AZ

Aİ ilə ABŞ arasındakı gömrük razılaşması Almaniya iqtisadiyyatına təsir edir

Berlin, 4 noyabr, AZƏRTAC

İyulun 27-də Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında imzalanan gömrük razılaşması Almaniyanın ixracyönümlü iqtisadiyyatına mənfi təsirini göstərməkdədir.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, avqustdan etibarən ABŞ-a ixrac son beş ayda ardıcıl azalır.

Xarici Ticarət Assosiasiyasının (BGA) prezidenti Dirk Yandura yeni gömrük tariflərinin bir çox şirkətlər üçün ABŞ bazarını iqtisadi cəhətdən cəlbedici olmaqdan çıxardığını bildirib. Razılaşmaya əsasən, avqustun 1-dən etibarən ABŞ-da Avropa avtomobillərinə tətbiq edilən gömrük rüsumu 27,5 faizdən 15 faizə endirilsə də, bu, əvvəlki 2,5 faizlə müqayisədə hələ də yüksəkdir. Alman Avtomobil Sənayesi Assosiasiyasının (VDA) prezidenti Hildeqard Müller əlavə olaraq polad və alüminium məhsullarına tətbiq edilən rüsumların, eləcə də yük avtomobillərinə və avtobuslara qoyulan yeni vergilərin sektora ciddi zərbə vuracağını qeyd edib. Bununla yanaşı, Aİ qarşılıqlı öhdəlik kimi ABŞ istehsalı avtomobillərin Avropaya rüsumlardan azad şəkildə idxalına razılıq verməsi ilə əvvəllər qüvvədə olan 10 faizlik idxal rüsumu ləğv edilib.

Vəziyyət maşınqayırma sektoruna da ciddi təsir edir. Alman Maşınqayırma Assosiasiyasının (VDMA) məlumatına görə, ABŞ bəzi məhsullar üçün 15 faiz baza tarifinə əlavə olaraq, tərkibində polad və alüminium olan hissələrə 50 faizə qədər əlavə rüsum tətbiq edir. Bu qaydanın dekabrdan daha çox məhsula şamil ediləcəyi gözlənilir.

Almaniyanın əczaçılıq və kimya sənayesi də vəziyyətdən narahatdır. ABŞ Almaniyanın dərman ixracının təxminən 25 faizini təşkil edir və bu bazarda satış həcmi 600 milyard dollardan çoxdur. Hazırda dərmanlara 15 faizlik rüsum tətbiq olunsa da, bu sahədə 2026-cı ildə gəlir və investisiyalarda azalma gözlənilir. Kimya sənayesi də ABŞ-ın gömrük tarifləri nəticəsində satışların azalmasından əziyyət çəkir. Ötən il Almaniyanın kimya sektoru ABŞ-a 10,2 milyard avro dəyərində məhsul ixrac edib ki, bu da ümumi ixracın 8 faizinə bərabərdir. Alman Kimya Sənayesi Birliyi (VCI) 2025-ci ildə istehsal həcminin 2 faiz azalacağını, yaxın gələcəkdə nə daxili, nə də xarici bazarda dirçəlişin gözlənilmədiyini açıqlayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
17
1
azertag.az

2Mənbələr