AZ

Avaqyanın “Sevan planı”: reallıq, yoxsa seçkiöncəsi siyasi manipulyasiya?- ÖZƏL

Ermənistan Milli Demokratik Partiyasının mətbuat katibi Vaagn Avaqyan iddia edib ki, Prezident İlham Əliyevin son çıxışı Bakının hətta Sevan gölünü "azad etmək" planlarını göstərir. Onun sözlərinə görə, Azərbaycan hərbi büdcəni artırır və ictimai rəyi bu istiqamətdə formalaşdırır. Avagyan bunun fonunda Paşinyan hakimiyyətinin əksinə addımlar atdığını, hərbi xərcləri azaltdığını, xarici borcu artırdığını bildirərək hökuməti tənqid edib. 
Avaqyanın "Sevan planı" iddiası nə dərəcədə realdır və Azərbaycan Prezidentinin çıxışının bu cür şərh edilməsi hansı məqsəd daşıyır?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Ermənistanın Milli Demokrat Partiyasının təmsilçisi Avaqyanın Paşinyan hakimiyyətinin daxili və xarici siyasi kursu barədə açıqlamalarına mənsub olduğu siyasi təşkilatın Paşinyan iqtidarı ilə münasibətləri rakursundan yanaşmaq və qiymət vermək lazımdır. Avaqyanın mətbuat katibi olduğu partiya ölkənin müxalif partiyaları sırasındadır, bu ölkənin sabiq prezidenti Ter-Petrosyan tərəfindən yönləndirilir. Gələn il ölkədə parlament seçkilərinin keçiriləcəyi nəzərə alınarsa, Milli Demokratların konyuktur maraqlarının olması şübhə doğurmur. Parlament partiyası olmaq məqsədilə bu təşkilat fəaliyyətini Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" təşkilatının tənqidi üzərində qurub və Nikolun Real Ermənistan layihəsinin bir sıra müddəalarını bəyənmir.
Paşinyan Ermənistanda sabitlik və tərəqqi naminə Türkiyə və Azərbaycanla münasibətləri qarşılıqlı maraqlar müstəvisində qurmağın məqsədəuyğun olduğunu bildirir, türkcülüyə qarşı uzun müddət ermənilərin bir neçə nəslini ifrat millətçilik və düşmənçilik ruhunda tərbiyə edən erməni kilsəsinin zərərli konsepsiyasından kənarda durmağı, Qarabağı bayraq edərək əslində korrupsiyaya qurşanmış müxalifətin məlum qanadına seçkilərdə dəstək olmaqdan vaz keçməyi tövsiyə edir. Paşinyanın Azərbaycanla münasibətlərdə sülhə çağırışla bağlı təkliflərinə müxalifət və kilsə təslimçilik, Ermənistanın ümummilli maraqlarına xəyanət kimi yanaşır və qarşıdakı seçkilərdə vətəndaşları ona etimadsızlığa dəvət edirlər. Avaqyan kimi şəxslərin açıqlamaları ictimai rəydə çaşqınlıq yaratmağa hesablanıb, bu məqsədlə Azərbaycanın sürətlə silahlanması, Ermənistan torpaqlarına iddiaları ilə bağlı dezinformasiya xarakterli məlumatlar ictimai müzakirədə dövriyyəyə buraxılır. Məqsəd "stəkanda fırtına yaratmaq",  bulanıq suda balıq tutmaq sevdasıdır. Seçkilər yaxınlaşdıqca ictimai rəyə təsir imkanlarını gücləndirmək üçün Avaqyan kimi şəxslərin informasiya müharibəsinə daha fəal şəkildə qatılacaqlarını müşahidə edəcəyik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr