AZ

ABŞ-nin Orta Asiya hədəfləri ciddiləşir: Rusiya ilə rəqabətin yeni mərhələsi – ÖZƏL

"ABŞ-nin Orta Asiya dövlətlərinin liderləri ilə sammit keçirməsi, bu ölkənin keçmiş postsovet məkanında hədəflərinin kifayət qədər ciddi olduğunu göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu, eyni zamanda, geosiyasi baxımdan Rusiya ilə rəqabətin yeni mərhələyə qədəm qoyduğunu da nümayiş etdirir. Çünki Rusiya Orta Asiyanı özünün ənənəvi təsir dairəsi hesab edir. İndi isə ABŞ həmin bölgəyə fəal şəkildə nüfuz etməyə başlayıb və Orta Asiya dövlətlərinin liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi planlaşdırılır. Bu, ilk növbədə Rusiyaya, eyni zamanda Çinə yönəlmiş ciddi siyasi mesaj kimi qiymətləndirilə bilər. Çünki son illərdə Çinin də Orta Asiyada təsiri nəzərəçarpacaq dərəcədə artıb.

"Belə bir mühüm toplantının geosiyasi məqsədləri kifayət qədər genişdir. Həm Orta Asiya dövlətlərinin liderləri, həm də Tramp administrasiyası çox yaxşı anlayır ki, ABŞ-nin Orta Asiya ilə strateji münasibətlərinin formalaşması və dərinləşməsi əsasən Azərbaycan üzərindən mümkündür. Orta Asiyaya ən əlverişli çıxış məhz Cənubi Qafqaz və Xəzər dənizi üzərindən təmin olunur. Bu baxımdan Azərbaycan xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Orta Asiya ölkələri ilə ortaq maraqlara, dini yaxınlığa, hətta milli eyniliyə malikdir. Bu mühüm amillər, təbii ki, ABŞ tərəfindən də diqqətdən kənarda qalmır. Azərbaycan həm Türk Dövlətləri Təşkilatının üzvü kimi həmin ölkələrlə sıx əməkdaşlıq münasibətlərinə malikdir, həm də onların Qərbə açılan pəncərəsi rolunu oynayır. Digər tərəfdən, Azərbaycanın ABŞ ilə münasibətləri də yüksək səviyyədədir," - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, bütün bu amilləri nəzərə aldıqda, Azərbaycanın ABŞ-Orta Asiya sammitində iştirakı və bu platforma çərçivəsində əlaqələrin inkişafına verdiyi töhfə son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr