ain.az, Bakupost saytına istinadən bildirir.
“Bu gün hökumətin ancaq hüquqşünaslardan ibarət olan iqtisadi komandasının üzvləri, İqtisadiyyat və Maliyyə nazirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində iştirak ediblər, müxtəlif tezislərlə çıxış ediblər”.
Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, iqtisadiyyatla hüquqşünasların məşğul olduğu səsləndirdikləri bütün bəyanatlardan hiss olunur:
“Məsələlərə “legalist", formal, hüquqi pəncərədən baxmağa çalışmaları iqtisadiyyatı boğur. İqtisadiyyata baxış bucağı çox önəmlidir, əslində iqtisadiyyat dəqiq elm deyil, eyni məqsədə müxtəlif yolla getmək, “sağdan”, “soldan” yanaşmaq mümkündür. Amma sırf hüquqi, “legalist” yanaşma iqtisadiyyata ziyan vurur, məqsədə çatmağın özünün yox, onun “kağız üzərində” doğru olmasını önə çəkir.
İqtisadiyyat və Maliyyə nazirləri çox savadlı hüquqşünaslardır, həm elmi, həm praktik hüquqi bazaları var – buna şübhəm yoxdur. Amma, iqtisadiyyata baxışları kökündən yanlışdır, iqtisadi problemlərə fəlsəfi yanaşmaları yoxdur.
Gəlin bu gün səsləndirilən fikirlərə baxaq. Mikayıl Cabbarov: "2029-cu ildə "Abşeron" yatağının tammiqyaslı işlənməsi ÜDM-yə müsbət təsir göstərəcək".
Yəni, tərcüməsi budur ki, qeyri-neft sektorundan pafoslu danışmağımıza baxmayın, ümid yenə neft-qaz sektorunadır, bir az dözün, 2029-da əlavə neft-qaz hasil olunacaq, vəziyyət düzələcək. Bu bəyanat, əslində, hüquqşünas nazirin real iqtisadiyyata inanmadığını sübut edir.
Nazirin digər bəyanatı. Mikayıl Cabbarov: “Bildiyiniz kimi, 1 yanvar 2026-cı ildən etibarən verilən güzəştin vaxtı bitir. Güzəştin sosial-iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaradıb qorunması üçün, o cümlədən daha aşağı gəlirlilərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft qaz və özəl sektorda da əməkhaqlarının tədricən mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib”.
Ancaq hüquqşünas iqtisadi məsələ haqqında bu qədər uzun və hüquq ağırlıqlı cümlə qura bilərdi. Vergi güzəştləri ləğv edilir – yəni, vətəndaşın vergi yükü artır. İqtisadiyyat naziri bu məsələyə iqtisadi baxmalı idi – deməli idi ki, vergi yükü artanda vətəndaşın istehlak xərcləri azalır, xərclər azalanda istehlak artmır, bu isə iqtisadi aktivliyə ziyan vuracaq. Yəni, İqtisadiyyat Naziri vergilərin azalmasına çalışmalıdır ki, iqtisadi aktivliyin artması mümkün olsun. Bundan başqa, vergi artımı əmək bazarının leqallaşmasına necə müsbət təsir edə bilər axı?!”
Lalə, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.