Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb. İndi prokurorlar dövlət ittihamını elan edirlər. Bu ittiham sənədi 1988-ci ildən indiyə qədər Ermənistanın Azərbaycana təcavüzünün, demək olar ki, bütün tarixi ardıcıllığını göstərir. SənəddəErmənistanın təcavüzkarlıq ideologiyasını dövriyyəyə buraxması, təcavüzkarlıq məqsədilə xüsusi silahlı dəstələr yaratması, təcavüzkar müharibə planını hazırlaması kimi ciddi faktlar var.
Bu ittiham aktının daha geniş yayılması, bütün xalqın onunla tanış olması üçün məhkəmə başa çatdıqdən sonra bu ittiham aktının tam şəkildə çap edilib ictimaiyyətə çatdırılmasına ekspertlər necə baxır? Ümumiyyətlə, ittiham aktını tam şəkildə çap etmək olarmı? Çünki bu ittiham aktı Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə planını hazırlaması və həyata keçirməsinin tam anatomiyasını açır. Yəni necə oldu ki, bu təcavüzkar birliklər yarandı, erməni əhalini silahlandırdılar, onlar azərbaycanlıları kütləvi şəkildə öldürdülər, məqsəd nə idi, onlar hansı təcavüzkar ideologiyadan qidalanırdılar, haralardan dəstək alırdılar və sair məsələlərittiham aktında əskini tapır.
Rauf Zeyni: “Məhkəmənin yekun qərarının tam mətni çap edilərək, həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çatdırılmalıdır...”
Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, əsrin məhkəməsi kimi xarakterizə edilən Bakı məhkəməsi Azərbaycan, region və dünya tarixində çox böyük əhəmiyyət kəsb edir. “Bir qonşu dövlətin öz qonşusunun torpaqlarını işğal etməsi, ona qarşı soyqırım, terror, işğalçılıq siyasəti həyata keçirməsi çox dəhşətli bir hadisədir. Xüsusilə də bizim yaşadıqlarımızı dünya bilməyəndə bu ikiqat dəhşət olur. Bu, Ermənistan dövlət rəhbərliyinin qondarma “Arsaxın” “başçıları, Ermənistan Milli Assambleyası, bütün dünya erməniləri, erməni kilsəsi ilə birlikdə həyata keçirdiyi vəhşiliklərdir, insanlığa sığmayan soyqırım cinayətləridir. Məhkəmənin yekun qərarının tam mətni çap edilərək həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çatdırılmalıdır ki, həm özümüz, həm də beynəlxalq aləm Ermənistanın Azərbaycana qarşı törətdiyi bəşəri cinayətlərdən geniş şəkildə məlumat əldə etsin. Çünki bizim bildiklərimiz heç də məsələnin tam mahiyyəti deyil. Məsələ tam şəkildə məhkəmənin yekun sənədində öz əksini tapacaq. Bu faciələr, bu həqiqətlər tam şəkildə Azərbaycan xalqına çatdırılmalıdır”.
R.Zeyninin sözlərinə görə, bu elə bir tarixi məqamdır ki, biz bu tarixi sənəddən istifadə edib bütün dünya ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətindən xəbərdar etməliyik. “Məhkəmənin ittiham aktı yalnız Azərbaycan dilində olmamalıdır, biz onu bütün dillərə tərcümə edib beynəlxalq səviyyədə yaymalı, bütün dövlətlərin parlamentlərinə, QHT-lərinə göndərməliyik. Bizimlə əməkdaşlıq edən beynəlxalq təşkilatlara da məhkəmənin yekun sənədi göndərilməlidir ki, sonra onlar “bizim məlumatımız olmayıb” deməsinlər. Yəni onlara söz demək imkanı verməməliyik”-deyə R.Zeyni bildirdi.
Xəyal Bəşirov: “Məhkəmə sənədinin qanunamüvafiq şəkildə yayılması çox yaxşı addım olardı”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov da "Bakı-Xəbər"ə bildirdi ki, uzun illər Azərbaycan xalqına qarşı ağır və xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərin bir qismi Azərbaycan məhkəməsi qarşında mühakimə olunurlar. “Onlarla bağlı açıq məhkəmə prosesi həyata keçirilir. Orda dövlət sirrini təşkil edən məqamlar varsa onlarla bağlı dövlət tədbir görəcək, o istiqamətdə məhkəmələrin qapalı keçirilməsi təmin olunub, olunacaq. Burda söhbət bir dövlətin, bir toplumun 30 ildən artıq bir müddət ərzində digər dövlətə və xalqa qarşı törətdiyi ağır cinayətlərdən gedir ki, bu cinayətlərin gizlədilməsi ümumiyyətlə mümkün deyil. Xocalı, Qaradağlı, Başlıbel, Daşaltı, Kərkicahan olayları kimi faciələrin, soyqırım aktlarının, Birinci Qarabağ müharibəsi kimi təcavüzkar müharibənin gizlədilməsi mümkünsüzdür. Bunun konkret məhkəmə sənədləri ilə təsbit olunması prosesi istər-istəməz məhkəmənin gedişatında təmin olunur. Söhbət indiki mərhələdə 15 şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 20-dən artıq ağır və xüsusilə ağır maddələri ilə mühakimə olunmasından gedir. Yəni burda çoxsaylı epizodlar var. Biz o proseslərin gedişatı ilə maraqlananda görürük ki, nə qədər zərərçəkmiş insan var. Söhbət yarım milyona yaxın zərərçəkmiş şəxsdən gedir. Burda təkcə onlar deyil, onların nümayəndələri, hüquqi varisləri də var. Kifayət qədər ciddi səs-küylü keçən, əsrin məhkəməsi hesab edilə biləcək məhkəmə prosesidir. Burda bir və neçə şəxsə qarşı deyil, bir topluma, bir xalqa, bir dövlətə, bir sivlizasiyaya qarşı törədilən cinayətlərdən söhbət gedir ki, azərbaycanlılar bundan çox böyük ağrı-acılar çəkib. Cinayət Prosessual qanunvericiliyimizə görə, prosesin məhkəmə istintaqı mərhələsi artıq bitib, növbəti mərhələ başlayır, bu mərhələdə artıq dövlət ittihamçıları, yəni prokurorlar dövlət ittihamına uyğun şəkildə ittihamı irəli sürəcəklər. Dövlət ittihamçıları çıxışlarında həmin o şəxslərə münasibətdə həm ibtiadi istintaq, həm də məhkəmə istintaqı mərhələsində istintaqı aparılmış o cinayətlətlə bağlı ittiham səsləndirəcəklər. Növbəti mərhələlərdə müdafiəçilərin və ittiham edilən şəxslərin çıxışları olacaq. Yekunda isə hakimlər müşavirə otağına gedərək onlara tətbiq edəcəkləri cəzanın yekun hissəsinin elan olunmasını həyata keçirəcəklər. Hesab edirəm ki, bizim qan yaddaşımıza yazılmış bu məsələ ilə bağlı məhkəmə sənədində əks olunan məqamların xalqımıza çatdırılması da vacibdir. Xalqımız o məsələlərin baş verməsi ilə bağlı detalları bilir, o detallar heç vaxt yaddan çıxmayacaq”.
X.Bəşirov qeyd etdi ki, Ermənistanın təcavüzü nəticəsində yalnız Azərbaycana, xalqımıza deyil, bütün regiona və region xalqlarına zərbə vurulub. “Bizim bölgədə etimad mühitinin belə gec bərpa edilməsinin səbəbi Ermənistanın törətdiyi ağır cinayətdir. Onlar elə bir nifaq, elə bir uçurum yaradıblar ki, onları aradan qaldırmaq üçün Azərbaycan dövləti əlindən gələni edir. Amma hələ də bu problemi aradan qaldırmaq olmur. Hesab edirəm ki, məhkəmə sənədində təsbit olunan məqamlar ictimaiyyət arasında yayılacaqsa ictimaiyyətimiz o cinayətlərin hansı formada, kimlər tərəfindən törədildiyini, Ermənistanın arxasında hansı dövlətlərin durduğunu, nə kimi dəstək verdiyini və sairi tam şəkildə öyrənə biləcəklər. Ermənistana bu cinayəti törətməkdə bütün istiqamətdə dəstək verən qüvvələr haqda da ətraflı məlumat əldə ediləcək...Məhkəmədə iştirak edən və ətraflarında olanların bu sənəd barədə məlumatı olacaq. Amma gələcək nəsillərə yol göstərilməsi baxımından bu məhkəmə sənədinin qanunamüvafiq şəkildə yayılması çox yaxşı addım olardı. Həqiqətən də həm Ermənistan, həm də Azərbaycan cəmiyyətinin gələcək nəsillərinə bu düşmənçiliyin heç bir fayda verməyəcəyinin bilinməsi üçün bu sənədin yayılması vacibdir. Xüsusən də bundan erməni cəmiyyətinin gələcək nəsilləri dərs almalıdır ki, nifaqı, düşmənçiliyi davam etdirmək olmaz. Yekun proses bitdikdən sonra, təbii ki, gizlilik də qorunmalıdır. Çünki bu cinayəti törədənlərin bir qismi hələ də azadlıqdadır”.
X.Bəşirov qeyd etdi ki, gələcəkdə o şəxslərin gizlənməməsi, onların aşkarlanıb məsuliyyətə cəlb edilməsi üçün məhkəmə sənədində elə məqamlar ola bilər ki, onları yaymamaq lazımdır, onlar gizli qalmalıdır”-deyə X.Bəşirov qeyd etdi.
X.Bəşirov hesab edir ki, məhkəmənin yekun aktında Ermənistanın müharibə cinayətləri ətraflı şəkildə öz əksini tapacaq.
Əli TURABOV