AZ

Azərbaycan məktəblərində erməni dili tədris olunacaq? – VACİB MƏQAMLAR

Azərbaycan məktəblərində erməni dilinin tədrisi ilə bağlı sosial şəbəkələrdə və mediada gedən müzakirələr cəmiyyətin diqqət mərkəzinə çevrilib. Ermənistan tərəfinin bəzi məktəblərdə Azərbaycan və türk dillərinin tədrisinə başlaması fonunda, bənzər addımın Azərbaycanda atılıb-atılmayacağı barədə suallar gündəmə gəlib.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu məsələ hazırda Azərbaycanın gündəmində deyil.

Məzahir

 

Onun sözlərinə görə, yaxın günlərdə Ermənistan tərəfindən verilən açıqlamada qeyd olunub ki, ölkənin bəzi məktəblərində 10–11-ci siniflərdə Azərbaycan və Türk dili tədris olunmağa başlayacaq. Həmçinin, qonşu ölkələrin, İran və Gürcüstanın dillərinin də müəyyən məktəblərdə paralel şəkildə tədrisinə start verilməsi planlaşdırılır.

“Azərbaycanda isə bu istiqamətdə hələlik heç bir rəsmi addım yoxdur. Əgər ölkəmizdə erməni dilinin tədrisinə başlamaq istəsək, bunun üçün bir neçə il vaxt və ciddi hazırlıq prosesi lazım olacaq. Maddi-texniki baza yaradılmalı, bu dili tədris edəcək mütəxəssislər hazırlanmalı, dərs vəsaitləri tərtib olunmalıdır,” – deyə ekspert qeyd edib.

Məzahir Məmmədli əlavə edib ki, Azərbaycan Dillər Universitetində ermənişünas alimlər mövcuddur və bu sahədə müəyyən elmi potensial var. Lakin bütün bunlara baxmayaraq, qısa müddətdə məktəblərdə erməni dilinin tədrisinə başlanılması real görünmür.

“Bu proses yalnız sistemli hazırlıq, vəsaitlərin çapı və tədris stimullarının formalaşmasından sonra mümkün ola bilər. Hazırkı şəraitdə isə belə bir təşəbbüsün reallaşması gözlənilmir,” – deyə təhsil eksperti vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
22
konkret.az

1Mənbələr