AZ

Erməni deputatlar Tiflislə İrəvanın arasını vurdular... Tiflis qurumdan çıxmaq qərarı verdi...


Məlum olduğu kimi, ötən ayın sonunda “Avronest” Parlament Assambleyası Gürcüstandakı vəziyyətlə bağlı qətnamə dərc edib. Məsələ ilə bağlı Ermənistanın qurumdakı təmsilçilərinin mövqeyi Gürcüstanda ciddi narazılıq yaradb.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycan “Avronest” Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar iclasında iştirakdan imtina edib. Bu qurumun ölkəmziə qarşı qərəzli mövqeyindən qaynaqlanıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin nümayəndə heyəti “Avronest” Parlament Assambleyasının iclasında iştirakdan imtina edib. Bununla belə, sessiyanın yekunları üzrə Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edilib və bu qətnamədə Parlament Assambleyası “Gürcü arzusu” rejiminin Gürcüstanın demokratik təsisatlarına sistemli hücumunu, həmçinin “26 oktyabr 2024-cü il saxtalaşdırılmış parlament seçkilərini” pisləyir və buna görə də “Gürcü arzusu” partiyasının səlahiyyətlərini tanımır. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, Avropa Parlamenti “Avronest” platformasını qonşu ölkələri şantaj etmək və öz siyasi gündəmini tətbiq etmək üçün alətə çevirib və buna görə də Gürcüstan təşkilatın gələcək sessiyalarında iştirak etməyəcək: “Aydındır ki, Avropa Parlamenti “Avronest” platformasını qonşu ölkələri şantaj etmək və öz dar siyasi gündəmini zorla tətbiq etmək üçün alətə çevirib. “Avronest”in gürcü əhalisinin iradəsinə məhəl qoymaması və beləliklə, təsisçi mandatından kənara çıxaraq üzv dövlətin seçkilərini və demokratik təsisatlarını öz mülahizəsinə uyğun olaraq ləğv etməsi Gürcüstan hakimiyyəti üçün qəti şəkildə qəbuledilməzdir. Avropa Parlamentində bu qüvvələrin düşmənçilik və dar çərçivədə siyasi yanaşmalarını nəzərə alaraq, Gürcüstanın daimi parlament nümayəndə heyəti “Avronest”in sonrakı sessiyalarında iştirak etməyəcək”. Onun sözlərinə görə, Gürcüstan “Avronest” çərçivəsində işə ancaq o halda qayıdacaq ki, Avropa Parlamenti konstruktiv dialoq üçün müvafiq şərait yaratsın. O, bir daha Avropa Parlamentini dar siyasi gündəmdən əl çəkməyə və qaydalara əsaslanan beynəlxalq nizama hörmətlə yanaşmağa çağırıb: “Onun indiki antidemokratik yanaşmaları “Avronest” Parlament Assambleyasının özünütəcrid və marginallaşmasına aparan birbaşa yoldur”. Xatırladaq ki, “Avronest” Parlament Assambleyasının qətnaməsində son hadisələrin “Gürcüstanda demokratiyanın geri çəkildiyini nümayiş etdirdiyi” qeyd edilir və parlament seçkiləri “saxtakar” adlandırılır.

Bundan başqa, qətnamədə deyilir ki, demokratik geri çəkilmə həm hökumətin 2024-cü il noyabrın 28-də Aİ-yə üzvlük danışıqlarını təxirə salması, həm də bütün potensial hökumətin, xüsusən də vətəndaş cəmiyyətinin, müstəqil media nümayəndələrinin, media nümayəndələrinin səsini boğmağa yönəlmiş bir sıra antidemokratik qanunvericilik aktlarının qəbulu ilə bağlı açıqlaması ilə sübut olunur. Qətnamədə vurğulanır ki, Şərq Tərəfdaşlığı siyasəti Aİ-yə üzvlük danışıqlarının hər hansı dayandırılmasına və ya təxirə salınmasına baxmayaraq, demokratik hesabatlılığı və nəzarəti dəstəkləmək üçün hökumət və vətəndaş cəmiyyətinin davamlı iştirakı üçün çərçivə təmin etməyə davam edir. “Avronest” həmçinin Gürcüstan hakimiyyətini “qanunsuz həbs edilənləri dərhal azad etməyə çağırır və hakim “Gürcü arzusu” partiyasının avrointeqrasiya yolundan imtina etməsindən dərin təəssüf hissi keçirir”. Qətnamədə qeyd olunub ki, “antidemokratik qanunların qəbulu faktiki olaraq Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesini dayandırıb”. “Avronest” PA Avropa Komissiyasını və Şurasını “Gürcüstanın avtoritar tənəzzülünə cavabdeh olan” hədəf qruplar üçün Gürcüstanın vizasız gediş-gəliş statusunu dayandırmaq məqsədi ilə nəzərdən keçirməyə və Aİ rəhbərliyini “Gürcüstanda davam edən demokratik nizamın dağıdılmasına dərhal Aİ-nin güclü və aydın reaksiyasını həyata keçirməyə” çağırır. Maraqlıdır ki, bu sənədin lehinə Ermənistanın bəzi təmsilçiləri də səs verib. Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosaninin sözlərinə görə, “Avronest”in qətnaməsi hər bir mahiyyətdən məhrumdur: “Təəssüf ki, erməni deputatlar var idi ki, onlar mahiyyət etibarı ilə öz baş nazirinə etimadsızlıq nümayiş etdirdilər, çünki Ermənistanın baş naziri müxtəlif hallarda rəsmi olaraq Gürcüstana səfər edib və xalq tərəfindən seçilmiş hökumətlə görüşüb. Gürcüstan hökumətinin qeyri-legitimliyindən bəhs edən qətnaməni dəstəkləməklə, onlar öz baş nazirlərinin etibarsızlığını ifadə edirlər. Məzmundan məhrum olan və Gürcüstanın ziyanına daha bir kərpic atmaq məqsədi daşıyan bu qətnamənin nə qədər mənasız olduğunu açıq şəkildə nümayiş etdirmək lazımdır”. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, “Avronest” platforması Gürcüstana ölkənin inkişaf istiqamətini diktə edə bilməz. Nazirin sözlərinə görə, “Avronest” müəllimlər birliyi deyil və qonşu ölkələrə daxili siyasət aparmaq qaydalarını öyrətmək üçün yaradılmayıb. Boçorişvili qeyd edib ki, əvvəlcə əməkdaşlıq məqsədi ilə yaradılan bu platforma artıq öz aktuallığını itirib və Gürcüstanın maraqlarına cavab vermir.

Nahid SALAYEV

Seçilən
18
baki-xeber.com

1Mənbələr