategiyası

Əlbəttə, Prezident İlham Əliyevin AMEA-dakı çıxışı bir çox parametrlərə görə olduqca zəngin idi. Məsələn, İ.Əliyevin dövlət strukturlarına Azərbaycan alimləri ilə daha sıx işləməyə çağırması, əslində, arzuolunan haldır. Çünki elmi inkişaf etməyən heç bir dövlət dayanıqlı inkişafa nail ola bilməz. Nəzərə alsaq ki, Azərbaycan artıq iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur, deməli, elm adamları ilə dövlət strukturlarının birgə fəaliyyətinə daha çox ehtiyac var. Deməli, İ.Əliyevin bu çıxışı həm də onu deməyə əsas verir ki,dövlət başçısı Azərbaycanın xarici siyasətdəki uğurlarını tezliklə daxilə də sirayət etdirməkdə və ölkənin hərtərəfli inkişafının əldə olunmasında israrlıdır. Odur ki, əslində Prezidentin məlum təkliflərini ölkənin iqtisadi inkişaf konsepsiyası kimi də qəbul etmək olar.

Kimsəyə sirr deyilki, hər bir dövlətin iqtisadi inkişafının təməlində onun elmi, təhsili və mədəniyyəti dayanır. O cümlədən hər bir xalqın mövcudluğu da bilavasitə onun dili ilə bağlıdır. Belə ki, öz dillərini itirən xalqlar tarixin səhifəsindən silinməyə məhkumdurlar.

Bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycanın bir nömrəli elm ocağında – AMEA-da bir çox nüfuzlu alimlər qarşısında elm və təhsilimizin inkişafı ilə yanaşı, dilimizin qorunmasının önəmindən bəhs etməsi də səbəbsiz deyildi. İnanırıq ki, 44 günlük İkinci Qarabağ Savaşından sonra bütün sahələrdə uğurlu inkişaf modelləri yaradan Azərbaycan dövləti tezliklə siyasət masalarında təkcə region ölkələri ilə deyil, dünya gücləri ilə eyni hüquqlu, bərabər səviyyəli ölkə kimi təmsil olunmağa nail olacaq.

Tanrı xalqımızı, dövlətimizi qorusun!

“Hürriyyət”

Seçilən
3
hurriyyet.az

1Mənbələr