AZ

3 türk lider Vaşinqtona çağırıldı: ABŞ qardaş ölkələrdən bu sərvətləri istəyir

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderlərini noyabrın 6-da Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya–ABŞ” (“C5+1”) sammitinə dəvət edib. Bu, “C5+1” formatında keçiriləcək ikinci sammit olacaq. İlk görüş 2023-cü ildə BMT Baş Assambleyasının kuluarlarında, ABŞ-ın o zamankı prezidenti Co Baydenin dövründə Nyu-Yorkda baş tutmuşdu.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev artıq Trampa “səmimi minnətdarlığını” ifadə edən məktub göndərib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadir Japarov da sammitdə iştiraklarını təsdiqləyiblər.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, dəvətdən öncə ABŞ-ın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Serxio Qor və dövlət katibinin müavini Kristofer Landau Mərkəzi Asiyaya səfər ediblər:

“Onlar oktyabrın 25-də Daşkəndə gediblər. Mərkəzi Asiya uzun müddət Rusiya və Çinin maraq dairəsində olub. Hazırda Moskvanın başı Ukraynaya qarışdığına görə  bölgəyə əvvəlki qədər diqqət ayıra bilmir. Avropa İttifaqı (Aİ) bu boşluğu doldurmaq üçün müəyyən həmlələr etsə də, cəhdləri yetərli deyil. Bölgə ölkələri son zamanlar iqtisadiyyatlarının canlandırılması istiqamətində fəal iş aparırlar. Bunun üçün isə güclü xarici dəstək vacibdir.

ABŞ Mərkəzi Asiya ölkələrinə investisiya qoymaqla regionda iqtisadi varlığını təmin etmək, daha sonra isə bundan siyasi məqsədlər üçün faydalanmağı hədəfləyir. Rusiya Sovet İttifaqı dağıldıqdan dərhal sonra Mərkəzi Asiyada özünün siyasi və hərbi üstünlüyünü təmin edib. Region ölkələri Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi Moskvanın nəzarətində olan qurumların üzvüdür. Çin də “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Mərkəzi Asiyaya milyardlarla dollar sərmayə qoyur”.

Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, ABŞ bu iki təsir dairəsinə balans gətirmək və region ölkələrini tam olaraq Moskva və Pekinə tabe vəziyyətdən çıxarmaq istəyir:

“ABŞ-ın birinci hədəfi müəyyən strateji müqavilələrlə bu ölkələri Rusiyanın təsirindən çıxarmaq, daha sonra isə burada Çinə qarşı iqtisadi mübarizə aparmaqdır. Vaşinqtonun daha bir niyyəti isə bölgədəki mineral ehtiyatları ələ keçirməkdir. Mərkəzi Asiya əsasən litium, uran, nadir torpaq elementləri, mis, volfram kimi mineral materiallarla zəngindir. Xüsusilə Qazaxıstan və Özbəkistanda bu mineralların iri yataqları mövcuddur. ABŞ hazırda uzun illərdir Rusiya və Çinin bu sahədəki dominant rolunu sıradan çıxarmaq üçün səylər göstərir. Bu, Qərb şirkətlərinin Mərkəzi Asiya regionunda milyardlıq layihələrə imza atması deməkdir.

Eyni zamanda, ABŞ Mərkəzi Asiyada əldə etdiyi mineral ehtiyatlarla yaşıl enerji və yüksək texnologiyalar – batareyalar və mikroçiplər üçün xammal təminatını şaxələndirmək istəyir. Son zamanlarda ABŞ texnoloji məhsullar ixrac edərək Mərkəzi Asiya bazarlarına daxil olmağa başlayıb. Vaşinqtonun aktivliyi fonunda görünən budur ki, ABŞ–Rusiya–Çin rəqabətinin yeni meydanı Mərkəzi Asiyadır”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
globalinfo.az

1Mənbələr