
Avropa İttifaqına yeni ölkələrin 2030-cu ilə qədər qoşulması mümkündür.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidməti rəhbəri Kaja Kallas Brüsseldə keçirilən mətbuat konfransında — Avropa Komissiyasının (AK) genişlənməyə dair illik hesabatını təqdim edərkən bildirib.
“Biz hesab edirik ki, yeni ölkələrin Aİ-yə 2030-cu ilə qədər qoşulması real hədəfdir”, – deyə o qeyd edib. Diplomatın sözlərinə görə, ən yaxın perspektivlər Albaniya, Moldova, Ukrayna və Monteneqronu gözləyir.
Kallas vurğulayıb ki, Ukraynanın Aİ-yə üzvlüyü həm də təhlükəsizlik zəmanəti kimi qiymətləndirilməlidir.
Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos isə bildirib ki, Avropa Komissiyası Monteneqronun 2026-cı, Albaniyanın 2027-ci, Ukrayna və Moldovanın isə 2028-ci ilə qədər üzvlük danışıqlarını tamamlamasını dəstəkləyir. O əlavə edib ki, hər dörd ölkədə islahatlar sürətləndirilməlidir.
Kos həmçinin təsdiqləyib ki, Aİ-nin genişlənməsi prosesi Avropanın hərbi təhlükəsizliyinin mühüm elementi kimi qiymətləndirilir və Avropanın birləşməsi prosesi başa çatdıqda qitədə azadlıq, sülh və rifah tam təmin olunacaq.