AZ

Qafqaz Müsəlmanları İdarəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Zəfər Gününün xalqımızın tarixi yaddaşında əbədi yer tutan möhtəşəm Qələbə günü olduğunu bildirib. O, Vətən müharibəsinin gedişindən, həmin dövrün çətinlik və sınaqlarından söz açaraq, din xadimlərinin şəhidlərin dəfni və mərasimlərinin təşkili istiqamətində göstərdikləri fədakarlığı, mənəvi dəstəyi və vətənpərvərlik ruhunu yüksək qiymətləndirib.

Şeyxülislam qeyd edib ki, 30 illik nisgilə son qoyan bu Qələbə Azərbaycan xalqının birliyi, dövlətin gücü, xalq-rəhbər həmrəyliyi və Ali Baş Komandan İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində mümkün olub. Müharibə dövründə dövlət-din münasibətləri qarşılıqlı hörmət və etimad üzərində formalaşaraq, xalqda yüksək mənəvi ruh və qələbə inamı yaradı

QMİ sədri vurğulayıb ki, artıq ölkəmiz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, hazırda isə azad edilmiş torpaqlarda geniş quruculuq və bərpa işləri həyata keçirilir. Bu prosesin özü də çətin və məsuliyyətli mərhələ olsa da, Azərbaycanın qüdrətini nümayiş etdirir.

Şeyxülislam Allahşükür Paşazadə çıxışında, həmçinin Ulu Öndər Heydər Əliyevin dövlətçilik və ordu quruculuğu sahəsində yaratdığı möhkəm əsaslardan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. O, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərdə dini-mədəni abidələrin bərpası və qorunması istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Sonra Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycanda mövcud olan multikultural mühit və dini tolerantlıqdan danışıb. Bildirib ki, Vətən müharibəsi zamanı müxtəlif dinlərin nümayəndələri bir amal – Azərbaycanın azadlığı və suverenliyi uğrunda birləşiblər və bu Zəfər, həmçinin bizim birliyimizin rəmzidir.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksi çıxışında şəhidlərin xatirəsini ehtiramla anıb, qazilərə cansağlığı arzulayıb. O, Azərbaycanda dini icmalar arasında sülh və qarşılıqlı hörmət mühitinin dünya üçün nümunə olduğunu vurğulayıb.

Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasının rəhbəri, yepiskop Vladimir Fekete çıxışında ölkəmizdə bütün dini etiqadların azad şəkildə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib, Azərbaycanın tolerantlıq ənənəsinin cəmiyyətin birliyini daha da möhkəmləndirdiyini vurğulayıb.

Alban-udi icmasının sədri Robert Mobili çıxışında qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı Qələbə bütün vətəndaşların ortaq sevincidir. Bu Qələbə dini və milli fərqlərdən asılı olmayaraq hər bir azərbaycanlının qəlbində qürur hissi doğurur.

Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski çıxışında Azərbaycanın bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərən nadir ölkələrdən biri olduğunu qeyd edib, şəhidlərə rəhmət, qazilərə şəfa arzulayıb.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və qazilər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini, dövlətin onlara göstərdiyi qayğını yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Sonda Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə bəyanatı qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
azertag.az

1Mənbələr