AZ

Litvada “Rheinmetall” şirkətinin mərmi zavodunun təməli qoyulub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 4 noyabr, AZƏRTAC

Almaniyanın “Rheinmetall” şirkəti Litvanın Baysoqala şəhərində 155 millimetrlik artilleriya mərmilərinin istehsalı üçün yeni zavodun tikintisinə başlayıb.

AZƏRTAC şirkətin saytına istinadla xəbər verir ki, zavodun təməlqoyma mərasimində Litva Prezidenti Gitanas Nauseda, Baş nazir İnqa Ruginiene və “Rheinmetall” konserninin rəhbəri Armin Papperqer iştirak ediblər. Təxminən 340 hektarlıq ərazidə inşa ediləcək müəssisənin illik istehsal gücü on minlərlə mərmi təşkil edəcək. Zavoda 300 milyon avroya qədər sərmayə yatırılacaq. Yeni kompleksin 2026-cı ildə istismara verilməsi planlaşdırılır. Sifarişlərin həcminə uyğun olaraq istehsal 2027-ci ildən tədricən artırılacaq.

Layihə Litvanın müdafiə sənayesində indiyədək həyata keçirilmiş ən iri investisiya hesab olunur. Prezident Gitanas Nausesa bu addımı strateji qərar adlandırıb.

“Rheinmetall” və Litva hökuməti, həmçinin barıt yüklərinin istehsalı üzrə Mükəmməllik Mərkəzinin yaradılması barədə anlaşma memorandumu imzalayıb. Zavodun NATO-nun şərq cinahında Alyansın müdafiə qabiliyyətinin artırılmasına mühüm töhfə verəcəyi bildirilir. Layihə Almaniya və Litva arasında təhlükəsizlik sahəsində strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
azertag.az

2Mənbələr