AZ

Ali dini rəhbər Trampın qarşısında İranın 3 ağır şərtini qoydu...


İranın ali dini rəhbəri Əli Xamneyinin son bəyanatı beynəlxalq siyasət səhnəsində yeni gərginlik dalğasının başlanğıcı kimi qiymətləndirilir. O, ABŞ-la mümkün əməkdaşlıq üçün üç əsas şərt irəli sürüb - Vaşinqtonun İsrailə dəstəyini tam dayandırması, Yaxın Şərqdəki hərbi bazalarını ləğv etməsi və regionun daxili işlərinə müdaxilədən imtina etməsi.

Bu tələblər ilk baxışda siyasi ritorikanın bir hissəsi kimi görünə bilər, lakin əslində İran diplomatiyasının ideoloji və strateji təməl prinsiplərini əks etdirir. Xamneyinin bəyanatı həm daxili, həm də xarici auditoriyaya yönəlmiş çoxqatlı mesaj daşıyır.

Daxili planda bu çıxış İslam İnqilabı ideallarının qorunması, Qərbə qarşı müqavimət xəttinin davamlılığı və xalq arasında milli kimliyin ideoloji dayaqlarının gücləndirilməsi məqsədi güdür. İran rəhbərliyi ABŞ-la mümkün yaxınlaşmanı cəmiyyətə “siyasi zərurət” deyil, “ideoloji güzəşt” kimi təqdim olunacaq risqli addım hesab edir. Bu səbəbdən Xamneyinin bəyanatı, həm də İran daxilindəki siyasi elitalar və mühafizəkar dairələr üçün bir siqnaldır, yəni Tehran ideoloji istiqamətindən geri çəkilmək niyyətində deyil.

Xarici auditoriya baxımından isə bu şərtlər İranın regiondakı statusunu qorumaq və beynəlxalq oyunçulara, xüsusilə ABŞ, Rusiya, Çin və Türkiyəyə strateji mesaj göndərmək xarakteri daşıyır. İran Vaşinqtona açıq şəkildə bildirir ki, onunla dialoq yalnız güc balansı və qarşılıqlı hörmət prinsipi üzərində mümkün ola bilər. Bu, əslində, “şərti dialoq” konsepsiyasıdır: Tehran formal şəkildə əməkdaşlığa qapını açıq saxlayır, amma bu qapıdan kimin və hansı şərtlərlə keçəcəyinə özü qərar vermək istəyir.

Bununla yanaşı, Xamneyinin irəli sürdüyü şərtlər real siyasət baxımından mümkün deyil. ABŞ-ın İsrailə dəstəyini tam dayandırması, Yaxın Şərqdən hərbi qüvvələrini çıxarması və regional məsələlərə müdaxilədən imtina etməsi Vaşinqtonun qlobal strategiyasının əsas sütunlarının sarsılması demək olardı. ABŞ üçün İsrail Yaxın Şərqdə strateji dayaq, regiondakı hərbi mövcudluq isə enerji marşrutlarının və təhlükəsizlik balansının qorunması vasitəsidir. Buna görə də Xamneyinin tələbləri daha çox “siyasi qırmızı xətt” kimi qiymətləndirilməlidir. Yəni Tehran üçün prinsipial, lakin reallaşması mümkünsüz olan simvolik tələblər toplusudur.

Əslində, bu addım İranın uzunmüddətli geosiyasi davranış modelinə tam uyğundur. Tehran tarixi olaraq Qərblə birbaşa qarşıdurmanı seçsə də, dolayısı ilə diplomatik kanalları açıq saxlayaraq “görünməz dialoq” siyasəti aparıb. Hazırkı mərhələdə də bu xətt davam edir: İran ABŞ-la açıq əməkdaşlıq etmədən, ancaq danışıqlar imkanını tam bağlamadan öz təsir gücünü qorumağa çalışır.

Bu siyasətin arxasında həm də praqmatik hesablamalar dayanır. İran iqtisadi sanksiyalar, valyuta böhranı və enerji ixracatına qoyulan məhdudiyyətlər səbəbindən ciddi təzyiq altındadır. ABŞ-la gərginliyin azaldılması, heç olmasa dolayı danışıqlar mühiti yaratmaq Tehran üçün iqtisadi nəfəslik deməkdir. Lakin Xamneyi bunu açıq şəkildə etiraf edə bilməz - bu, ideoloji zəiflik kimi görünərdi. Buna görə də o, əməkdaşlıqdan danışarkən “şərtli” və “ideoloji müdafiə” formasında çıxış edir.

Digər tərəfdən, İranın bu ritorikası regiondakı tərəfdaşlarına, xüsusilə Rusiyaya və Çinə də ünvanlanmış mesajdır. Tehran göstərmək istəyir ki, ABŞ-la münasibətlərində tam ideoloji blokada yoxdur və istənilən halda öz oyun qaydalarını müəyyənləşdirə bilir. Bu, həm də Moskva və Pekinə bir xəbərdarlıqdır: İran heç bir qlobal gücün təsiri altında deyil və öz qərarlarını müstəqil şəkildə verir.

İranın Yaxın Şərqdəki nüfuz alətləri - İraq, Yəmən, Livan və Suriyadakı proksi qüvvələr - hələ də onun əsas regional təzyiq vasitəsidir. Tehran yaxşı anlayır ki, Vaşinqton regionda diplomatik fəallığını artırarsa, növbəti mərhələdə bu şəbəkələr ABŞ-ın əsas hədəfinə çevriləcək. Buna görə də Xamneyinin bəyanatı həm də qabaqlayıcı müdafiə strategiyasının bir hissəsidir.

Beləliklə, Əli Xamneyinin “üç ağır şərt”i reallıqda ABŞ-la əməkdaşlığa yol açmaqdan daha çox, onun mümkün sərhədlərini müəyyənləşdirmək məqsədi daşıyır. Bu, diplomatik baxımdan reallaşması çətin, lakin strateji baxımdan ciddi mesajdır. İran bu yolla həm ideoloji qapılarını bağlamadan öz mövqelərini qoruyur, həm də regiondakı oyunçulara xəbərdarlıq edir ki, onunla danışıqsız yeni siyasi düzən qurmaq mümkün deyil.

Xamneyinin bəyanatı göstərir ki, İran ABŞ-la əməkdaşlığı tam istisna etmir, lakin bu əməkdaşlığı yalnız öz geosiyasi maraqlarına xidmət etdiyi halda, bərabərhüquqlu tərəf kimi qəbul etməyə hazırdır. Bu isə o deməkdir ki, yaxın perspektivdə Tehran-Vaşinqton münasibətlərində ciddi irəliləyiş gözləmək real deyil, lakin tərəflər arasında “soyuq dialoq” dövrü artıq başlayıb.

Akif NƏSİRLİ

Seçilən
41
baki-xeber.com

1Mənbələr