AZ

İrəvanın mərkəzində gur bəyanat - Zəngəzur dəhlizi bizə də lazımdır...


Siyasi mənada Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb, lakin sosial-psixoloji baxımdan o davam edir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan illik “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu” adlı beynəlxalq forumda çıxışı zamanı bildirib.

O qeyd edib ki, iki ölkə arasında artıq sülh qurulub, lakin əsas çətinlik indi diplomatiyada deyil, yeni reallığı dərk etməkdədir: “Mən sülhdən danışanda bu, çoxlarına qəribə və hətta yad görünür. Sülh - Ermənistan və Azərbaycan üçün tanış olmayan anlayış və yeni mühitdir”.

Bundan əlavə, Paşinyan qeyd edib ki, ermənilərin Qarabağa qayıtması mövzusu təhlükəlidir: “Çünki bu, münaqişənin ilkin parametrlərinə qayıdış deməkdir”. Paşinyanın açıqalmalarında diqqət çəkən daha bir məqam odur ki, o, dolayısı yolla olsa da, Ermənistanın Zəngəzur dəhlizinə böyük ehtiyac duyduğunu bəyan edib. Öncə o qeyd edib ki, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə edilən razılaşmalar təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün yeni perspektivlər yaradır: “Bir çoxları iddia edir ki, bu proseslər Aİİ-nin maraqlarına ziddir. Amma fakt odur ki, bu razılaşmalardan əvvəl Avrasiya İttifaqının iki ölkəsi arasında mümkün olmayan şeylər Vaşinqton razılaşmalarından sonra mümkün oldu. Bu, razılaşmaların verdiyi üstünlüklərin əyani nümunəsidir”. Onun sözlərinə görə, oxşar imkanlar Özbəkistan üçün də yarana bilər. Paşinyan qeyd edib ki, Ermənistan Mərkəzi Asiya ölkələri ilə həm siyasi, həm də iqtisadi əlaqələrin dərinləşdirilməsinə çalışır, lakin bu yolda logistik çətinliklər qalmaqdadır: “Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi bu problemlərin həllinə kömək edir. Bu, Ermənistan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə aparan yoldur, bu, bir faktdır”. Paşinyan xatırladıb ki, Ermənistan artıq Marqara - Xndzoresk marşrutu üzrə Türkiyə və Azərbaycan arasında avtomobil daşımaları üçün imkan yaratmağa hazır olduğunu bildirib. Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan da həmin tədbirdə qeyd edib ki, sülhün alternativi yoxdur, bu, təkcə dayanıqlı inkişafın məqsədi yox, həm də ilkin şərtidir. O hesab edir ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması dönüş nöqtəsi olub, davamlı sülh və qarşılıqlı etimadın yeni səhifəsinin açılması üçün real əsaslar yaradıb: “Məmnuniyyətlə söyləyə bilərəm ki, sülh prosesi təkcə ideoloji xarakter daşımır, həm də artıq əməli nəticələr əldə etməkdədir. Bu gün Azərbaycan və Türkiyədən vətəndaş cəmiyyəti və media nümayəndələrinin bu platforma çərçivəsində burada olması öz sözünü deyir”. Arutyunyanın fikrincə, regionda yolların açılması, sülhün bərqərar olması və tərəflər arasında yaranmış tarixi imkanın tam şəkildə reallaşdırılması regionda sabitlik və sülhü təmin etməklə yanaşı, xalqlararası əlaqələrin inkişafına təkan verəcək, ölkələrin iqtisadi artımı və investisiya mühitinə müsbət təsir göstərəcək: “Əminik ki, sülh və açıq ünsiyyət Cənubi Qafqazı bazarları, mədəniyyətləri və xalqları birləşdirən qlobal körpüyə çevirə bilər”.

Qeyd edək ki, forum avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması kontekstində Cənubi Qafqazda yeni yaranmış vəziyyətin müzakirəsinə həsr olunub. Azərbaycan nümayəndə heyəti də tədbirdə çıxış edib. Azərbaycanlı ekspert, Karneci Berlin Mərkəzinin elmi işçisi Zaur Şiriyev həmin tədbirdən sonra media üçün açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı maraqlı fikirlər səsləndirib: “Azərbaycan ümid edir ki, ABŞ ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz keçidin təşkilinə yardım göstərmək məsuliyyətini öz üzərinə götürəcək.Jurnalistlərin Bakıda “maneəsiz keçid” ifadəsinin necə başa düşüldüyü barədə sualına cavab verən Şiriyev qeyd edib ki, konkret təfərrüatlar əməli mərhələdə aydın olacaq: “Hələlik bunun tam olaraq nə demək olduğunu irəlidən söyləmək mümkün deyil, proses həyata keçirilərkən bəlli olacaq”. Zaur Şiriyev əlavə edib ki, Zəngəzur dəhlizi termini Azərbaycanda mənfi məna daşımır - Ermənistanda formalaşmış təsəvvürün əksinə olaraq. Onun sözlərinə görə, söhbət təkcə TRIPP marşrutundan deyil, bütövlükdə regionda genişmiqyaslı nəqliyyat əlaqələrindən gedir: “Zəngəzur dəhlizi daha geniş anlayışdır və TRIPP-ə aid deyil. Ermənistandan fərqli olaraq, onun bizdə mənfi mənası yoxdur. Dəhliz termini dedikdə, Ermənistanda başqa cür, Azərbaycanda isə başqa cür qəbul edilir”. O həmçinin qeyd edib ki, keçidin formatı və mexanizmləri müəyyən edilərkən avqustun 8-də imzalanmış Vaşinqton bəyannaməsi nəzərə alınmalıdır: “Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır - keçidin rəvan və sürətli olması. Vacibdir ki, 40 ilə yaxındır davam edən münaqişə nəticəsində əziyyət çəkən naxçıvanlılar buradan fayda görsünlər. Onlar da iki ölkə arasında sülhün bəhrəsini görməyə layiqdirlər”. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun açıqlamaları isə təsdq edir ki, Zəngəzur dəhlizi çox qısa müddətdə açıla bilər: “Ermənistandan keçən yolun uzunluğu 44 kilometrdir. Rusiyanın dəmir yolu tikintisi üzrə mütəxəssisləri həmin məsafəni piyada qət ediblər. Dəmir yolu tunelləri dağıdılmadığı üçün bərpa işlərini təxminən iki ilə tamamlamaq mümkündür. Sadəcə, dəmir yolu kompleksinin yenilənməsi lazımdır”. Diplomat qeyd edib ki, yolun kim tərəfindən və hansı üsulla bərpa olunması o qədər də önəmli deyil. Əsas məqsəd onun tezliklə istifadəyə verilməsi olmalıdır: “Bu yol təkcə Azərbaycan və Ermənistan arasında münasibətləri möhkəmləndirməyəcək, həm də regionda iqtisadi əlaqələrin inkişafına təkan verəcək”.

Samirə SƏFƏROVA

Seçilən
38
baki-xeber.com

1Mənbələr