Bakı, 4 noyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohadakı Konqres Mərkəzində noyabrın 4-də müxtəlif ölkələrin dövlət və hökumət başçıları, müvafiq nazirliklərin rəhbərləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə BMT-nin İkinci Qlobal Sosial İnkişaf Sammitinin açılışı olub.
AZƏRTAC rəsmi QNA informasiya agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində çıxış edən Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş sammitin yekunlarına dair qəbul ediləcək Doha Siyasi Bəyannaməsinin inkişaf üçün mühüm töhfə və hərtərəfli, insan mərkəzli yol xəritəsi rolunu oynadığını bildirib. O, sənədin müddəalarının yerinə yetirilməsi üzrə dörd prioritet fəaliyyət sahəsini sadalayıb: yoxsulluq və bərabərsizliklə mübarizənin sürətləndirilməsi; iş yerlərinin yaradılması və məşğulluq imkanlarına güclü diqqət yetirilməsi; adekvat maliyyələşdirmənin səfərbər edilməsi; hamı üçün insan hüquqlarının və inklüzivliyin qorunması.
A.Quterreş vurğulayıb ki, Doha Siyasi Bəyannaməsi sosial ədalət, tam məşğulluq və insan ləyaqətinin qorunması prinsiplərinə əsaslanır. Bu sənədini müddəaları hər kəs üçün imkanlar təmin etməklə real nəticələrə çevrilə bilər. Baş katib əlavə edib ki, Dohada sosial inkişaf üzrə ikinci dünya sammitinin çağırılması dünyanın artan qeyri-müəyyənlik, dərinləşən geosiyasi bölünmələr, silahlı münaqişələr və geniş yayılmış insan əzabları da daxil olmaqla dərin çətinliklər yaşadığı bir vaxta təsadüf edir. O, milyonlarla insanın aclıq, yoxsulluq və işsizlikdən əziyyət çəkdiyini, bir çox inkişaf etməkdə olan ölkələrin isə bu çətinliklərlə mübarizə aparmaq üçün lazımi dəstəyə malik olmadığını vurğulayıb.
BMT-nin rəhbəri Braziliyada keçiriləcək COP30 iqlim konfransında iştirak edəcək hökumətləri növbəti onillikdə emissiyaların azaldılması üçün konkret planlar təqdim etməyə çağırıb. O, həmçinin emissiyaların azaldılması və iqlim ədalətinin təşviqi üçün konkret planlar vasitəsilə planetin gələcəyinə investisiya qoyuluşunun vacibliyini vurğulayıb.
Baş katib dövlətləri inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərini dəstəkləmək üçün 2035-ci ilə qədər hər il 1,3 trilyon dollar səfərbər etməyə, bu il uyğunlaşma maliyyələşdirməsini azı 40 milyard dollara çatdırmağa və İtki və Zərər Fondundan əhəmiyyətli töhfələrlə istifadə etməyə çağırıb.
BMT-nin rəhbəri məşğulluq imkanlarının genişləndirilməsinin insan mərkəzli yol xəritəsinin əsas sütunu olduğunu vurğulayıb. O, hökumətlərin və özəl sektorun layiqli əməyi və ədalətli əməkhaqqını təşviq etməsinin, işçilərin qeyri-rəsmi iqtisadiyyatdan yaşıl, rəqəmsal və qayğıya əsaslanan sektorlara keçidini asanlaşdırmasının, təlimə, bacarıqların inkişafına və ömürlük təhsilə investisiya qoyulmasının vacibliyini qeyd edib.
A.Quterreş, həmçinin rəqəmsal uçurumun aradan qaldırılmasının, rəqəmsal və süni intellekt bacarıqlarına çıxışın təmin edilməsinin, qadınlar üçün bərabər imkanların təmin edilməsinin, qayğı sistemlərinin gücləndirilməsinin və işçilərin hüquqlarının qorunmasının zəruriliyini diqqətə çatdırıb.
Maliyyələşdirmə haqqında danışan Baş katib çoxtərəfli inkişaf banklarının kredit vermə potensialının gücləndirilməsinin, özəl sektorun maliyyələşdirilməsinin genişləndirilməsinin, borc yükünün azaldılmasının və inkişaf etməkdə olan ölkələrin prioritetlərini daha yaxşı təmsil etmək üçün qlobal maliyyə arxitekturasında islahatların aparılmasının əhəmiyyətini qeyd edib. O, həmçinin inklüziv və ədalətli qlobal iqtisadi idarəetməni təmin etmək üçün bu ölkələrin qərar qəbuletmə proseslərində iştirakının artırılmasının vacibliyini vurğulayıb.
A.Quterreş hər hansı bir insan mərkəzli planın insan hüquqlarını və inklüzivliyi qorumalı olduğunu bildirib və qadınlar, azlıqlar, miqrantlar, qaçqınlar, yaşlılar, yerli xalqlar, əlilliyi olan şəxslər, gənclər də daxil olmaqla bir çox qrupun davamlı olaraq kənarda qalması ilə bağlı xəbərdarlıq edib. O, demokratik dəyərlərin qorunmasının, qadınların iştirakının artırılmasının, ayrı-seçkiliyin və gender əsaslı zorakılığın aradan qaldırılmasının, insan hüquqlarının ədalət və hamı üçün daha yaxşı gələcək üçün rəhbər kompas kimi xidmət etdiyi yanlış məlumatlara və nifrət çıxışlarına qarşı davamlı cəmiyyətlər qurulmasının zəruriliyini diqqətə çatdırıb.
BMT-nin rəhbəri qeyd edib ki, 1995-ci ildə Kopenhagendə keçirilən Birinci Qlobal Sosial İnkişaf Sammiti beynəlxalq ictimaiyyətin əsl inkişafın imtiyazlı bir neçə nəfər üçün rifah deyil, hamı üçün imkanların təmin edilməsi ilə bağlı olduğunu təsdiqlədiyi mənəvi aydınlıq anını qeyd edib. “Həmin vaxtdan bəri bir milyarddan çox insanın ifrat yoxsulluqdan xilas olduğunu, qlobal işsizliyin tarixi minimum səviyyəyə düşdüyünü, səhiyyə, təhsil və sosial müdafiəyə çıxışın əhəmiyyətli dərəcədə genişləndiyini gördük”, -deyə o bildirib.
Baş katib çıxışının sonunda Doha Siyasi Bəyannaməsini ortaq problemləri həll edən və hamı üçün daha yaxşı bir gələcəyə ümid verən cəsarətli bir qlobal plan kimi dəyərləndirib, bu sənədin müddəalarını konkret reallığa çevirməyə çağırıb.
Sonra Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Tani sammitdə iştirak edən Belçika, Özbəkistan, Keniya, Konqo Demokratik Respublikası, Monteneqro və başqa ölkələrin prezidentlərini, habelə digər nümayəndələri salamlayıb, mötəbər tədbirin işinə uğurlar arzulayıb.