AZ

Prezidentin AMEA-dakı nitqi: Gələcək sərhədlərlə yox, biliklə ölçüləcək

Azərbaycan Milli Elmlər Akademiyası 80 yaşını qeyd edir. Bu münasibətlə doğma elm ocağına təşrif buyurmuş ölkəmizin rəhbəri İlham Əliyevin çıxışı sadəcə təbrik deyildi. Bu, Azərbaycan elminin gələcək istiqamətinə verilmiş siyasi, ideoloji və mənəvi bəyanat idi.

Onun çıxışında dərin bir ardıcıllıq vardı. O, əvvəlcə tarixdən başladı, çünki tarixsiz elm olmaz. Akademiyanın yarandığı 1945-ci ildən bu günə qədər keçdiyi yol bir dövlətin düşüncə təkamülüdür. Elmi ideyalar, tədqiqatlar, institutlar – bunların hamısı bir böyük ağacın budaqları kimidir. O ağacın kökü dərinlərdə, Heydər Əliyev ideyalarının, milli intellektual siyasətin təməlindədir. Prezident xatırlatdı ki, elə məhz 1970-ci illərdə Akademiyanın ən məhsuldar dövrü başlanmış, yeni institutlar yaradılmış, elmi kadrların yetişməsi üçün geniş şərait formalaşmışdı. Bu, sadəcə elmin inkişafı deyildi, həm də millətin düşüncə müstəqilliyinin başlanğıcı idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib.

“Lakin İlham Əliyevin çıxışında əsas diqqət bu günə yönəlmişdi. O, realist tonla xatırlatdı ki, müstəqilliyin ilk illəri çətin idi - torpaq itkisi, iqtisadi böhran, məcburi köçkünlük... Amma həmin dönəmdə belə, elm tam dayanmadı, nəfəsini qorudu. Bu, bir xalqın mənəvi möhkəmliyinin sübutudur. Son illərdə isə dövlətin elmi prioritetə çevirməsi, maliyyə və infrastruktur dəstəklərinin artması, gənclərin elmə cəlb olunması artıq düşüncə siyasətinin strateji səviyyəyə qaldırılmasıdır.

Prezidentin çıxışında diqqət çəkən əsas cizgi - elmin gələcəklə dialoqu idi. O qeyd etdi ki, “Təbii sərvətlər tükənə bilər, amma intellektual sərvət sonsuz mənbədir”. Bu fikir, əslində, Azərbaycanın növbəti inkişaf mərhələsinin şüarıdır. Neft və qaz əsrini yaşayan bir ölkə indi bilik və texnologiya əsrinə keçid edir. Süni intellekt, innovasiya, rəqəmsal transformasiya - bunlar artıq texniki anlayışlar deyil, milli təhlükəsizlik, milli rifah və milli kimliyin yeni formasıdır.

“Əliyevin çıxışında bir məna daha var idi - dövlətlə elmin təkamül birliyi. O dedi ki, elm yalnız laboratoriyada yox, iqtisadiyyatda, sənayedə, texnologiyada, hərbi sahədə də işləməlidir. Bu çağırış, əslində, yeni bir mərhələnin başlanğıcıdır: elm auditoriyadan çıxır və dövlətin mərkəzinə gəlir. Çünki elmi idarəetmədən, elmi siyasətdən, elmi düşüncədən kənarda sabit inkişaf mümkün deyil. Azərbaycan indi bu reallığı yaşayır.

Dövlətimizin başçısının sözlərində həm də dərin bir inam var idi - milli intellektin gücünə inam. O, elm adamlarına müraciət etməklə, əslində, gəncliyə səsləndi: elm, texnologiya və düşüncə sahəsində fəaliyyət göstərən hər bir azərbaycanlı bu ölkənin gələcəyini formalaşdırır. O gələcək ki, artıq sərhədlərlə deyil, biliklə ölçülür”, - deyə müsahibimiz əlavə edib.

O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akdemiyasının yubileyi sadəcə bir tarix deyil, bir dövlət-fəlsəfi konsepsiyanın bərpasıdır. Akademiyanın 80 yaşı elmin dövlətin ideoloji sütununa çevrildiyi bir mərhələnin göstəricisidir. Bu gün Prezidentin nitqində həm elmin, həm də dövlətin istiqaməti bir nöqtədə kəsişir: Gələcəyə hazırlıq, süni intellektin tətbiqi, rəqəmsal mədəniyyətin formalaşması, elmi innovasiyaların iqtisadi sistemə inteqrasiyası. Bunların hamısı yeni Azərbaycanın strateji kodudur.

Elm bu gün artıq təkcə bilik toplamaq deyil, milli özünüdərk formasıdır. Prezidentin Akademiyanın salonunda dediyi hər fikir o düşüncəni təsdiqlədi ki, Azərbaycan XXI əsrdə öz mövqeyini yalnız resurslarla deyil, zəka ilə qoruyacaq.

“Prezident çıxışında Azərbaycan dili barəsində xüsusi danışdı. O qeyd etdi ki, Azərbaycan dili bizə xalq kimi var olmaq imkanı verib: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik”.

Dil cəmiyyətin formalaşmasında yalnız ünsiyyət funksiyasını daşımır; o, həm də milli həmrəyliyi və ortaq dünyagörüşünü yaradır. Dil nəsillər arasında körpüdür: o, keçmiş təcrübəni, mədəni dəyərləri və ənənələri gələcək nəsillərə ötürür”, - deyə alim bildirib.

“Beləliklə, dil həm bir xalqın kimliyinin qoruyucusu, həm də cəmiyyətin formalaşmasının əsas dayağıdır. Onun qorunması və inkişafı yalnız elmi və təhsil sahəsi üçün deyil, milli birliyin və dövlətin davamlılığı üçün strateji məsələdir.

Bəli, bu səksən il bir tarix idi. Amma bu gün səslənən çıxış göstərdi ki, Azərbaycan elminin qarşısında yeni bir yüzillik açılır. O yüzillikdə əsas kapital torpaq deyil, zəka olacaq və o zəkanın yönünü, istiqamətini artıq dövlət müəyyənləşdirir”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.

Seçilən
4
2
tehsil.biz

3Mənbələr