AZ

Sudanda milyonlarla insan aclıq təhlükəsi altındadır

Sudandakı humanitar böhran sürətlə pisləşir. BMT-dən verilən yeni məlumatlara görə, Darfur və Kordofanın bəzi ərazilərində davam edən döyüşlər və əhalinin yardımdan tamamilə məhrum edilməsinə səbəb olan mühasirə səbəbindən tammiqyaslı aclıq artıq təsdiqlənib.

İnteqrasiya olunmuş Qida Təhlükəsizliyi Mərhələ Təsnifatının (İQTMT) son hesabatına əsasən, ölkə daxilində 21 milyondan çox insan kəskin qida çatışmazlığı ilə üzləşir - bu, dünyada ən böyük belə böhrandır.

Aclıq kök salır

Təhlilə görə, Şimali Darfurdakı El Faşer və Cənubi Kordofanın Kaduqli şəhərlərində aclıq şəraiti davam edir, burada ailələr yarpaq, heyvan yemi və otla dolanmağa məcburdurlar.

Ölkə üzrə təxminən 375 min  insan 5-ci mərhələnin "fəlakətli" qida təhlükəsizliyinə uyğun bir vəziyyətdədir. Bu o deməkdir ki, onlar aclıq həddindədirlər. 

BMT agentlikləri və humanitar tərəfdaşlar tərəfindən istifadə edilən IPC sistemi böhranları beş mərhələdə qiymətləndirir, beşinci mərhələ isə kəskin qidalanma çatışmazlığı və artan ölüm halları deməkdir. 

Əl Faşer Mühasirəsi

Ötən həftə Təcili Müdaxilə Qüvvələri (TMQ) tərəfindən Əl Faşerin ələ keçirilməsindən bəri - 500 gündən çox mühasirədən sonra - mülki şəxslər kritik vəziyyətdədirlər. BMT-nin məlumatına görə, humanitar işçilər də daxil olmaqla yüzlərlə mülki şəxs öldürülüb və bir çoxu mühasirədədir. 

Çoxsaylı təcili müraciətlərə baxmayaraq, şəhər qida, dərman və humanitar yardımdan məhrumdur.

BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi (OCHA) vəziyyəti "qəbuledilməz" adlandırıb və humanitar karvanlar üçün dərhal təhlükəsiz keçid tələb edib.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMQ) məlumatına görə, oktyabr ayının sonundan bəri təxminən 71 min insan Əl Faşerdən və ətraf ərazilərdən qaçıb. Bir çox insan yol boyu qətllər, adam oğurluğu və cinsi zorakılıq barədə məlumat verib.

Köçkünlərin əksəriyyəti Tavila şəhəri yaxınlığında müvəqqəti sığınacaq tapıb. Onlar açıq havada yatırlar və qida və təmiz suya çıxışları yoxdur.

Kordofanda zorakılıq

Qonşu Kordofan bölgəsində son günlərdə zorakılıq yenidən alovlanıb və on minlərlə insan didərgin düşüb. 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ötən həftə Kaduqlidə raket hücumu nəticəsində müvəqqəti sığınacaqlarda olan ən azı səkkiz uşağın öldüyünü bildirib. 

"Mülki əhali üçün fəlakət"

BMT-nin Sudandakı humanitar koordinatoru Denis Broun vəziyyəti "cəbhə xətti arasında qalan, yardıma çıxışı olmayan və kütləvi aclıq həddində olan mülki əhali üçün fəlakət" adlandırıb. 

O, təcili atəşkəs, eləcə də mülki əhalinin qorunması və humanitar işçilər üçün sərbəst giriş çağırışını təkrarlayıb.

Bu arada, donorlar BMT-nin bu il Sudanda humanitar yardım planının həyata keçirilməsi üçün lazım olan 4,16 milyard dolların yalnız 28 faizini təmin ediblər. Təşkilat xəbərdarlıq edir ki, hərbi əməliyyatlara son qoyulmasa və humanitar yardımda əhəmiyyətli artım olmasa, milyonlarla sudanlı yaxın aylarda fəlakətli aclıqla üzləşə bilər.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
39
azerbaijan-news.az

1Mənbələr