Ucarın Qaracallı kənd sakinləri övladlarının təhsil aldığı məktəbin qəzalı vəziyyətdə olmasından narazıdırlar.
NOCOMMENT.az xəbər verir ki, söhbət 1 saylı tam orta məktəbdən gedir.
Hazırda 2 növbəli olan 240 yerlik təhsil ocağının bərbad vəziyyətdə olması həm təhsil alan 400-ə yaxın şagirdin həyatı üçün təhlükədir, həm də müasir avadanlıqlar olmadığından təhsilin keyfiyyətini aşağı salır.
Şikayətçi valideynlərin sözlərinə görə, məktəb 70 ildən çoxdur ki istismara verilib. Bu müddət ərzində əsaslı təmir-bərpa işləri aparılmadığından hazırda məktəb binasının otaqlarında vəziyyət çox acınacaqlıdır.
Qapı- pəncərə sınıq-sökük, çürük döşəmə, çökən tavan və yararsız divarlar…
Təhsil ocağında istilik sistemi olmadığından otaqlar odunla qızdırılır.
Qapı-pəncərənin sınıq-sökük olması səbəbindən otaqlarda normal temperatur almaq mümkün olmur. Sakinlər onu da bildirirlər ki, məcburiyyət qarşısında qalıb soyuq havalarda uşaqları evdə hazırlaşdırmalı oluar.
“Bundan əlavə, məktəb köhnə olduğundan şagirdlərin başına bit düşür. Bu səbəbdən uşaqlar məktəbə getmək istəmirlər”, – valideynlər Elşad Hacıyev və Orxan Bəkirov bildirib.
Məsələ ilə bağlı Ucar rayonu Təhsil sektorundan yerli büromuza bildirildi ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin yenidən qurulması, böyüyən nəslin yüksək şəraitə, zəruri infrastruktura malik təhsil müəssisələrində oxuması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:
“Təhsilin keyfiyyətinin yüksəldilməsində təhsil müəssisələrinin infrastrukturunun inkişafı böyük əhəmiyyət kəsb edir. Odur ki, respublikamızda hər il yeni təhsil müəssisələrinin tikintisi, mövcud müəssisələr üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə, infrastrukturun yenilənməsi, uşaqların sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişdirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılır.
Əlavə olaraq bildiririk ki, gələcəkdə Ucar rayon Qaracallı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin tikintisi, onun əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə, infrastrukturun yenilənməsi növbəlilik əsasında həyata keçiriləcəkdir”.
NOCOMMENT.AZ