AZ

Putinə "Çin tələsi" - Rusiya ilk dəfə yuanla istiqrazlar buraxacaq...


Rusiya ilk dəfə Çin yuanı ilə ifadə olunan dövlət istiqrazları buraxmağa hazırlaşır. Bu qərar sıradan bir maliyyə əməliyyatı deyil - o, Avrasiya məkanında pul, enerji və güc münasibətlərini kökündən dəyişə biləcək strateji dönüş nöqtəsidir.

Moskva Qərb sanksiyalarının yaratdığı maliyyə təcridindən çıxış yolu axtararkən, Pekin bu vəziyyəti öz valyutasının qlobal nüfuzunu artırmaq üçün “mükəmməl fürsət” kimi görür.

Rusiya Maliyyə Nazirliyinin planına əsasən, ümumi dəyəri 400 milyard rubl (təxminən 5 milyard dollar) olan yuan istiqrazları buraxılacaq. Məqsəd, Çinə enerji satışından toplanan, lakin istifadə olunmayan yuanda likvidliyi dövriyyəyə qaytarmaqdır.

Qısamüddətli baxımdan bu addım Rusiyaya daxili maliyyə sabitliyini saxlamağa, büdcə kəsirini qismən bağlamağa və yuanla gəlir əldə edən enerji şirkətlərini dəstəkləməyə imkan verəcək.

Lakin uzunmüddətli perspektivdə vəziyyət fərqlidir. Yuan istiqrazları buraxmaqla Rusiya öz borc mexanizmini Çin maliyyə sisteminə bağlayır, valyuta risqlərini Pekinin qərarlarından asılı vəziyyətə salır və tədricən rublun beynəlxalq rolunu zəiflədir.

Bu, faktiki olaraq Moskvanın maliyyə müstəqilliyini yuana girov qoyması deməkdir.

Çin illərdir ki, yuanı qlobal rezerv valyutasına çevirmək və ABŞ dollarının hegemoniyasını azaltmaq strategiyasını inkişaf etdirmək niyyətini gizlətmir.

Rusiya isə bu prosesdə ilk böyük dövlət miqyaslı tərəfdaş rolunu oynayır.

Yuanla istiqrazların buraxılması ilk növbədə Çinin valyuta zonasını genişləndirir - Avrasiya məkanında yuanla əməliyyatların həcmi artacaq. Digər tərəfdən, Pekin üçün enerji təhlükəsizliyini təmin edir, yəni valyuta risqi yaşamadan Rusiya resurslarını artıq yuanla alır.

Eyni zamanda, Çin maliyyə sisteminə təsir gücü qazandırır – yuan dövriyyəsi artdıqca, Çin Mərkəzi Bankı regionda faiz və likvidlik siyasətinə dolayı yolla təsir göstərə bilir.

Beləcə, yuan təkcə iqtisadi deyil, geosiyasi silah statusu qazanır.

Rusiyanın Çin orbitinə iqtisadi inteqrasiyası Avrasiya məkanında güc mərkəzlərinin yeni bölgüsünü formalaşdırır.

Birincisi, Moskva-Pekin vektoru güclənir, amma bu güclənmə qeyri-bərabər şəkildə Çinin xeyrinə gedir.

Rusiya enerji və xammal mənbəyi kimi Pekinə daha çox bağlı olur. Çin isə texnologiya, istehsal və maliyyə üstünlüyü sayəsində dominant tərəf mövqeyini möhkəmləndirir.

Beləliklə, bu iki dövlət arasında bərabər tərəfdaşlıqdan çox “iqtisadi asılılıq münasibəti” formalaşır.

Digər tərəfdən, yuan istiqrazları Rusiya daxilində sınaq mərhələsi rolunu oynayır. Əgər bu model uğurlu olsa, İran, Hindistan, BƏƏ və Braziliya kimi BRICS ölkələri də regional yuan bazarlarına qoşula bilər.

Bu, dolların qlobal təsirini azaldar, lakin Çin mərkəzli iqtisadi nizamın möhkəmlənməsinə gətirər.

Eyni zamanda, Vaşinqton və Brüssel üçün bu proses sanksiyaların gözlənilməz yan təsirinə çevrilir.

Rusiya Qərb kapital bazarlarından uzaqlaşdıqca, Çin onun yerini aldı. Bu isə uzunmüddətli perspektivdə Qərb sanksiyalarının effektivliyini azalda, eyni zamanda Çin təsir zonasını Avrasiyada dərinləşdirə bilər.

Bununla yanaşı, Türkiyə və Orta Asiya ölkələri üçün bu proses həm risq, həm fürsətdir. Yuanla əməliyyatların artması regionda maliyyə alternativləri yaradır. Amma Rusiya-Çin yaxınlaşması Türkiyənin regional təsir dairəsini daralda bilər.

Əvəzində, Ankara öz enerji tranzit və maliyyə mərkəzi rolunu gücləndirməklə bu balansı qorumağa çalışacaq.

Beləcə, dünyada yeni Avrasiya balans düsturu formalaşacaq. Rusiya yuan istiqrazları ilə Qərb sistemindən kənar öz maliyyə ömrünü uzadır, lakin bu, “azadlıq” deyil, Çindən strateji asılılığın başlanğıcıdır.

Çin isə bu mexanizmlə Avrasiyada maliyyə və valyuta nəzarətini artırır, BRICS və “Qlobal Cənub” üçün yeni iqtisadi nizam modelini təklif edir.

Yekunda formalaşan mənzərə belədir: Qərb Rusiyanı boğmağa çalışır, Çin onu "xilas" edir.

Amma bu əslində xilas deyil, maliyyə tələsidir.

Akif NƏSİRLİ

Seçilən
43
baki-xeber.com

1Mənbələr