AZ

Professor: Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı Cənubi Qafqazda sülh və tərəqqinin rəmzi ola bilər

Bakı, 4 noyabr, Xatirə Cəfərova, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində səsləndirdiyi “Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır” fikri dərin tarixi, hüquqi və mənəvi məna daşıyır. Bu bəyanat tarixi ədalətin bərpasına, milli yaddaşın dirçəldilməsinə və sülhün ədalət üzərində qurulmasına yönəlmiş çağırış kimi diqqət çəkir. Prezidentin bu fikri həm xalqımızın tarixi yaddaşının və mənəvi haqlarının bərpasına inamın ifadəsi, həm də dövlətin gücünə, milli birliyə və ədalət ideyasına əsaslanan strateji baxışın göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov bildirib.

Professor qeyd edib ki, XX əsrdə indiki Ermənistan ərazisindən – tarixi Qərbi Azərbaycan torpaqlarından zorla deportasiyaya, etnik təmizləməyə və soyqırımına məruz qalmış azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması onların pozulmuş hüquqlarının bərpası deməkdir. Bu qayıdış, Prezidentin də vurğuladığı kimi, heç kəsi qorxutmamalıdır, çünki o, beynəlxalq hüququn prinsiplərinə, insan haqlarına və tarixi ədalətə əsaslanır.

“Bu gün Azərbaycan regionun ən sabit və ərazi bütövlüyünü tam təmin etmiş güclü bir dövlətidir. Bu reallıq illər öncə baş vermiş haqsızlıqların aradan qaldırılması üçün həm siyasi, həm də mənəvi zəmin yaradır. Zamanında indiki Ermənistan ərazisindən qovulmuş yüz minlərlə insanın, xüsusilə 1987-1991-ci illərdə məcburi köçkünə çevrilmiş soydaşlarımızın dədə-baba yurdlarına qayıtması ideyası bölgədə qarşıdurmaya deyil, ədalətli və uzunmüddətli sülhün, qarşılıqlı etimadın və birgəyaşayışın təmin olunmasına xidmət edir”, - deyə alim bildirib.

Fərrux Rüstəmov bildirib ki, Azərbaycanlıların doğma yurdlarına qayıdışı Ermənistan cəmiyyətində sülhün, tolerantlığın və regional əməkdaşlığın möhkəmlənməsinə, həmçinin iqtisadi və sosial tərəqqinin sürətlənməsinə mühüm töhfə verə bilər. Ümumilikdə azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi dirçəlişin əsas hərəkətverici qüvvəsinə çevrilə bilər.

Azərbaycanın təcrübəsi və potensialı, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramları bu istiqamətdə nümunə ola bilər. Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq platformalarının yaradılması həm iki xalqın rifahına, həm də bütövlükdə regionun iqtisadi təhlükəsizliyinə xidmət edə bilər.

Bu baxımdan, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı Cənubi Qafqazda sülh və tərəqqinin rəmzi ola bilər. Prezident İlham Əliyevin dediyi kimi, bu qayıdışdan qorxmaq yox, onu ümumi gələcək üçün tarixi bir fürsət kimi dəyərləndirmək lazımdır.

 

Seçilən
31
1
azertag.az

2Mənbələr