AZ

Xəzərdə suitilərin kütləvi ölüm səbəbi bu imiş… – Azərbaycan sahillərində də baş verə bilərmi?

Qazaxıstan sahillərində Xəzər suitilərinin kütləvi şəkildə ölü tapılması narahatlıq doğurub. Ekspertlər bu hadisənin səbəblərinin araşdırıldığını bildirirlər. Maraqlıdır, oxşar vəziyyət Azərbaycan sahillərində də baş verə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan heyvanlar üzrə mütəxəssis Samir Məmmədov bildirib ki, Xəzər dənizi bütövlükdə ekoloji və genetik baxımdan bir sistemdir, buna görə də oxşar hallar digər sahil ölkələrində də müşahidə oluna bilər:

“Qazaxıstan sahillərində suitilərin ölü tapılması ümumilikdə Xəzər dənizində genetik və ekoloji baxımdan oxşar proseslərin baş verə biləcəyini göstərir. Əgər suyun istiliyi, çirklənmə və digər amillər uyğun gəlirsə, bu, kütləvi ölüm hallarına səbəb olur.”

Məmmədov qeyd edib ki, dəniz məməlilərinin belə kütləvi şəkildə ölməsi həm xəstəliklə, həm də insan amili, xüsusilə də ovçuluqla bağlı olur:

“Bəzən bu, xəstəlikdən qaynaqlanır, bəzən də ovçuların fəaliyyətinin nəticəsidir. Balıq ovu zamanı istifadə edilən üsullar suitilərə də təsir göstərir. Buna görə də yalnız laborator analizlərdən sonra dəqiq səbəbi müəyyən etmək mümkündür.”

Ekspert əlavə edib ki, əgər hadisənin səbəbi yoluxucu xəstəlikdirsə, bu, digər suitilərə də keçə bilər və bu zaman oxşar hallar Azərbaycan sahillərində də baş verər:

“Əgər bu xəstəlikdirsə, suyun temperaturu və dəniz axınları da təsir göstərir. Mütəxəssislər hadisə yerindən analizlər götürməli və səbəbi müəyyən etməlidirlər. Ancaq o zaman dəqiq qərar vermək olar.”

Mütəxəssis vurğulayıb ki, hazırda vəziyyətlə bağlı müşahidələr aparmaq və analizlərin nəticələrini gözləmək vacibdir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
36
1
konkret.az

2Mənbələr