AZ

Tehran iki həftəyə susuz qala bilər

İranın paytaxtı Tehran barajlardakı su ehtiyatlarının azalması səbəbilə iki həftə ərzində ciddi su böhranı ilə üz-üzə qala bilər.

"Cebheinfo.az" xəbər verir ki, İran mediasına danışan Tehran Su İdarəsinin rəhbəri Behzad Parsa şəhərin əsas su mənbəyi olan Əmir Kəbir Barajında hazırda cəmi 14 milyon kubmetr su qaldığını və bunun barajın tutumunun yalnız 8 faizini təşkil etdiyini açıqlayıb. Parsa mövcud ehtiyatlarla barajın Tehrana maksimum iki həftə daha su verə biləcəyini bildirib və yağıntı miqdarındakı azalmanın bu dramatik enişin əsas səbəbi olduğunu vurğulayıb.

Digər tərəfdən, Tehrana və Əlburz vilayətinə su təmin edən 5 böyük barajın demək olar ki, hamısında su səviyyəsi təhlükəli həddə enib.

Tehrana su verən barajlar arasında ən böyüyü Əmir Kəbir olmaqla Lar, Mamlu, Talikan və Latyan barajları da yer alır.

İranın ümumilikdə son 5 ildə yağıntı miqdarında ciddi azalma müşahidə olunur. Meteoroloji qurumların məlumatına görə, bu il Tehranda mövsüm normalarına nisbətən yağıntılar təxminən 40 faiz az olub.

Xüsusilə yaz aylarında demək olar ki, heç yağıntı düşməməsi barajlardakı ehtiyatların azalmasına səbəb olub. Bu vəziyyət yalnız səthi sulara deyil, yeraltı su ehtiyatlarına da ciddi təsir göstərib.

Tehran Vilayəti Su İdarəsi 20 iyul tarixində İranın son 5 ildə yaşadığı quraqlıq səbəbilə Tehrana su verən barajlardakı ehtiyatların son yüz ilin ən aşağı səviyyəsinə çatdığını açıqlayıb.

Şəhərdə yay aylarında zaman-zaman su kəsintiləri də tətbiq olunub.

İran Prezidenti Məsud Pezeşkiyan 23 iyulda verdiyi açıqlamada Tehrandakı su çatışmazlığının bu sürətlə davam etməsi və həll yollarının tapılmaması halında xalqa su çatdırmağın mümkünsüz olacağını bildirib:

“Enerji balanssızlığı ciddi mərhələdədir. Tehranın həqiqətən suyu yoxdur və əgər bu şəkildə davam edərsə, xalqa su verə bilməyəcəyik”.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr