AZ

Trampın Orta Asiya planında Bakı faktoru - ÖZƏL

ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə 6 Noyabrda Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin iştirakı ilə "C5+1" formatında sammit keçiriləcək. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycanın bu foruma qatılmasının arzuolunan olduğunu bəyan edib. O, Azərbaycanı enerji ehtiyatları, coğrafi mövqeyi və strateji vizyonu sayəsində "Böyük Orta Asiyanın təbii hissəsi" və regional güc kimi qiymətləndirib. Əgər Azərbaycan Prezidenti İlham Əliyev sammitə qatılarsa, bu, onun amerikalı həmkarı ilə üçüncü görüşü ola bilər. Azərbaycandan rəsmi iştirak barədə hələ məlumat yoxdur, çünki tədbir əsasən Mərkəzi Asiya liderləri üçün nəzərdə tutulub.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
"Amerikanın Mərkəzi Asiya ölkələri və Azərbaycana artan marağının ən real səbəbi bu ölkələrin enerji resurslarına zənginliyi və geostrateji mövqeləridir. Trampın indiki məqamda nə etmək istədiyinə baxmaq çox önəmlidir. Mənim düşüncəm ondan ibarətdir ki, Tramp Rusiya-Ukrayna müharibəsinin yaratdığı reallıqlara əsaslanaraq faktiki olaraq Rusiyadan enerji asılığını azaltmaq istəyir.
Bunu da Azərbaycan üzərindən etmək niyyətindədir. Amma aydındır ki, Azərbaycan təkbaşına bu enerji asılığını azalda bilməz. Bizim daxili potensialımız Rusiyanınkı ilə müqayisədə azdır. Lakin bizim yerləşməyimiz, coğrafi mövqeyimiz və ətrafımızdakı ölkələrin enerji resurslarının zənginliyi kollektiv sürətdə ortaq əməkdaşlıqla bu asılığı böyük ölçüdə azalda bilər. Ona görə də bu tipli sammitlər keçirilir. Amerikanın ən böyük istəyi ondan ibarətdir ki, Mərkəzi Asiyanın enerji resursları Azərbaycan üzərindən Avropaya daşınsın. Azərbaycan artıq TANAP və TAP layihələri ilə bunun müəyyən hissəsini həyata keçirir. Bunun həm ötürücülük qabiliyyətinin artırılması, həm də yeni layihələrin , məsələn, Transxəzər layihəsinin icrasına başlanılması kimi addımlarla bu prosesi daha da sürətləndirmək mümkündür. Tramp isə öz hakimiyyət dövründə bunu etməyə çalışır və ümid edirik ki, bunu öz dövründə yekunlaşdıracaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr