Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin çıxışı yalnız elm ictimaiyyəti üçün deyil, həm də bütün cəmiyyət üçün ciddi mesaj idi. Dövlət başçısı tarix, yaddaş və milli kimlik məsələlərinə toxunaraq bir daha xatırlatdı ki, Azərbaycanın zəngin tarixi əsrlər boyu təhrif olunub, saxtalaşdırılıb, lakin artıq bu təbliğata qarşı milli həqiqətlərimizi dünyaya çatdırmaq zamanıdır.
Prezident çıxışında bildirdi:“Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan və erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq... Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir – indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O, Göyçə gölüdür”.
Bu fikirlər təsadüfi deyil. Çünki Qərbi Azərbaycan (indiki Ermənistan ərazisi) tarixən Azərbaycan xalqının yaşadığı, qurub-yaratdığı, adlandırdığı torpaqlardır. Lakin bu torpaqlar üzərində son iki əsrdə aparılan siyasət bir millətin yaddaşını xəritələrdən silmək cəhdi idi.
XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Qafqaza köçürülən ermənilər tədricən yerli əhalini sıxışdırmaqla yanaşı, onların yaşadığı kəndlərin, dağların, göllərin, çayların adlarını da dəyişməyə başladılar. Bu proses daha sonra Sovet dövründə rəsmi xarakter aldı. Tarixi sənədlər göstərir ki, 1935-ci ildən etibarən Ermənistanda Azərbaycan mənşəli adların dəyişdirilməsi barədə ardıcıl qərarlar qəbul olunub. 1935–1991-ci illər arasında təxminən 700-dən çox kənd, qəsəbə, dağ, çay və gölün adı dəyişdirilib.
Bu dəyişikliklər sırasında: Göyçə gölü – Sevan gölü, Qəmərli – Artashat, Zəngibasar – Masis, Dərələyəz – Vayots Dzor, Basarkeçər – Vardenis, Uluxanlı – Metsamor, Ağbaba – Ashotsk, Abaran – Aparan, Gümrü – Leninakan, sonra Gyumri, Kəvər – Gavar, Zod – Sotk kimi dəyişikliklər xüsusilə diqqət çəkir.
Bu, sadəcə coğrafi adların dəyişdirilməsi deyildi – bu, tarixə, kimliyə, mədəni irsə qarşı yönəlmiş ideoloji hücum idi. Adını dəyişdirdiyin torpağı yadlaşdırmaq, xalqın köklərini kəsmək deməkdir.

Toponimlərin dəyişdirilməsi, azərbaycanlı əhalinin Qərbi Azərbaycandan deportasiyası ilə tamamlandı. 1948–1953-cü illərdə və 1988–1990-cı illərdə yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin salındı. Onların kəndləri boşaldı, evləri dağıdıldı, qəbiristanlıqlar belə məhv edildi.
Bu prosesdə məqsəd açıq idi – həm fiziki, həm də mənəvi baxımdan Azərbaycan izlərini silmək. Amma yaddaşdan silmək mümkün olmadı.
Qərbi Azərbaycandan deportasiya olunmuş hər bir ailə yaddaşında doğulduğu kəndin adını, dağını, bulağını, məscidini bu günə qədər qoruyub. Onlar üçün Basarkeçər heç vaxt Vardenis, Göyçə heç vaxt Sevan olmayıb.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq Azərbaycan alimlərinə, tarixçilərinə və tədqiqatçılara müraciət etdi ki, bu istiqamətdə daha çox əsərlər yazılmalı, faktlar sənədlərlə sübut edilməlidir :“Həm elmi əsərlər, həm sərgilər, həm tarixi xəritələrin dərc edilməsi. Çar Rusiyası dövrünün xəritələrinə baxmaq kifayətdir ki, görəsən, bu torpaqların kimə məxsus olduğunu. Biz bu həqiqətləri dünyaya göstərməliyik”. Bu, həm elmi, həm milli, həm də siyasi vəzifədir. Çünki toponimlər yalnız ad deyil – xalqın ruhudur. Hər dağın, hər çayın, hər kəndin adı Azərbaycan xalqının bu torpaqlara köklənmiş minillik tarixinin izidir.
Prezidentin “biz o torpaqlara tanklarla yox, avtomobillərlə qayıdacağıq” fikri həm dərin mənəvi, həm də strateji məna daşıyır. Bu qayıdış yalnız coğrafiyaya deyil, tarixi yaddaşa, milli kimliyə, mənəvi irsə qayıdış deməkdir.

Ermənistan illərlə Qərbi Azərbaycan adlarını dəyişdirdi, amma o adlar bu xalqın yaddaşından silinmədi. Onlar nə qədər “Sevan” dedilərsə, Göyçə yenə də öz adını dalğalarının altında qorudu. “Masis” dedikləri dağ hələ də Zəngibasarın, Uluxanlının dağları kimi səslənir.
Qərbi Azərbaycan bir coğrafiya yox, bir xatirə xəritəsidir – silinmiş adların, dağıdılmış yurdların, amma ölməyən yaddaşın xəritəsi. Bu gün Azərbaycan dövləti o yaddaşı bərpa edir, o adları tarixə qaytarır. Çünki tarix saxtalaşdırıla bilər, amma həqiqət heç vaxt ölmür.
Şahanə Rəhimli
Musavat.com