AZ

Mingəçevirdə dəhşət: Oğul atasını döyərək öldürdü TƏFƏRRÜAT

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Mingəçevir şəhərində 1992-ci il təvəllüdlü Vüsal Nəbiyev ailə münaqişəsi zəminində atasını öldürüb. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, o, yaşadığı Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən fərdi yaşayış evinin darvazasını, giriş qapısını və digər ev əşyalarını satdığına görə doğma atası ilə əvvəllər mütəmadi olaraq mübahisə edib. Hər dəfəsində atasına qarşı fiziki zor tətbiq edərək onu döyməsinə baxmayaraq mərhum oğlundan bununla bağlı şikayətçi olmayıb. Törətdiyi hadisələrə görə məsuliyyətə cəlb olunmayacağını düşünən Vüsal 2024-cü ilin oktyabrın 11-də, saat 18:00-da Mingəçevir şəhər ərazisində spirtli içki qəbul edib və həmin gün təxminən saat 18:35-dən 22:00-a qədər olan vaxt aralığında sərxoş vəziyyətdə yaşadığı evə gəlib. Qatil oğul evin qarşısında oturan atasının spirtli içki qəbul etməsini və ayrı-ayrı şəxslərdən pul diləndiyini bəhanə edib, heç bir əsaslı səbəb olmadan qolundan tutub və sürüyərək yaşadığı otağa aparıb. Orada atasını döyə-döyə öldürüb. Hadisəni törədən V. Nəbiyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü içkili vəziyyətdə olub və özündə olmayıb: “Törətdiyim əməldən çox peşmanam. Evə gələn vaxt atam mənə nalayiq ifadələr işlətdi. Bundan sonra məlum hadisə baş verdi”.Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, hadisədən əvvəl atası ona söyüş söyüb və daş ataraq evin pəncərəsini qırıb: “Bundan sonra məlum hadisə baş verdi. Atamın nəyə görə məni söydüyünü bilmirəm. Atam çöldə- qapılarımızın yanında dilənirdi. Atam da mütəmadi olaraq spirtli içki qəbul edib. Atam əlini açaraq dilənməyib, ancaq qapının yanından keçən adamlardan pul alıb. Atamın gündəlik ehtiyaclarını qarşılamasam da, balıqdan gələndə ona pul vermişəm. Yəni, atama gücüm çatan qədər kömək etmişəm. Evə girmişəm və atamdan niyə diləndiyini soruşmuşəm. Elə bu vaxt atam mənə söydü və pəncərəyə daş atdı. Daha sonra aramızda mübahisə yarandı. Bundan sonra atamı  əlim ilə vurmağa başladım. Sonrasında onu dizim ilə sıxdım. Atama neçə zərbə vurduğumu xatırlamıram. Onun bədən nahiyyəsinə zərbələr vurmuşan. Atamın baş nahiyyəsinə vurduğumu xatırlamıram. Atamı evin içində vurmuşam. Davadan sonra atam sağ-salamat olub”. Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra atasını  evdə qoyub və dənizə balığa gedib: “Sonra zəng gəldi ki, atamın vəziyyəti ağırdır və onu xəstəxanaya aparıblar. Atamı vurandan sonra evdən çıxaraq spirtli içki qəbul etmişəm. Atamı vurandan sonra çayçıya gedərək pivə içmişəm. Atam daima yanımızda olun və o, bizi böyüdüb. Ancaq onu qeyd edirəm ki, özüm işləyib, özümə baxmışam. Atamın qabırğa hissəsinə əlim ilə vurmuşam və daha sonra dizim ilə sıxmışam. Atamı dizim ilə neçə dəqiqə sıxdığım yadımda qalmayıb. Mən evdən çıxan zaman atamın vəziyyəti normal olub. Atam ilə ayda bir dəfə mübahisələrimiz olub. Hər dəfə mübahisə olan vaxt onu ı vurmurdum. Özümdə olmadığım üçün atamı  vurmuşam. Atamı vuran vaxt mənə nə dediyi yadımda qalmayıb. Qardaşım ilə münasibətim pisdir və mənimlə barışmayıb. Hadisə baş verməzdən əvvəl də qardaşım ilə danışmamışam. Nə anam ilə, nə də qardaşlarım ilə danışmamışam. Heç biri ilə münasibətim yoxdur. Ancaq atam qardaşlarım və anam ilə danışırdı, arada qardaşımgilə gedərək qalırdı. Sonra isə evə gələrək qardaşımgilə söyürdü”.İş üzrə zərərçəkmiş Heydar Nəbiyevin hüquqi varisi, oğlunun sözlərinə görə, Nurəddin və Vüsal adlı iki qardaşı var: “Vüsal ailənin kiçik övladı olub. Anam Fatma təxminən 2 ildir ki, atamla Vüsalın birgə yaşadığı evi tərk edib. Ailə səadətlərimiz məhz kiçik qardaşım tərəfindən dağıdılıb. O, dəfələrlə ailə üzvlərimi, anam Fatmanı döyüb.

Onları da həmin yaşadığımız ata evindən qovub. Vüsal yaşadığımız fərdi yaşayış evinin qapılarını, dəmir qəfəsliyi, əşyalarının hamısını satıb. Buna görə də atam ilə onun arasında həmişə mübahisələr baş verib və hər dəfəsində Vüsal mütəmadi olaraq atamı döyüb. Dəfələrlə atama Vüsal barəsində hüquq-mühafizə orqanlarına müraciət etməli olduğunu bildirsəm də, sözlərimə məhəl qoymayıb. Ümumilikdə təqsirləndirilən şəxslə heç kəsin münasibəti normal olmayıb”.Hüquqi varis qeyd edib ki, oktyabrın 12-də, saat 13:00-da Yevlax rayonuna getdiyi zaman əmisi Sərvər ona zəng edib və qardaşı Vüsalın atasını yenə də döydüyünü, atasının vəziyyətinin pis olduğunu bildirib: “Belə olan halda Mingəçevir şəhərinə qayıtdım və atamgilin yaşadıqları ünvana getdim. Orada atamın öldüyünü öyrəndim. Atam qardaşımla birlikdə yaşayıb. Atam  mülayim bir şəxs olub. Atam spirtli içkinin aludəçisi olub. Lakin heç kəslə mübahisə etməyib. Qardaşım isə tüfeyli həyat tərzi sürən şəxsdir. Qonşuluqda, qohumçuluqda hər hansı şəxslə münasibəti olmayıb. Əvvələr törətdiyi oğurluq cinayətinə görə məhkum olunub. Atamı dəfələrlə döyməsinə baxmayaraq, onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquq-mühafizə orqanlarına müraciət etmələrinə icazə verməyib. Təqsirləndirilən şəxs yaşadıqları fərdi yaşayış evinin bütün avadanlıqlarını satıb, atamı müflis vəziyyətə salıb”. O, daha sonra ifadəsində göstərib ki, həmçinin, təqsirləndirilən şəxs özündən yaşlı olan Firuzə adlı qadınla sevgi münasibəti saxlayıb: “Atam da onun bu hərəkətlərinə fikir bildirdiyi zaman aralarında mübahisə yaranıb və atamı mütəmadi olaraq döyüb. Birbaşa baş vermiş hadisənin şahidi olmasam da, hadisənin şahidi qonşuları olub. Atam mütəmadi olaraq qardaşım tərəfindən fiziki zora məruz qalıb. Elə atamın da ölümünə səbəb qardaşım tərəfindən döyülməsi olub”. Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə V. Nəbiyev 10 il 1 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
demokrat.az

1Mənbələr