AZ

Ölkə rəhbərliyi elm və texnologiyanı vahid strateji xətt kimi görür

Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında elmin ölkənin gələcəyi üçün strateji əhəmiyyətini xüsusi vurğuladı. Bu çıxışda Prezident, təkcə elm adamlarına deyil, bütövlükdə cəmiyyətə ünvanlanan strateji mesajlarla yeni dövrün istiqamətlərini müəyyənləşdirdi. 
Cənab İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan elminin inkişafı ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin tərkib hissəsi olub. Bu xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın inteqrasiyasını təmin etmək siyasətində öz davamını tapmaqdadır. 
Həqiqətən də o dövrdə elmə böyük həcmdə kapital qoyuluşu edildi. Bir çox yeni elmi-tədqiqat institutları, laboratoriyalar və texniki bazalar yaradıldı və ya mövcud olanlar gücləndirildi, ən vacib addımlardan biri kimi isə gənc azərbaycanlı kadrların ixtisaslaşdırılmış elmi biliklər əldə etməsi üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə və elmi mərkəzlərinə kütləvi şəkildə göndərilməsi oldu. Ulu Öndər Heydər Əliyevin bu siyasəti Azərbaycanda güclü elmi məktəblərin yaranmasına zəmin yaratdı və müstəqillik dövründə ölkənin iqtisadi və intellektual inkişafının əsasını qoydu. Bu gün isə Akademiyanın infrastrukturunun yenilənməsi, Elmin İnkişafı Fondu, "Elm haqqında" Qanun, dövlət proqramları və milli strategiyaların qəbul edilməsi – Azərbaycan elminin müstəqillik dövründəki, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafının əsas sütunlarını təşkil edir. Bu tədbirlər Elmin İnkişafı üzrə Milli Strategiyanın və dövlətin elmə dair kompleks yanaşmasının əsas elementləridir. Ümumilikdə, bu kompleks tədbirlər paketi Azərbaycan elminin yalnız ənənəvi sahələrdə deyil, həm də innovasiya, rəqəmsallaşma, süni intellekt və yüksək texnologiyalar kimi yeni sahələrdə inkişafına şərait yaratmaq məqsədi daşıyır. Bu, Prezidentin çıxışında da vurğulandığı kimi, elmin praktiki nəticələrinin ölkə iqtisadiyyatının inkişafına inteqrasiyasını təmin edir. 
Dövlət başçısının “elmin inkişafı dövlətin müstəqilliyi və təhlükəsizliyinin etibarlı təminatıdır” fikri göstərir ki, bu istiqamət yalnız mədəni və mənəvi dəyər deyil, həm də milli təhlükəsizlik amilidir. Məlum olduğu kimi, son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artırılıb. Bu artım elmin iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilməsi siyasətinin nəticəsidir. Elm iqtisadiyyat və sənaye ilə sıx bağlı olmalıdır və bu istiqamətdə artıq yeni idarəetmə modeli formalaşır. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə elmi islahatlar və inkişaf strategiyası ilə bağlı çıxışlarının və qərarlarının mərkəzi tezisidir. Elm, iqtisadiyyat və sənayenin sıx bağlılığı elmin sadəcə nəzəriyyə və fundamental tədqiqatlarla məşğul olmaqla kifayətlənməməsi, əksinə, ölkənin iqtisadi dayanıqlığını və rəqabət qabiliyyətini artıran praktiki həllər təqdim etməsidir. Bu yeni idarəetmə modeli sayəsində Azərbaycan elminin birbaşa ölkənin iqtisadi dayanıqlığına, texnoloji müstəqilliyinə və sənaye potensialına xidmət etməsi mahiyyətini dəqiqliklə ifadə edir. 
İlham Əliyev çıxışında XXI əsrin əsas çağırışlarından biri olan süni intellektin inkişafına xüsusi yer ayırdı. O bildirdi ki, artıq dünyanın gələcək inkişafı bu sahə ilə birbaşa bağlıdır və Azərbaycan burada geri qalmamalıdır. Dövlət başçısı alimləri və elmi institutları bu prosesdə fəal iştiraka dəvət etdi, süni intellektin iqtisadiyyatda, texnologiyada və idarəetmədə tətbiqinin vacibliyini vurğuladı.
Bu yanaşma göstərir ki, ölkə rəhbərliyi elm və texnologiyanı vahid strateji xətt kimi görür. Süni intellekt və rəqəmsallaşma artıq Azərbaycanın iqtisadi və təhlükəsizlik sistemlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Prezident bu istiqamətdə yaradılan Kibertəhlükəsizlik Mərkəzinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyətini də xatırladaraq, bu sahədə elmi potensialın səfərbər edilməsinin vacibliyini önə çəkdi
Prezident çıxışının sonunda elmin cəmiyyətin inkişafında əvəzolunmaz rolunu bir daha diqqətə çatdırdı, elmin yalnız laboratoriyada yox, dövlət idarəçiliyinin fəlsəfəsində, milli ruhun dərin qatlarında formalaşdığını, elmi tərəqqi olmadan ölkənin davamlı inkişafını təmin etməyin mümkün olmadığını xüsusilə vurğuladı.  
Beləliklə, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səslənən çıxışı dövlətin elmə, texnologiyaya və milli kimliyə yanaşmasının konseptual çərçivəsini müəyyənləşdirdi.

Anar Məmmədov,

Milli Məclisin deputatı

Seçilən
32
1
ikisahil.az

2Mənbələr