"Bakı Metropolitenində NFC, “Apple Pay” və “Google Pay” ilə ödənişlərin tətbiqi ölkəmizdə ictimai nəqliyyatda rəqəmsal transformasiyanın mühüm mərhələsidir. Bu sistemin uğurlu və etibarlı fəaliyyəti üçün əsas məsələ təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasıdır".
Bu fikirləri Redaktor.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov Bakı metrosunda NFC, “Apple Pay” və “Google Pay” ilə ödəniş zamanı təhlükəsizliyin necə həyata keçirilməli olduğundan danışarkən bildirdi.
Onun sözlərinə görə, ödəniş infrastrukturunda beynəlxalq EMV və PCI-DSS standartlarına, eləcə də tokenizasiya və end-to-end şifrələmə mexanizmlərinə əsaslanmaq vacibdir:

"Bununla yanaşı, real vaxt rejimində əməliyyat monitorinqi, offline işləmə zamanı risk nəzarəti, məlumatların qorunması və müntəzəm kiberauditlər sistemi daim izlənməlidir. İstifadəçi məlumatları Metropoliten tərəfindən saxlanmamalı, yalnız bank sistemləri çərçivəsində emal olunmalıdır. Ümumilikdə, bu layihə təkcə rahat ödəniş imkanı deyil, həm də rəqəmsal etimadın formalaşması baxımından əhəmiyyətlidir və düzgün tənzimləmə mexanizmləri ilə ölkəmizdə ictimai nəqliyyatın tam rəqəmsallaşmasına mühüm töhfə verə bilər".
Aytəkin TOFİQQIZI