AZ

Tiflis Avropa İttifaqına üsyan bayrağı açdı: “Gürcüstan sizə təslim olmayacaq”

Gürcüstanla Avropa İttifaqı arasında gərginlik yenidən alovlanıb.

Musavat.com xəbər verir ki, rəsmi Tiflis Brüsselin təzyiqlərinə qarşı açıq şəkildə mövqe nümayiş etdirib.

Gürcüstan parlamentinin sədri bəyan edib ki, “Brüsseldəki kabinetdən baxıldığında görünən Gürcüstan” reallığı əks etdirmir:

“Bu, Brüsseldəki kabinetdən baxıldığında görünən Gürcüstandır və onun real Tiflislə heç bir əlaqəsi yoxdur. Onlara Tiflisi şantaj etmək və təzyiq göstərmək mümkün olmayacaq. Biz təslim olmayacağıq. Tiflis Avropa İttifaqına üzvlüyə hazırlaşmağa davam edəcək. Avropa İttifaqı isə Avropa dəyərlərinin bərpası üçün bir məkan olmalıdır. Tiflisin fikrincə, Brüssel aydın şəkildə bu dəyərlərdən uzaqlaşır, dialoqdan qaçır və münasibətlərdə təkəbbürlü ton seçir”.

Musavat.com xatırladır ki, son iki il ərzində Gürcüstan qərarverici institutlarını Qərb təsisatlarının təsirindən uzaqlaşdırmağa çalışır. Tiflisin bu siyasəti, ölkənin daxili sabitliyini və milli müstəqilliyini qorumaq məqsədi daşıyır.
Bir vaxtlar Qərb paytaxtları ilə sıx inteqrasiya kursu aparan Gürcüstan indi öz siyasi modelini “suveren Avropa seçimi” kimi təqdim edir.

Ən diqqətçəkən nüanslardan biri Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin Fransa vətəndaşı olması faktıdır. Tiflis hakimiyyəti uzun müddət bu vəziyyəti Qərb təsirinin simvolu kimi görürdü. Lakin son dövrdə Gürcüstan rəhbərliyi ölkənin xarici və daxili siyasət kursunda real müstəqillik xəttini ön plana çıxarıb.

Brüsselin və Vaşinqtonun son aylarda Tiflisə yönəltdiyi tənqidlər və sanksiya təhdidləri artıq Gürcüstan cəmiyyətində Qərbə qarşı antipatiyanı artırıb. Rəsmi dairələr açıq şəkildə bəyan edirlər ki, “Gürcüstanın müstəqilliyi nə Qərbdən, nə də Şərqdən asılı olmayacaq”.

Hazırkı siyasi reallıqda Gürcüstan Avropa İttifaqı ilə əlaqələri qorumağa çalışsa da, artıq Brüsselin diktəsinə tabe olmayan, öz milli maraqları üzərində dayanan siyasət yürüdür. Bu mövqe xüsusilə “xarici təsir agentləri haqqında qanun” layihəsi ətrafında Qərb institutlarının təzyiqləri fonunda daha aydın görünür.

Gürcü siyasətçilərin fikrincə, Avropa İttifaqı ölkəni yalnız geosiyasi vasitə kimi görür, lakin onun daxili problemlərinə və sosial-siyasi sabitliyinə real dəstək göstərmir.
Tiflis bu münasibəti “ikili standart” və “müstəmləkəçi yanaşma” kimi dəyərləndirir.

“Biz Avropanı düşmən görmürük, amma artıq anlayırıq ki, Avropa dəyərləri Brüsseldə təkəbbür və diktə forması alıb. Gürcüstan öz yolunu seçib və bu yol müstəqillik yoludur,” – deyə parlament sədri əlavə edib.

Hazırkı mərhələdə Gürcüstanın mövqeyi beynəlxalq münasibətlərdə balanslı və suverenlik prinsiplərinə söykənən bir xətt kimi dəyərləndirilir.
Tiflis Qərbin siyasi şantajlarına qarşı dayanmaqla, öz dövlətçiliyini və qərarvermə azadlığını qorumaq uğrunda legitim mübarizə aparır.
Avropa İttifaqının isə bu reallığı qəbul edib, Gürcüstanla münasibətlərdə bərabərhüquqlu dialoqa qayıtması tələb olunur.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr