AZ

Paşinyan "Qarabağ səhifəsi"ni bağladı, Kremlin "erməni kartı"nı vurdu: İrəvan Rusiyanın Cənubi Qafqaz planını pozur

Rəsmi İrəvanın indiki mövqeyi onu göstərir ki, Ermənistan artıq “Qarabağ üzərindən dövlətçilik” prinsipindən çıxaraq, “sülh üzərindən dövlətçilik” mərhələsinə daxil olmağa başlayıb... Paşinyan hakimiyyətinin praqmatik, həm də, kifayət qədər riskli siyasəti Ermənistanı uzunmüddətli perspektivdə suverenlik və regional sabitlik baxımından, daha dayanıqlı mövqeyə gətirə bilər...

Son vaxtlar Ermənistanın Rusiyanin orbitindən çıxmaq cəhdlərində Paşinyan hakimiyyətinin “Post-Qarabağ doktrinası” xüsusi rol oynayır. Böyük ehtimalla rəsmi İrəvan Rusiyanın Ermənistandakı təsir alətləri sırasına daxil olan "erməni üçlüyü"nə - erməni kilsəsi, oliqarxiya və radikal-revanşist düşərgəyə qarşı mübarizəyə paralel olaraq, bu "doktrina"nı da ön planda saxlamaqla, Cənubi Qafqazda yeni geopolitik düzənin tərkibində yer almaq şansı qazanmağa çalışır. Və bu, Ermənistanın sərhəd qonşuları ilə münasibətlərinin normallaşdırılmasının qaçılmaz olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyanın son bəyanatları, xüsusilə də, Qarabağdan könüllü şəkildə çıxmış ermənilərin “geri qayıdışının sülh üçün zərərli” olması barədə fikirləri, onun regionda Ermənistan üçün formalaşdırmaq istədiyi yeni geopolitik və siyasi-ideoloji kursun əsas istiqamətlərini açıq şəkildə biruzə verir. Belə ki, onun “Qarabağ ermənilərinin qayıdışı təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə geri dönmək deməkdir” açıqlaması yalnız ölkədaxili siyasi mesaj deyil. Çünki bu, həm də həm də Rusiya və Qərb arasında gedən geosiyasi mübarizənin Ermənistan müstəvisindəki əksi kimi dəyərləndirilə bilər.

Digər tərəfdən, baş nazir Nikol Paşinyanın “Ermənistan və Azərbaycan arasında psixoloji münaqişə davam edir, ancaq siyasi cəhətdən artıq bitib” bəyanatı isə kifayət qədər qəliz prosesin etirafı kimi görünür. Çünki hazırda baş verənlər Ermənistanın və erməni toplumunun “münaqişə sonrası siyasi psixologiya” dövrünə daxil olduğunu göstərir. Və bu, Ermənistanın postsovet dövründə ən radikal siyasi-ideoloji transformasiyası kimi də qiymətləndirilə bilər.

88deec23e572911d3d2c12bf0079efbd.jpg

Maraqlıdır ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ermənipərəst analitiki Sergey Markedonovun fikrincə, baş nazir Nikol Paşinyan Ermənistanın siyasi sistemindən "müharibə partiyası"nı çıxarmağa və münaqişə dövründə yaranmış "milli kimlik" sindromunu aradan qaldırmağa çalışır. Bu yanaşma isə Ermənistan üçün yeni təhlükəsizlik konsepsiyasına keçidi də zəruri edir.

Ancaq bu proses hazırda Ermənistan daxilində olduqca ciddi müqavimətlə qarşılanır. Belə ki, köhnə siyasi elita, xüsusilə də, radikal-revanşist "Qarabağ klanı" və Rusiya yönümlü erməni kilsəsinin təsiri altında olan qüvvələr Paşinyan hakimiyyətinin siyasətini “tarixi kapitulyasiya” mövqeyi kimi qiymətləndirir. Və bu, 2021-ci ildən üzü bəri ölkə daxilində yaranmış dərin siyasi-ideoloji qütbləşmənin əsas səbəblərindən biri hesab olunur.

Digər maraqlı məqamlardan biri də odur ki, Ermənistan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Qarabağı könüllü tərk etmiş təxminən 21 916 nəfər erməni Ermənistan vətəndaşlığı üçün rəsmi müraciət edib. Onlardan hələlik 14 064 nəfərinə Ermənistan vətəndaşlığı verilib və geri qalanlarının müraciəti hələ də araşdırma mərhələsindədir. Bu önəmli və rəsmi açıqlama əsas əhəmiyyət daşıyan nəticənin çıxarılmasına tamamilə imkan verir. Belə ki, Qarabağdan könüllü köçən ermənilərin real sayı əslində, 2023-cü ilin payızında iddia edilən “100 min nəfər”dən bir neçə dəfə az olub.

Bütün bunlara paralel olaraq, ABŞ-dakı "Carnegie Endowment for International Peace" təşkilatının Qafqaz üzrə eksperti Tom de Vaal isə iddia edir ki, Paşinyan hakimiyyəti üçün hazırda əsas təhlükə mənbəyi "itirilmiş torpaqlar" sindromu deyil. Çünki Ermənistan cəmiyyəti indi daha çox "itirilmiş milli kimlik" sindromunun girovuna çevrilmiş durumdadır. Və ona görə də, erməni toplumunun bir hissəsi hələlik "münaqişəsiz Ermənistan ideyası"na hazır deyil.

0fb43174b85d09d7759ddd70b8d38996.jpg

Təbii ki, Ermənistanda hazırda mövcud olan ölkədaxili situasiyanın formalaşmasında Rusiyanın rolunu da nəzərə almaq lazımdır. Çünki Kreml son bir il ərzində "Qarabağ ermənilərinin geri qaytarılması ideyası"nı yenidən aktiv şəkildə gündəmə gətirməyə çalışır. Belə ki, Kreml bu məsələni həm humanitar, həm də “münaqişənin dayanıqlı həlli” ilə arqumentləşdirməyə yönəlik cəhdlər göstərsə də, əslində, əsas məqsədin məhz Rusiyanın Cənubi Qafqaz regionunda itirilmiş ənənəvi təsir mexanizmlərini yenidən bərpa etmək olduğunu anlamaq o qədər də çətin deyil.

Məsələ ondadır ki, Kreml əsas hədəf olaraq, Ermənistanı yenidən Rusiyadan asılı təhlükəsizlik sisteminə qaytarmaqdır. Ancaq Paşinyan hakimiyyətinin “Qarabağ səhifəsini bağlamaq” strategiyası bu planı ciddi şəkildə əngəlləyir. Rus politoloq Dmitri Trenin fikrincə, Paşinyan hakimiyyəti Rusiyanın "konflikt idarəçiliyi" modelini qəbul etmir. Rəsmi İrəvan sülhü və sabitliyi Rusiyanın iştirakı olmadan, Qərb formatında reallaşdırmaq istəyir. Bu isə Rusiyanın Cənubi Qafqazdakı maraqlarına sarsıdıcı zərbədir. Bu baxımdan, baş nazir Nikol Paşinyanın “geri qayıdış təhlükəlidir” bəyanatı Kremlin ənənəvi “erməni kartı”nın itirilməsini də simvolizə edir. Və bu, Rusiya üçün həm propoqanda-informasiya, həm hərbi-strateji təhlükəsizlik, həm də geopolitik təsir vasitələrinin daralması deməkdir.

Bunun əksinə, Paşinyan hakimiyyətinin son illərdə Qərblə intensivləşən diplomatik əlaqələri, xüsusilə də ABŞ, Fransa və Avropa Birliyi ilə təhlükəsizlik sahəsində əməkdaşlıq Ermənistanın geopolitik kursunun artıq ciddi şəkildə dəyişdiyini göstərir. Belə ki, 2024-2025-ci illərdə Avropa Birliyinin "mülki müşahidə missiyası"nın mandatının yenidən uzadılması, ABŞ ilə "müdafiə dialoqu"nun gücləndirilməsi bu istiqamətdə nəzərə çarpan əsas göstəricilərdir.

904ee05b8d6060076c115a4521d58b32.jpg

"European Council on Foreign Relations" təşkilatının Qafqaz üzrə eksperti Gustav Qresselin fikrincə, Paşinyan hakimiyyəti anlayır ki, Ermənistanın təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunması artıq mümkün deyil. Ona görə də, erməni baş nazir Ermənistanı Qərbin nəzarət etdiyi yeni təhlükəsizlik arxitekturasına daxil etməyə cəhd göstərir. Bu, həm də Paşinyan hakimiyyətinin “post-Qarabağ doktrinası”nın əsas siyasi hədəfi sayılır. Yəni, Ermənistan üçün sülhü və sabitliyi Rusiyanın vasitəçiliyi ilə deyil, məhz beynəlxalq legitimliyə təminat verə biləcək Qərb diplomatiyası çərçivəsində qazanmağa cəhd göstərilir.

Beləliklə, Paşinyanın hakimiyyətinin mövqeyi və atdığı addımlar onu göstərir ki, Ermənistan artıq “Qarabağ üzərindən dövlətçilik” mərhələsindən çıxaraq, “sülh üzərindən dövlətçilik” mərhələsinə daxil olmağa başlayıb. Əslində, bu, Ermənistan üçün həm siyasi-ideoloji, həm də geopolitik baxımdan, olduqca radikal dəyişiklik modelidir. Və Rusiya ilə münasibətlərin gərginləşməsi, KTMT-da fəaliyyətin faktiki olaraq, dayandırılması, eləcə də, Qərb yönümlü siyasi kursun dərinləşdirilməsi Ermənistanın Cənubi Qafqazda "müstəqil aktor" olmaq istəyinin təzahürüdür.

Ancaq bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyətinin bu strategiyasının qarşısında həm daxili (mühafizəkar revanşizm, erməni kilsəsi və Rusiya yönümlü siyasi düşərgə), həm də xarici (Kremlin iqtisadi-ticari və propoqanda-informasiya təzyiqləri) təhlükə riskləri də dayanır. Bununla belə, Paşinyan hakimiyyətinin praqmatik, həm də, kifayət qədər riskli siyasəti Ermənistanı uzunmüddətli perspektivdə suverenlik və regional sabitlik baxımından, daha dayanıqlı mövqeyə gətirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
30
musavat.com

1Mənbələr