AZ

Vitse-spiker: Dövlət başçısı həm dövlət, həm də elmi ictimaiyyəti birgə fəaliyyətə çağırdı

BAKI, 4 noyabr. TELEQRAF

"2025-ci ilin 3 noyabrında keçirilən tədbirdə Prezident İlham Əliyev Azərbaycanın elm məkanında mühüm məsuliyyət daşımış və uzun bir inkişaf yolu keçmiş Azərbaycan Milli Elmlər Akademiyası-nın 80 illik yubileyi münasibətilə çıxış edərkən, elmin ölkəmizin müasir inkişaf strategiyasında tutduğu yerə dair mühüm mesajlar verdi. Bu çıxış, elmi potensialın gücləndirilməsi, milli intellektual resursun mobilizasiyası və dil-mədəniyyət faktorlarının elmin inkişafında rolu kimi çoxsaylı təməl məsələləri əhatə etdi".

Bunu Teleqraf-aMilli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, akademiyanın 80 illik tarixi, Sovet dövründən müstəqil Azərbaycanın çağdaş elmi mühitinə keçid mərhələsindən başlayaraq, bir çox çətinliklər və transformasiyalarla müşahidə olunub:

"Dövlət başçımız bu maraqlı keçid dövrünü nəzərə alaraq, fundament olaraq qeyd etdi ki, “Akademiya 80 il ərzində uzun yol qət edib və Azərbaycanda elmin inkişafında aparıcı rol oynayıb”.O, həmçinin müstəqillik dövrünün çətinlikləri — məhdud maliyyə imkanları, qaçqın və köçkün məsələləri, işğal edilmiş ərazilər və iqtisadi böhran — fonunda elmin dəstəklənməsinin dövlət diqqətindən kənarda qalmadığını xatırlatdı.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev elmi və intellektual potensialı ölkənin gələcəyinin dayağı kimi dəyərləndirirdi. 1970-ci illərdən başlayaraq onun rəhbərliyi ilə AMEA-nın strukturu təkmilləşdirilmiş, yeni elmi-tədqiqat institutları yaradılmış, alimlərin fəaliyyətinə maddi və mənəvi dəstək artırılmışdı.

Həmin dövrdən etibarən yüz minlərlə gəncin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi dövlətimizin intellektual potensialını gücləndirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu siyasət bu gün də uğurla davam etdirilir — artıq on minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil alır və Vətənə dönərək ölkənin inkişafına töhfə verir.

Dövlət başçımız xatırlatdı ki, müstəqilliyin ilk illəri Azərbaycan üçün faciəvi və ağır olub. Lakin Heydər Əliyevin qətiyyəti, xalqla bağlılığı və dövlətçilik prinsipləri ölkəni böhrandan xilas edib. 1993-cü ildə onun hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz Milli Elmlər Akademiyasında ziyalılarla keçirməsi elmin dövlət siyasətindəki mühüm yerini nümayiş etdirmişdir.
Son onillikdə elmin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyev çıxışında bildirdi ki, son on il ərzində elmin maliyyələşdirilməsi iki dəfədən çox artıb".

Sədr müavini vurğulayıb ki, bu dövrdə AMEA-nın binaları yenidən təmir edilib, elmi kitabxana və Milli Ensiklopediya üçün yeni binalar inşa olunub, institutlar müasir avadanlıqlarla təmin edilib: "2009-cu ildə Elm Fondu yaradılaraq alimlərə qrant dəstəyi mexanizmi tətbiq olunub.

Eyni zamanda, “Elm haqqında” Qanun,Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramları qəbul edilib. Dövlətimizin başçısı vurğuladı ki, bu istiqamətdə aparılan siyasət Ulu Öndərin yolunun müasir mərhələdə davamıdır.
Cənab Prezidentxatırlatdı ki, Azərbaycan tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Bu Qələbə yalnız hərbi-siyasi gücün deyil, bilik, milli ruh və intellektual potensialın da nəticəsidir. Son beş il ərzində işğaldan azad edilmiş torpaqlarda geniş bərpa və quruculuq işləri aparılır, bu prosesdə alimlərin və mütəxəssislərin iştirakı dövlət səviyyəsində təşviq edilir.

Prezident İlham Əliyev çıxışında elmi inkişafın yeni mərhələsinə — texnoloji innovasiyalar dövrünə diqqət çəkdi. O bildirdi ki, müasir dünyada ölkələrin inkişafını və təhlükəsizliyini məhz texnoloji potensial müəyyən edir.

Bu kontekstdə Azərbaycan alimlərinin qarşısında dayanan əsas vəzifə elmi nailiyyətləri iqtisadiyyatın və müdafiə sənayesinin müxtəlif sahələrində tətbiq edərək ölkəmizin innovativ inkişafını təmin etməkdir.

Müasir dövrdə ölkələrin iqtisadi və siyasi güc amilləri sürətlə dəyişir. Enerji resurslarına əsaslanan modellər artıq dayanıqlı inkişaf üçün yetərli hesab edilmir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycanın strateji baxışında yeni mərhələnin əsasını intellektual kapital, elmin və texnologiyanın inkişafı təşkil edir.

Dövlət başçısının vurğuladığı kimi, təbii resurslar iqtisadi sabitliyin təmin edilməsində mühüm rol oynasa da, uzunmüddətli inkişafın təməlini məhz insan kapitalı və intellektual potensial təşkil edir. Bu baxış, Azərbaycanın milli inkişaf strategiyasının elm və təhsilə əsaslanmasına dair siyasi iradəni nümayiş etdirir.

Cənab Prezidentin “tükənməz sərvət intellektual potensialdır, amma o halda ki, buna sərmayə qoyulsun” fikri, dövlətin gələcək siyasət istiqamətlərində bilik iqtisadiyyatına keçidi prioritet kimi müəyyənləşdirir. Elm, texnologiya və innovasiyalara yönələn sərmayələr Azərbaycanın gələcəkdə regionun elmi-texnoloji mərkəzinə çevrilməsi üçün mühüm əsas yaradır.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer alan digər məsələ süni intellekt texnologiyalarının inkişafı və tətbiqi idi. Dövlət başçısı bu istiqaməti “ölkələrin gələcək inkişafının ayrılmaz hissəsi” kimi xarakterizə etdi.

Bu yanaşma Azərbaycanın yalnız texnoloji yenilikləri izləyən deyil, onları tətbiq edən və formalaşdıran ölkə kimi mövqelənməsini hədəfləyir.Süni intellektin idarəetmə, sənaye, təhsil və iqtisadi sahələrdə tətbiqi rəqəmsal transformasiyanın əsasını qoyur və dövlətin bu sahəyə verdiyi diqqət qlobal rəqabətə hazırlığın göstəricisidir.

Dövlətimizin başçısının vurğuladığı kimi, rəqəmsallaşma prosesləri artıq ölkənin bir çox sahələrində keyfiyyət dəyişiklikləri yaradıb. Dövlət idarəçiliyi və xidmət sistemlərində rəqəmsallaşmanın genişlənməsi nəticəsində səmərəlilik, şəffaflıq və hesabatlılıq əhəmiyyətli dərəcədə artıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyəti bu prosesin institusional əsasını təşkil edir. Bu tendensiya Azərbaycanı regional rəqəmsal mərkəzə çevirmək istiqamətində mühüm addımdır. Cənab Prezidentin alimləri bu proseslərdə daha fəal iştirak etməyə çağırması, dövlət-elmi institut əməkdaşlığının gücləndirilməsinə yönəlmiş mesajdır.

Müasir dünyada təhlükəsizlik anlayışı artıq yalnız hərbi müdafiə ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kibertəhlükəsizlik virtual məsələ deyil, hər bir ölkənin fiziki təhlükəsizliyinin tərkib hissəsidir.

Azərbaycanın son illərdə bu istiqamətdə atdığı addımlar – Kibertəhlükəsizlik Mərkəzinin yaradılması, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi – dövlətin milli maraqlarını müdafiə etmək üçün strateji çevikliyin göstəricisidir.

Ziyafət Əsgərov bildirib ki, dövlət başçısının həm dövlət, həm də elmi ictimaiyyəti birgə fəaliyyətə çağırması, kibertəhlükəsizliyi yalnız texnoloji deyil, milli təhlükəsizlik və suverenlik məsələsi kimi dəyərləndirdiyini göstərir:
"Prezident İlham Əliyevin çıxışında diqqət çəkən başqa bir strateji istiqamət Azərbaycanın hərbi sənaye kompleksinin inkişafı ilə bağlı idi. Dövlət başçısının sözlərinə görə, artıq bir çox ölkələrə hərbi təyinatlı məhsulların ixracı həyata keçirilir və bu sahəyə özəl sektorun cəlb olunması mühüm dönüş nöqtəsidir.

Bununla yanaşı, dövlət başçısı pilotsuz uçuş aparatlarının (PUA) istehsalını Azərbaycanın hərbi-sənaye sahəsindəki yeni mərhələnin göstəricisi kimi dəyərləndirib.

44 günlük Vətən müharibəsində tətbiq edilən PUA-lar Azərbaycanın hərbi doktrinasında inqilabi dönüş yaratdı. Bu gün həmin təcrübə yerli istehsal səviyyəsində reallaşır və həm dövlət, həm də özəl sektor üçün yeni texnoloji imkanlar açır.
Azərbaycan iqtisadiyyatının aparıcı təkanverici qüvvəsi artıq qeyri-neft sektorudur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin kredit reytinqinin artırılması, xarici borcun ÜDM-in cəmi 6 faizini təşkil etməsi və valyuta ehtiyatlarının 80 milyard dolları ötməsi iqtisadi müstəqilliyin real göstəricisidir.

Bu göstəricilər Azərbaycanın maliyyə sabitliyinin və investisiya etibarlılığının sübutudur. Dövlətin azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi iri infrastruktur layihələri də bu iqtisadi gücə əsaslanır. Cənab Prezidentin vurğuladığı kimi, “güclü iqtisadiyyat həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan yaradır”.
Azərbaycanın enerji strategiyası artıq yalnız karbohidrogen resurslarına deyil, bərpaolunan enerji mənbələrinin inkişafına əsaslanır.

Prezident İlham Əliyevin sözlərinə görə, ölkədə bu sahədə çox genişmiqyaslı layihələr icra olunur. Qarabağ və Şərqi Zəngəzurda son beş ildə inşa edilmiş 30-dan çox su elektrik stansiyası, Cəbrayılda tikilən günəş və külək stansiyaları Azərbaycanın enerji təhlükəsizliyini və ixrac potensialını artırır.
2030-cu ilə qədər bərpaolunan enerjinin ümumi gücünün 6 min meqavata çatdırılması planlaşdırılır. Bu, Azərbaycanı regionun yaşıl enerji liderinə çevirmək məqsədini reallaşdırır.

Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurda geoloji tədqiqatların intensiv şəkildə aparıldığını da qeyd etdi. Müasir peyk texnologiyaları ilə həyata keçirilən bu işlər qızıl, mis, gümüş və polimetal yataqlarının aşkarlanmasına xidmət edir.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Azərbaycanın dövlətçilik tarixi çoxəsrlidir və bu tarix həm regionun, həm də bütün türk və islam dünyasının siyasi mədəni irsində mühüm yer tutur. Müstəqil Azərbaycanın 30 ildən artıq dövrü isə bu dövlətçilik tarixinin ən parlaq mərhələsidir. Buna görə də bugünkü müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi və mədəni inkişafını əhatə edən fundamental elmi əsərlərin hazırlanması zəruridir.

Dövlət başçısı çıxışında bir daha Azərbaycan dilinin qorunması məsələsinə xüsusi diqqət ayırıb. On il əvvəl bu mövzuda narahatlığını ifadə etdiyini xatırladan cənab Prezident bildirib ki, son illər müəyyən irəliləyişlər olsa da, vəziyyət hələ də tam qənaətbəxş deyil. Azərbaycan dili 50 milyondan çox insan üçün ana dili olmaqla yanaşı, həm də milli kimliyin başlıca daşıyıcısıdır. Ona görə dilin saflığının qorunması, yad və lazımsız sözlərin istifadəsinə qarşı mübarizə hər bir vətəndaşın borcudur. Dövlətimizin başçısının sözlərinə görə, əgər dilimizdə əzəli, qədim bir söz varsa, onu başqa dildən gətirilmiş kəlmə ilə əvəzləmək nə məqsədəuyğundur, nə də milli baxımdan doğru addımdır. “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucusu müstəqil Azərbaycan dövlətidir” – deyən cənab Prezident alimləri, yazıçıları, jurnalistləri və ictimai xadimləri bu məsələyə xüsusi diqqətlə yanaşmağa çağırıb.

Çıxışın sonunda Prezident İlham Əliyev yaxın günlərdə qeyd olunacaq tarixi Zəfərin beş illiyinə toxunaraq bildirmişdir ki, bu münasibətlə keçiriləcək hərbi parad Azərbaycan xalqının milli qürur və birliyinin, dövlətimizin suverenliyinin tam bərpasının rəmzidir. Beş il əvvəl keçirilən Zəfər paradı və 2023-cü ildə Xankəndidə baş tutan hərbi parad Azərbaycanın tarixində dönüş nöqtələri olmuşdur. Azadlıq meydanında keçiriləcək yeni parad isə bu şanlı yolun davamı, Azərbaycanın müstəqilliyinin və gücünün təntənəsi olacaq. Möhtərəm Prezidentimizin sözləri ilə desək, Azərbaycan xalqı bu Zəfərlə bundan sonra da əbədi fəxr edəcək".

Seçilən
20
teleqraf.com

1Mənbələr