AZ

Ronaldo: ''Messinin məndən güclü olduğunu düşünmürəm''

Kriştiano Ronaldo britaniyalı jurnalist və aparıcı Pirs Morqana yeni geniş müsahibə verib.

Xatırlayırsızsa, portuqaliyalı superulduzun 2022-ci ildə Morqana verdiyi müsahibə böyük qalmaqala səbəb olmuşdu. O həmin vaxt ''Mançester Yunayted''də forma geyirdi. Həmin müsahibədə Kriştiano ''Yunayted'' və klubun o dönəmdəki çalışdırıcısı Erik ten Haqı sərt tənqid etmiş, daha sonra bu klubdan ayrılaraq Səudiyyə Ərəbistanına yollanmışdı.

Hər iki tərəf yeni müsahibənin anonsunu paylaşıb. Morqanın sözünə görə təkcə müsahibənin anonsu ''x'' və ''instaqram''da 24 saat ərzində 51 milyon baxış toplayıb! Ronaldo isə anonsu öz ''instaqram'' səhifəsində paylaşıb. 47 saniyəlik videoçarxa 24 saat ərzində 1,5 milyondan çox ''layk'' gəlib.

Anonsdan belə bəlli olur ki, Ronaldo müsahibədə bir çox mövzudan - Messidən, Donald Trampdan və Corcina ilə toyundan danışır. Morqanın ''insanlar Messinin səndən daha yaxşı olduğunu söyləyirlər, bu mövzuda nə düşünürsən'' sualına Ronaldo ''bu mövzuda təvazökar olmayacam. Messinin məndən güclü olduğunu düşünmürəm'' cavabını verib.

Bundan başqa Morqan Ronaldoya onun ilk milyoner futbolçu olması barədə də sual ünvanlayıb. Bu məlumatı bir müddəti öncə ''Forbes'' paylaşmışdı. Ronaldo zarafata salaraq ''bu düzgün məlumat deyil, çünki mən illər öncə milyarder olmuşam'' cavabını verib.

Müsahibənin tam versiyası noyabrın 4-də yayınlanacaq.

Seçilən
42
football-plus.az

1Mənbələr