AZ

"Sənəd Azərbaycanın reallıqlarına, beynəlxalq hüquqi standartlara əsaslanırdı" - ŞƏRH OLUNDU

“Konstitusiya istənilən dövlətin müstəqilliyinin və suverenliyinin hüquqi əsasını təşkil edən sənəddir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın qəbul olunması məsələsi daim gündəmdə olub. Lakin 1991–1993-cü illərdə ölkədə təcrübəsiz siyasi qrupların hakimiyyətdə olması, vətəndaş qarşıdurması təhlükəsi və Ermənistanla davam edən müharibə vəziyyəti bu prosesi ləngidib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, yalnız Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə siyasi sabitlik təmin olundu, atəşkəs əldə edildi və Konstitusiya layihəsinin hazırlanmasına şərait yarandı: “1994–1995-ci illərdə onun rəhbərliyi ilə yaradılan Konstitusiya Komissiyasına müxtəlif siyasi qrupların nümayəndələri və təcrübəli hüquqşünaslar cəlb edildi. Hazırlanan sənəd həm Azərbaycanın reallıqlarına, həm də beynəlxalq hüquqi standartlara əsaslanırdı.

1995-ci ildə qəbul olunan Konstitusiya Azərbaycanı demokratik, hüquqi və dünyaya açıq bir dövlət kimi tanıtdı. Sənəd köklü şəkildə əvvəlki Sovet dövrü konstitusiyalarından fərqlənirdi. Konstitusiyada insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların təhlükəsizliyi, məhkəmə müstəqilliyi, azad mətbuat və rəqabətli siyasi fəaliyyət kimi əsas prinsiplər təsbit olundu.

Sonrakı illərdə 3 dəfə Konstitusiyaya əlavələr və dəyişikliklər edilsə də, əsas struktur və mahiyyət dəyişməz qaldı. Bu da Azərbaycanın inkişafında yeni mərhələlərin tələblərinə uyğun olaraq hüquqi çərçivənin tənzimlənməsinə xidmət etdi. Ümumilikdə, 30 illik yol göstərdi ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və strateji yanaşması ölkənin sabit inkişafının bünövrəsini qoyub. Bu Konstitusiya ilə Azərbaycan torpaqlarını işğaldan azad etdi, təhlükəsiz və müasir cəmiyyət qurdu, dünya birliyində layiqli yerini tutdu. Gələcək inkişafda da Konstitusiya və dövlətçilik strategiyası əsas rol oynamaqda davam edəcək”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
42
1
sia.az

2Mənbələr