AZ

Vuçiç etirazçılara güzəştə getdi – növbədənkənar parlament seçkiləri keçiriləcək

Serbiya rəhbərliyi nümayişçilərə güzəştə getməyə və səlahiyyət müddəti 2027-ci ilin dekabrında başa çatacaq parlamentə növbədənkənar seçkilərin keçirilməsinə razılıq verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Financial Times” yazıb.

Prezident Aleksandr Vuçiç bildirib ki, bu addıma “etirazçıların tələblərinə hörmət əlaməti” olaraq gedir.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərin vaxtı bir qədər sonra müəyyənləşdiriləcək: “Nə vaxt? Buna səlahiyyətli orqanlar qərar verəcək. Xalq isə seçkilərdə hansı siyasəti dəstəklədiyini göstərəcək”.

Etirazçıların nümayəndələri səsvermənin qısa müddər ərzində keçirilməsinə çağırıblar və öz namizədlərin siyahısını vəd ediblər.

Bununla belə, Vuçiçin yaxın köməkçisi “The Financial Times”a bildirib ki, seçkilər çox güman ki, “gələn ilin sonundan öncə” baş tutacaq.

Keçən həftəsonu Novi Sad qatar stansiyasında tavanın çökməsi nəticəsində 16 nəfərin ölümünün ildönümü ilə əlaqədar hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib. Nümayişçilər hesab edirlər ki, yüksək səviyyəli korrupsiya və qohumbazlıq faciəyə gətirib çıxarıb. Onlar parlamentin buraxılmasını və Vuçiçin istefasını tələb edirlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 1-də Novi Sadda keçirilən etiraz aksiyasında 39 min vətəndaş iştirak edib. Nümayişlər bazar günü də davam edib.

Belqradda on minlərlə insan qatar stansiyasındakı faciənin qurbanlarından birinin anası Diana Hrkanı dəstəkləməyə gəlib. O, parlament qarşısında aclıq aksiyası elan edib. Prezidentin əleyhdarları ilə tərəfdarları arasında toqquşma baş verib, məşəllərdən istifadə edilib. Polis 37 nəfəri saxlayıb. Vuçiç etirazçıları öz hərəkətlərini ABŞ səfirliyi ilə əlaqələndirməkdə ittiham edib.

Serbiyada hökumət əleyhinə nümayişlər bir ildir davam edir. Baş nazir Miloş Vuçeviç cəmi üç aydan sonra istefa verib, keçmiş tikinti, nəqliyyat və infrastruktur naziriTomislav Momiroviç də daxil olmaqla 12 şəxs korrupsiya cinayəti ilə bağlı həbs edilib. Onlar Novi Sad qatar vağzalının yenidən qurulması müqaviləsi zamanı Serbiya büdcəsinə 100 milyon avroya yaxın ziyan vurmaqda ittiham olunurlar

Prezident Vuçiç və onun lideri olduğu “Serbiyanın Mütərəqqi Partiyası” 2012-ci ildən hakimiyyətdədir.

Xatirə SADİQ

Seçilən
16
nocomment.az

1Mənbələr