AZ

“İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti tədbiri keçirilib

Bakı, 4 noyabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə tərəfdaşlığı ilə həyata keçirilən "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025" layihəsinin növbəti tədbiri keçirilib.

BDU-dan AZƏRTAC-a verilən məlumata görə, müstəqil Azərbaycanın ilk Baş naziri, fövqəladə və səlahiyyətli səfir, tarix elmləri doktoru Həsən Həsənov “Beynəlxalq münasibətlərdə kommunikasiyanın əhəmiyyəti və təcrübəyə əsaslanan addımlar” mövzusunda çıxış edib. O bildirib ki, beynəlxalq arenada etimadın formalaşdırılmasının diplomatik proseslərə təsiri danılmazdır və kommunikasiya bacarıqları dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır.

Sessiyanın növbəti hissəsində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Müsəlman dünyasında Türkiyənin rolu: çağırışlar və imkanlar” mövzusunda danışıb. Səfir Türkiyənin İslam dünyasında oynadığı mühüm geosiyasi və mədəni roldan, bölgədə baş verən proseslər fonunda qarşıya çıxan yeni çağırışlar və əməkdaşlıq imkanlarından söz açıb.

Sessiyanın sonunda tələbələrin mövzularla bağlı çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, 6 həftə ərzində davam edəcək "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025" layihəsi çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, eləcə də azərbaycanlı rəsmilər və sahə üzrə ekspertlər beynəlxalq münasibətlər, dövlət quruculuğu, İslam sivilizasiyası, İƏT-in dünyada rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzular üzrə məruzələrlə çıxış edəcəklər.

Bununla yanaşı, layihə çərçivəsində Azərbaycanın 5 ali təhsil müəssisəsində müxtəlif İƏT ölkələrini təmsil edən xarici işlər nazirliklərinin, yekun mərhələdə İƏT xarici işlər nazirləri toplantısının simulyasiya konfransları keçiriləcək. Bu simulyasiya konfransında Münsiflər Heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.

Seçilən
23
1
azertag.az

2Mənbələr